Tarixə nəzər salanda görürük ki, lider fenomeni xalqların yüksəlişini, dövlətlərin inkişafını təmin edən çox mühüm amillərdən biridir. Azərbaycan dövlətinin də böyük nailiyyətlər qazanaraq öz adını tarixə qızıl hərflərlə yazdırmasında qüdrətli və qətiyyətli lider amili həlledici olmuşdur.
Xalqımızın xilaskarı və müstəqil Azərbaycan dövlətinin banisi
Müstəqilliyin ilk illərində parçalanmaq, müstəmləkəyə çevrilmək təhlükəsi ilə üzləşən dövlətimiz məhz xalqın böyük inam və etimad bəslədiyi Lider – müdrik və dünya şöhrətli siyasətçi Heydər Əliyev sayəsində böhrandan xilas olmuş, inkişaf yoluna çıxmışdır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli lider kimi Heydər Əliyev Vətənini fəlakətdən qurtarmış, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.
Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var
Heç şübhəsiz, Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir.
Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olmuşdur. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir. Beləliklə, Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olmuşdur.
Ona görə də təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Bu günə qədər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb. Bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Bir sözlə, Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir və ölkəmiz xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır.
Ölkəmizin bugünkü reallıqları Ümummilli liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir
Qürur hissi ilə qeyd edə bilərik ki, Ulu öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır. Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız xalq Ümummilli liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür.
Bir sözlə, ölkəmizin bugünkü reallıqları Ümummilli liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması, nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır. Həmçinin
Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin nümunəvi sosial siyasət kursu nəticəsində ölkəmizdə vətəndaş məmnunluğu təmin olunub. Paralel olaraq xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması müstəqil Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir. Nəhayət, Ümummilli liderimizin əsasını qoyduğu uğurlu xarici siyasətin, ordu quruculuğunun müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.
Beləliklə, müstəqil və qalib Azərbaycan Ulu öndərimizin görmək istədiyi kimi güclüdür, əzəmətlidir və dünyada böyük nüfuz sahibidir. Əminik ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan bundan sonra da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində inkişaf yolunda qətiyyətlə addımlayacaq.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri