157
15:40, Bu gün

"Kurtlar Vadisi"nin baş qəhrəmanı 1992-ci ildə Bakıya niyə gəlmişdi? - MÜSAHİBƏ

Türkiyənin məşhur aktyoru Selçuk Yöntem Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.

- Selçuk bəy, sonuncu dəfə 2022-ci ildə Bakıda "Sevda: məcburi istiqamət" filminin qala gecəsində iştirak etdiniz. Ümumilikdə, Azərbaycanla bağlı xatirələrinizi bölüşməyinizi istərdik.

- Bakıya “Sevda: məcburi istiqamət” filminin qala gecəsinə gəlişim mənim Azərbaycana ilk səfərim deyildi. Azərbaycana ilk dəfə 1992-ci ildə, Dövlət Teatrında çalışdığım zaman “Dəli Domrul” tamaşası ilə gəlmişdim. Səhv etmirəmsə, tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirmişdik və böyük rəğbətlə qarşılanmışdı.

O vaxtdan bir neçə dəfə Bakıya səfər etmişəm. Hər səfərimdən çox xoş təəssüratlarla ayrılmışam. Azərbaycanı hər zaman sevirəm.

- “Aşk-ı Memnu” serialında canlandırdığınız Adnan Ziyagil obrazı həm Türkiyənin serial sektorunda, həm də sizin sənət karyeranızda xüsusi yer tutur. Serialın yayımlanmasından uzun illər keçməsinə baxmayaraq, təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində böyük maraqla izlənilməsini və populyarlığını qorumasınının səbəbini nədə görürsüz?

- Düz deyirsiz, Adnan Ziyagil obrazı həm mənim öz həyatımda, həm də sənət karyeramda ən önəmli dönüş nöqtələrindən biri oldu. Bu layihənin uğur qazanmasında bir çox amillər mühüm rol oynadı - güclü aktyor heyəti, peşəkar rejissor işi, yüksək səviyyəli ssenari müəllifləri, nüfuzlu televiziya kanalı və peşəkar istehsalçı şirkət... Bütün bu komponentlər bir araya gələrək çox uğurlu bir ekran əsərinin ortaya çıxmasını təmin etdi.

Serial üzərində işlədiyimiz müddətdə hər həftə yeni ssenarini böyük maraq və həyəcanla gözləyir, onu həvəslə oxuyurduq. Bu yaradıcı enerjinin və komanda ruhunun ekranlara da əks olunduğunu düşünürəm. Məncə, “Aşk-ı Memnu”nun çəkilməsindən illər keçməsinə baxmayaraq hələ də böyük maraqla izlənilməsinin və sevilməsinin əsas səbəbi məhz bu uğurlu komanda işi və yüksək keyfiyyət standartlarıdır.

“Aşk-ı Memnu” mənim üçün hər zaman xüsusi yerə sahib olacaq. Bu, zamanın təsirinə məruz qalmayan, dəyərini və aktuallığını itirməyən nadir layihələrdən biridir.


- "Kurtlar Vadisi” serialında canlandırdığınız Aslan Akbey obrazı da tamaşaçıların yaddaşında dərin iz buraxdı...

- “Kurtlar Vadisi” mənim üçün də çox əhəmiyyətli layihələrdən oldu. Serialın ilk 55 bölümündə rol almışam və hesab edirəm ki, həmin dövr layihənin ən yaddaqalan mərhələlərindən biri idi. Serial dövlət-mafıya münasibətlərinə fərqli prizmadan yanaşaraq Türkiyədə müəyyən hadisələri tamaşaçıya çatdırmağı bacardı.

Bu mövzu əvvəllər televiziya ekranlarında bu şəkildə işlənmədiyi üçün serial qısa müddətdə böyük maraq və rəğbət qazandı. Layihənin uğurunda güclü aktyor heyətinin də mühüm rolu vardı. Dövlət teatrlarının tanınmış sənətkarlarının bir araya gətirilməsi və belə bir ekran əsərinin ərsəyə gəlməsi həqiqətən böyük nailiyyət idi.

“Kurtlar Vadisi” yalnız uğurlu bir serial olmaqla kifayətlənmədi, eyni zamanda tamaşaçıların yaddaşında iz qoyan çoxsaylı obrazlar və sənətkarlar yetişdirdi. Mənim üçün isə serialın ilk 55 bölümü həm peşəkar fəaliyyətimdə, həm də şəxsi xatirələrimdə xüsusi yer tutur və hər zaman unudulmaz olaraq qalacaq.

- Ötən illər ərzində teatr və ekran sənətində bir-birindən fərqli obrazlar yaratmısınız. Bu obrazlar arasında sizi aktyor kimi ən çox sınağa çəkən, psixoloji və ya yaradıcılıq baxımından ən çətin hesab etdiyiniz rol hansı olub?

- Ümumiyyətlə, canlandırdığım obrazlar arasında məni həddindən artıq çətinliyə salan və ya yoran rol olmayıb. Ancaq üzərində ən çox düşündüyüm və xüsusi diqqətlə yanaşdığım obrazlardan biri Adnan Ziyagil idi. Çünki bu xarakterin bütün duyğularını, daxili dünyasını və münasibətlərini çox həssas bir tarazlıq çərçivəsində tamaşaçıya çatdırmaq lazım gəlirdi.

Adnan Ziyagilin emosional vəziyyətini, yaşadığı daxili ziddiyyətləri və ətrafındakı insanlarla münasibətlərini təqdim edərkən ən incə nüanslara belə diqqət yetirməyə çalışırdım.

- “Don Kixot” tamaşasında iştirakınız sizin sənət yolunuzda necə bir təcrübə ilə yadda qaldı? Bu layihədə səhnə performansı, musiqi və obrazın dramatik yükü baxımından hansı yaradıcı çətinliklərlə üzləşdiniz və bu əsər sizə aktyor kimi hansı yeni imkanlar qazandırdı?

- “Don Kixot” tamaşasını tələbəlik illərimdə mərhum müəllimlərim Cüneyt Gökçer və Aytən Gökçerin ifasında izləmiş və çox təsirlənmişdim. Onda nə vaxtsa həmin əsərdə rol alacağımı təsəvvür belə etmirdim.

Sonradan bu layihənin həyata keçirilməsi və Don Kixotu canlandırmağım mənim üçün böyük xoşbəxtlik oldu. Bu gün də tamaşanı oynamağa davam edirik. Don Kixotun saflığı, zərifliyi və dünyadakı pisliklərə qarşı mübarizəsi məni hər zaman dərindən təsirləndirib. Bu obraz tamaşaçı ilə çox güclü bağ yaradan və xüsusi enerji ötürən bir xarakterdir.

- Sizcə, teatr və kino aktyorluğu arasında ən əsas fərqlər nələrdir? Səhnə və kamera qarşısında ifa tərzi, emosiyanın ötürülməsi və tamaşaçı ilə əlaqə baxımından bu iki sahəni necə müqayisə edərdiniz?

- Teatr canlı sənətdir. Tamaşaçı ilə birbaşa təmas və emosional ünsiyyət yaranır. Səhnədə çıxış edərkən həm ön sıradakı, həm də ən arxadakı tamaşaçını nəzərə almaq lazımdır. Buna görə də səs, jestlər və bədən dili daha geniş və ifadəli şəkildə qurulur.

Kino və televiziya aktyorluğu isə daha çox texniki və minimal ifadə vasitələri tələb edir. Burada kamera ilə işləmək, detallara fokuslanmaq və daha təbii oyun tərzi ön plana çıxır. Səhv edilən səhnəni yenidən çəkmək imkanı da var. Teatrda isə pərdə açıldıqdan sonra tamaşaçı ilə birbaşa üz-üzə qalırsan və geri dönüş imkanı əldən çıxır. Hər iki sahənin özünəməxsus çətinlikləri və üstünlükləri var.

- Gələcəkdə Azərbaycanda hər hansı teatr tamaşasını səhnələşdirməyi düşünərdinizmi?

- Əlbəttə, belə bir imkan yaransa, Azərbaycanda tamaşa səhnələşdirməkdən məmnun olaram. Düzgün layihə, güclü aktyor heyəti və uyğun şərait olduqda bu, mənə böyük sevinc yaşadar. Həyatda hər şey mümkündür, gələcəkdə belə bir əməkdaşlıq niyə də baş tutmasın?!

- Türkiyənin serial və kino sektorunun inkişafını necə qiymətləndirirsiniz?

- Türk serialları bu gün dünyanın bir çox ölkələrində maraqla izlənilir və öz nüfuzunu qoruyur. Seriallarımızın yüzdən çox ölkədə nümayiş olunması və yüksək satış potensialı ilə tanınması bunun bariz göstəricisidir. Bu uğurun əsas səbəbləri güclü ssenarilər və peşəkar aktyor heyətləridir. Kino sahəsində də mühüm nailiyyətlər əldə edilir.

Türk rejissorlarının beynəlxalq festivallarda qazandığı mükafatlar bunun açıq göstəricisidir. Düşünürəm ki, bu sektorun daha da inkişaf etməsi üçün peşəkar və institusional yanaşmanın daha da gücləndirilməsi vacibdir.

- Gənc aktyorlara nə tövsiyə edərdiniz?

- Gənc aktyorlarla işləyərkən qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsi özü-özünə formalaşır. Onlarla çalışmaqdan böyük zövq alıram. Sualları olduqda əldə etdiyim təcrübəni bölüşməyə çalışıram. Məncə, bu peşədə ən vacib amillər davamlı çalışma, öyrənmək istəyi və səbirli olmaqdır.

- Gələcəkdə Azərbaycan teatrı və ya kino sahəsi ilə bağlı layihələrdə iştirak etməyi düşünərdinizmi?

- Əlbəttə. Qarşılıqlı maraq və uyğun layihə ortaya çıxdığı təqdirdə niyə də olmasın?! Azərbaycanla bağlı layihələrdə iştirakdan məmnun olaram.

- Azərbaycanlı aktyorlar arasında bəyəndiyiniz və ya birlikdə çalışmaq istədiyiniz şəxslər varmı?

- Azərbaycanlı aktyorları yaxından tanıdığımı desəm, doğru olmaz. Ancaq əminəm ki, Azərbaycanda çox istedadlı aktyorlar var. Belə bir layihə gündəmə gələrsə, onları daha yaxından tanımaq və birlikdə işləmək imkanımız da yaranar.

- Yenidən Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Hazırda belə bir planım yoxdur, çünki teatr tamaşalarım və qarşıdakı qastrol proqramlarım var. Lakin Azərbaycan mənim üçün çox dəyərli və sevdiyim bir ölkədir. Fürsət yaranarsa, yenidən gəlmək, dostlarla və sənət dostlarımla görüşmək, hətta birlikdə yeni layihələr həyata keçirmək istərdim...

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər