İlin dörd ayında Azərbaycan Avropaya 16,7 milyard kubmetr qaz nəql edib
İqtisadiyyat
155
14:59, Bu gün

İlin dörd ayında Azərbaycan Avropaya 16,7 milyard kubmetr qaz nəql edib

"Bu gün Azərbaycanın strateji əhəmiyyəti artıq təkcə istehsal etdiyi enerji həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə effektiv şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur".
 
Moderator.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
 
O qeyd edib ki, Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir:
 
"Ölkənin təbii qaz tədarük etdiyi ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəni boru kəmərləri ilə qaz ixracının coğrafi əhatə dairəsinə görə dünya liderləri sırasına daxil edir.
 
Ötən il Azərbaycan Avropa İttifaqının boru kəmərləri ilə qaz idxalının 8,1%-ni təmin edib. Son bir il ərzində və cari ilin ilk dörd ayında Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib.
 
Azərbaycan üçün premium bazar hesab olunan Avropada bərpa olunan enerji istehsalının artmasına baxmayaraq, ötən il Avropa İttifaqında qazla elektrik enerjisi istehsalı 8% yüksəlib. LNG-dən asılılığın artması və 2026–2030-cu illərdə təxminən 120 milyard kubmetrlik LNG çatışmazlığı riskinin yaranması uzunmüddətli müqavilələr və boru kəmərləri ilə qaz tədarükü siyasəti barədə yanaşmalarımızın aktuallığını daha da artırır".
 
Nazir əlavə edib ki, analitik qiymətləndirmələrə görə, gələn ildən qüvvəyə minəcək Avropa İttifaqının metan emissiyaları ilə bağlı tənzimləməsinin tələbləri səbəbindən 2027-ci ilədək dünya üzrə neftin 87%-i və beynəlxalq qaz tədarükünün 43%-i mövcud uyğunluq meyarlarına cavab verməyə bilər:
 
"Bu isə yeni təchizat şokları riskini artırır. Enerji keçidi sürətlənsə belə, nəqliyyat, sənaye və kimya sektoru kimi sahələrdə neft uzun müddət əvəzolunmaz enerji resursu olaraq qalacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər