Şəxsən mən Fuad Rzayev də Moskva şəhərində Şipilovskiy küçəsi 36-da yerləşən “Moskoviski” restoranında Allahverdi Bağırovun anım mərasimini keçirdim. Bu yığıncağa Allahverdini sevənlər, onun bəzi döyüşçüləri, yaxınları, Moskva şəhərində yaşayan bütün azərbaycanlılar, qarabağlılar, ağdamlılar və digər rəsmi qonaqlar dəvət olunmuşdu.
Bu anım mərasiminin keçirilməsində göstərdiyim maddi və mənəvi dəstəyim Allahverdi Bağırova, ağdamlılara olan hörmət və sevgimdən irəli gəlir. Anım mərasimində döyüş dostları, Allahverdi sevənlər və mən o illərdən, o qanlı döyüşlərdən yadda qalan xatirələri paylaşaraq keçmiş günləri bir daha yad etdik. Çünki hər birimizin o çətin günlərdə zəhməti, missiyası vardı. Könül rahatlığı ilə qeyd etmək istəyirəm ki, biz o şərəfli yolun əsl təmsilçiləri olaraq bütün yardım və köməklikləri etmişik və bununla da qürur duyuruq. Bu gün anım mərasimini keçirmək də, gördüyüm işlərdən birinin ən bariz nümunəsidir. Bu mənim bu xalqa, bu millətə olan mənəvi borcumdan irəli gəlir. Bunun üçün fəxarət hissi keçirdirəm. Çünki Vətən susmaz nəğməmiz, ən ulu sözümüzdür. Dağları qürurumuz, meşələrimiz geniş, “ürəyi” böyük olan bir diyarda-Azərbaycan adlı məmləkətdə doğulmaq , yaşamaq , onu kiprik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı vətən övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı, ömür andıdır. Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini-obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzu olmalıdır. Əgər mən Fuad Furudun oğlu Rzayev bu Vətən üçün azda olsa nəsə etmişəmsə bu mənim vətənə, millətə , xalqa olan şərəf borcumdur. Çünki hər bir qeyrətli oğul üçün Vətən hər şeydən öndə gəlməlidir. Bizim ölçümüzdə, dəyərimizdə vətəndir. Digər şeylər isə təfərrüatdır. Bu gün bir ricamla bu anım mərasiminə bu qədər dost tanış və Allahverdi sevənlərin toplanması özü hər şeyi ifade edir. Məncə artıq şəhrə ehtiyac yoxdur. Onlar mənim hörmətimi, xalqa, vətənə, millətə etdiklərimi təqdirə layiq hesab edir, verdiyim qərarlarda, gördüyüm işlərdə daima yanımda olublar və olmaqdadırlar. Hətta dünən Ağdamlı dostlardan biri olan Namiq mənə (o, bilir ki, mən Ağdamlı deyiləm amma gördüyüm işləri, onlara bəslədiyim hörməti bildiyi üçün) deyir ki, Fuad sən Ağdamın “pacotniy” vətəndaşısan , bunu bil. Digər Ağdamlı dostlarımdan olan Mahirdə deyir ki, Fuad inşallah Ağdamda yaşayış tam bərqərar olsun, əhalimiz də, biz də köçüb gedək öz doğma el-obamıza onda şəxsən mən öz şəxsi torpağımdan sənə pay verəcəm , sən də orda ev tikib yaşayarsan. Hətta digər dostum da deyir ki, toyuq-cücə ilə də mən səni təmin edəcəm. Daha nə dərdin var, gəl yaşa! Onsuzda illərdi ki, nə sən bizdən ayrıla bilirsən, nə də biz səndən. Biz harda sən ordasan, sən harda biz ordayıq deyib, mənimlə zarafatlaşırlar. Məqamında bildirim ki, Cəfərov Mahir Əsəd oğlu illərdir ki, Moskva şəhərində Ağdam birliyinin sədridir. Qeyd edim ki, bu Birliyi məhz Ağdamlılar yaradıb. Onlarda sözü gedən Birliyə hər zaman öz maddi və mənəvi köməkliklərini edirlər. Bu Birlik, yığılan maddi vəsaiti xeyriyyə işlərinə xərcləyirlər. Mən də bu işdə lazımi olan köməkliyi etməyi özümə mənəvi borc bilmişəm. Hətta bu gün bir hadisə baş verib. Eşitdim ki, iki nəfər imkansız şəxs səhhətləri ilə əlaqədar Mahirgilə müraciət edib, problem yerindəcə həlini tapıb. Onlar xəstəxana ilə , həkim ilə , dava dərmanla, hətta maddi yardımla təmin olunub. Söz düşdükcə birlikdən deyilir ki, Fuad hər dəfə belə yardımlar ediləndən sonra elə bir mənəvi rahatlıq tapırıq ki, sanki Məkkə-Mədinəyə gedib gəlirik . Fürsətdən istifadə edib bildirim ki, Cəfərov Mahir Əsəd oğlu özü I-ci Qarabağ döyüşlərinin iştirakçısıdır. O, Ağdam da Şirin Mirzəyevin batalyonunda qəhrəmanlıqla vuruşub. 1992-ci ildə Qazi olub. Bax budur qeyrət timsalı olan Ağdamlı oğullar!
Anım mərasimində yanımda Qarabağ müharibəsinin döyüşçülərindən olan Ələsgərov Səyyaf Baba oğlu, Ələsgərov Ələddin Fikrət oğlu, Ələsgərov Mais Fikrət oğlu, Ələsgərov Ədalət Fikrət oğlu və başqaları da var idilər. Yeri gəlmişkən “Moskoviski” restoranının sahibi əslən Bərdə rayonundan olan Bəkirov Qalib Məhəmməd oğluna da anım mərasimində yanımda olub bizə lazımi dəstəyi göstərdiyi üçün minnətdarlığımı bildirirəm. Bildirim ki, Qalib Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin ehtiyat da olan keçmiş palkovnikidir.
Milli qəhrəmanımız, şəhidimiz Allahverdi Bağırovun anım mərasimində qürurverici bir hadisə baş verdi. Mərasimdə mənə Azərbaycan Respublikası Qarabağ Qaziləri İctimai Birliyi və Ağdam rayon Birliyi adından Milli Qəhrəman Allahverdi Bağırovun anım gününün təşkilində verdiyim maddi və mənəvi dəstəyə görə Fəxri Fərman təqdim edildi. Bundan şərəf duydum. Bu cür dəyər verən dostlarımın hər zaman yanımda olmalarından və anım mərasiminin möhtəşəm şəkildə keçirilməsindən çox qürur duydum.
Tanrı bütün Azərbaycanı, azərbaycan xalqını, qarabağlıları, ağdamlıları qorusun. Allahverdi Bağırovun və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.Yerləri Cənnət məkan olsun. Bu gün daxil verdiyim bütün ehsanları, oxunan Quranları Allah qəbul etsin!
Sonda qeyd edim ki, Milli Qəhrəman Allahverdi Bağırovun kimliyi, qəhrəmanlığı, onunla bağlı bütün xatirələrimizi “Əbədiyyət üfüqündə doğulan Milli Qəhrəmanımız” adlı yazımda bütün detalları, faktları incəliyinə qədər qeyd etmişəm. Həmin yazı da bir çox saytlarda , xüsusilə də Xeberoxu.Az, Aktualinfo.org, Veteninfo.az , Pravdoingo.org saytlarında dərc olunub, yerləşdirilib oxucularla paylaşılıb. Əgər oxumayan varsa, sözü gedən saytlara (19.04.2021) daxil olub oxuya bilərlər.
Hörmətlə: Rzayev Fuad Furudun oğlu