FIBA ukraynalı basketbolçular Aleksandr Kolçenko və Sergey Priymakı danışılmış oyunlarda iştirak etdiklərinə görə ömürlük diskvalifikasiya edib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, FIBA-nın İntizam Komissiyası adıçəkilən oyunçuları matç nəticələrinin manipulyasiyası, basketbol qarşılaşmalarına mərc edilməsi və korrupsiya halları barədə məlumat verməməkdə təqsirli bilib.
Hər iki basketbolçuya ömürlük cəza tətbiq olunub.
Araşdırma zamanı oyunçuların 2024 və 2024/2025 mövsümlərində Filippinin "Nais Aces" və Sinqapurun "Adroit" klublarının oyunlarında nəticələrin manipulyasiyasında iştirak etdikləri müəyyənləşib.
İntizam Komissiyasının qərarına əsasən, hər iki basketbolçu FIBA-nın himayəsi altında keçirilən bütün yarış və tədbirlərdə oyunçu kimi iştirak etmək hüququndan ömürlük məhrum olunub. Bundan əlavə, onlara bu yarışlarda hər hansı digər vəzifəni icra etmək də qadağan edilib.
Qeyd olunub ki, tətbiq edilən sanksiyalar Ukrayna daxilində keçirilən, o cümlədən həvəskar yarışlara da şamil edilir.