“Space” Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızının işdən çıxarıldığı mətbuata məlumdur.
Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb. Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib.
“Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib. Moderator.az olaraq mövzunu işıqlandırmaq istədik. İşdən çıxarılan Günel Şahmalıqızı ilə əlaqə saxladıq. O əvvəlcə bu mövzu haqda danışmaq istəmədiyini bildirsə də, uzun təkidlərdən sonra bir neçə sualımıza cavab almağa müvəffəq olduq.
Moderator.az-a açıqlama verən aparıcı işdən çıxarılmasının onun üçün əsl sürpriz olduğunu bildirib:
“Bu həqiqətən də mənim üçün əsl sürpriz oldu. Böyük həvəslə efirə hazırlaşırdım, dedilər ki, efirə çıxma. Səssiz-sədasız efirdən uzaqlaşdırıldım. Səbəbini bilmirəm. Soruşanda dedilər ki, maliyyə problemidir. Təbii ki, bu maliyyə problemi deyildi. Mən onlara himayəmdə yataq xəstəsi anamın olduğunu dedim və möhlət istədim. Gördüm ki, başa düşmürlər. Məcburiyyət qarşısında qalıb şəhid qızı olduğumu dedim. Nəriman müəllim bunu eşidən kimi dedi ki, nə olsun ki, şəhid qızısan?! Sən şəhid qızısan deyə səni işdən çıxarmayım?! Burada səndən başqa iki şəhid övladı var. Səndən də az maaş alıb, səndən də çox və ağır şəraitdə işləyirlər. Dedim ki, çox xahiş edirəm ki, burada da dayanın. Sizin üçün qırmız xətt yoxdursa başa düşürəm. Nəriman müəllimə dedim ki, heç olmasa icazə verin mən cənab prezidentə və Mehriban xanıma müraciət edim ki, işsizəm, məni işlə təmin etsinlər. Nəriman müəllim dedi ki, get kimə istəyirsənsə müraciət et. “Kimə istəyirsən müraciət et” kəlməsindən sonra ona deyəcək bir söz tapmadım. Bu adam heç nədən çəkinmir. Məcburi-köçkün, şəhid, qazi ailələri kimi müəyyən təbəqələr var ki, bunlar dövlətin də qırmızı xəttidir və bu təbəqə insanlara müəyyən güzəştlər olunur. Mən demirəm ki, hansısa kobud səhvə yol verim və deyim ki, şəhid övladıyam. Əsla və qətiyyən belə bir şey ola bilməz. Məni tanıyanlar da bilir ki, heç vaxt və heç bir məsələdə atamın adından əsla istifadə etməmişəm. Sadəcə ən son istifadə edəcəyim bu oldu ki, bəlkə siz mənim ailə vəziyyətimi nəzərə alasız?! Axı mənim atam bu vətən uğrunda, vətən yolunda şəhid olub. Mənim atamın heç meyit qalıqları belə tapılmayıb. Bəlkə də onun cəsədi qurd-quşa yem olub (kövrəlir). İnsanların heç olmasa belə həssas dönəmini nəzərə almaq lazımdır. Mənim anam yataq xəstəsidir. İş vaxtı gedib anama baxıram, yeməyini-içməyini verirəm və yenidən işə qayıdıram. Bu sözümə qarşılıq olaraq icraçı direktor deyir ki, hamının evində bir problem var, təkcə sizin ananız yataq xəstəsi deyil ki. Sizin evdə probleminiz var deyə maliyyə böhranına görə sizi işdən çıxarmalı deyiləm?! Bilirəm ki, işdən çıxarılmağım maliyyə böhranı ilə əlaqədar deyil. Mən dövlət hesabına təhsil almışam, dövlət bu gün də atamıza görə bizə şəhid pulu verir. Onların ilk dəstək olacağı insan əslində mən olmalı idim, çox təəssüf ki, televiziyada qeyri-peşəkar, təsadüfi insanların olması bu sahəni uçuruma aparır” deyə Günel Şahmalıqızı bildirib.
Qeyd edək ki, Günelin atası Alıyev Şahmalı 1992-ci il mayın 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda da gedən döyüşlərdə şəhid olub. Onun meyit qalıqları hələ də tapılmayıb.