Dünya
196
21:50, Bu gün

"Müasir uşaqların üzləşdiyi üç böyük problem" - Mütəxəssis rəyi

"Stres, piylənmə və qadcet asılılığı uşaqların fiziki və psixoloji sağlamlığı üçün getdikcə daha ciddi təhlükəyə çevrilir..."

Son illərdə uşaqlar və yeniyetmələr arasında psixoloji gərginlik, qidalanma pozuntuları və rəqəmsal asılılıq halları nəzərəçarpacaq dərəcədə artıb. 

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Stres və təşviş artıq gündəlik problemdir

İsrailin "Viva" Tibb Mərkəzinin şöbə müdiri, pediatr İrina Ayzenberqin fikrincə, bu problemlər təkcə uşaqların deyil, bütövlükdə ailələrin həyat keyfiyyətinə təsir göstərir və vaxtında müdaxilə edilmədikdə uzunmüddətli nəticələrə səbəb ola bilər.

Onun fikrincə, uşaqlar böyüklər kimi hisslərini sözlə ifadə edə bilmədikləri üçün stress çox vaxt davranışlarında özünü göstərir. Kiçik yaşlı uşaqlarda yuxu pozuntuları, iştahanın azalması, əvvəlki inkişaf mərhələlərinə qayıtma kimi əlamətlər müşahidə oluna bilər.

Yeniyetmələrdə isə vəziyyət fərqli görünür. Dərs göstəricilərinin qəfil pisləşməsi, ünsiyyətdən uzaqlaşma, aqressiya, həddindən artıq yemək və ya yeməkdən imtina kimi hallar daxili gərginliyin əlaməti ola bilər. Pediatr qeyd edir ki, valideynlər bu dəyişiklikləri sadəcə "şıltaqlıq" kimi qiymətləndirməməlidirlər.

Uşağın məktəbə getmək istəməməsi, tək qalmaqdan qorxması, gecələr tez-tez oyanması və ya valideynlərin yanında yatmağa çalışması da təşvişin göstəricisi sayıla bilər. O, hesab edir ki, valideynlər övladlarında izah edə bilmədikləri dəyişiklik hiss edirlərsə, bunu diqqətdən kənarda qoymamalıdırlar.

Uşaq piylənməsi sürətlə yayılır

Pediatr uşaq piylənməsini müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biri hesab edirlər. Artıq çəki təkcə qidalanma vərdişləri ilə deyil, emosional və psixoloji problemlərlə də əlaqəli ola bilər. Problemin həlli üçün çox vaxt bütün ailənin həyat tərzini dəyişməsi lazım gəlir. 

Sağlam qidalanma, müntəzəm yuxu rejimi və balanslaşdırılmış rasion əsas şərtlər hesab olunur. Onun fikrincə, uşaqların fiziki aktivliyi xüsusilə vacibdir. Həftədə ən azı iki-üç dəfə idmanla məşğul olmaq həm artıq çəkinin qarşısını almağa, həm də psixoloji gərginliyi azaltmağa kömək edir.

Qadcetlər uşağın bütün dünyasını əvəz edə bilər

Mütəxəssisin diqqət çəkdiyi digər böyük problem qadcet asılılığıdır. Onun sözlərinə görə, telefon və planşetlər yalnız görmə qabiliyyətinə deyil, uşağın davranışına, yuxusuna və sosial inkişafına da təsir göstərir.

Müasir tətbiqlər və oyunlar istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün hazırlanıb. Bu səbəbdən uşaqlar getdikcə daha çox vaxtlarını ekran qarşısında keçirir, canlı ünsiyyətdən və fiziki fəaliyyətdən uzaqlaşırlar. Nəticədə yuxu pozulur, aqressiya artır, iştaha dəyişir və sosial bacarıqlar zəifləyir.

Ekspert hesab edir ki, valideynlər sadəcə telefonu əlindən almaqla problemi həll edə bilməzlər. Qadcetə qoyulan məhdudiyyət mütləq alternativ fəaliyyətlərlə - oyun, kitab oxuma, gəzinti və birgə vaxt keçirmə ilə müşayiət olunmalıdır.

Mütəxəssisin qənaətinə görə, uşaqlar üçün ən vacib amil valideynlərin diqqəti və dəstəyidir. Çətin dövrlərdə uşağın yanında olmaq, onu dinləmək və təhlükəsizlik hissi yaratmaq həm stressin, həm də digər problemlərin qarşısını almaqda həlledici rol oynayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər