"Mütəxəssislər öz-özünə danışığın emosiyaları tənzimləyən və düşünməni gücləndirən təbii beyin mexanizmi olduğunu bildirir..."
Psixoloqlar bildirirlər ki, insanın tək qalarkən öz-özünə danışması qəribəlik deyil, əksinə beynin təbii işləmə formalarından biridir.
Moderator.az xəbər verir ki, bu barədə "bolde.com" portalı yazıb.
Müasir psixologiya bu davranışı getdikcə daha çox normal və hətta faydalı bir mexanizm kimi qiymətləndirir. Gündəlik həyatda bu hal tez-tez müşahidə olunur: insan açarlarını axtaranda, yemək hazırlayanda və ya gərgin söhbətdən sonra istər-istəməz "Mən bunu hara qoymuşam?" kimi ifadələr səsləndirir və ya fikirlərini ucadan təkrarlayır.
Mütəxəssislərin fikrincə, bu davranış uşaqlıqdan formalaşan təbii bir prosesdir. Uşaqlar adətən hərəkətlərini ucadan danışaraq edirlər, böyüdükcə isə "səssiz düşüncə"yə keçirlər. Lakin bu mexanizm tamamilə yox olmur, sadəcə daxili formaya keçir.
Öz-özünə danışıq emosiyalara necə təsir edir?
Psixoloqların fikrincə, fikirlərin ucadan ifadə olunması beyinə emosiyaları daha aydın formada emal etməyə kömək edir. Başqa sözlə, insan hisslərini sözə çevirəndə, beyin onları daha idarəolunan hala gətirir.
Mütəxəssislər bunu belə izah edir: "Fikirləri ucadan demək hissləri beynin işləyə biləcəyi formaya salır". Məsələn, "mən görüşə görə narahatam" demək yalnız emosiyanı ifadə etmir, həm də onun intensivliyini azaldaraq insanın özünü daha yaxşı idarə etməsinə şərait yaradır.
Tədqiqatlar göstərir ki, insan özünə adla müraciət etdikdə təsir daha da güclənir. "Mən" əvəzinə üçüncü şəxs formasından istifadə, məsələn, "Aysel, sən bacaracaqsan" - beynin emosional reaksiyasını zəiflədir və insana psixoloji məsafə qazandırır.
Nə vaxt və niyə bu daha çox baş verir?
Alimlər qeyd edir ki, öz-özünə danışıq adətən sosial nəzarətin olmadığı və insanın əlində iş olduğu vəziyyətlərdə - maşın sürərkən, duş qəbul edərkən, gəzərkən və ya rutin işlər zamanı daha çox yaranır. Belə hallarda beyin daha sərbəst rejimə keçir və düşüncələri emal etməyə başlayır.
Psixoloqlar bunu belə izah edir: daxili monoloq çox vaxt "dinləyici olmayan" mühitdə formalaşır.
Mütəxəssislər iki əsas düşüncə tipini fərqləndirir: məhsuldar daxili dialoq - problem həll etməyə kömək edir, insanı çıxış yoluna aparır; təkrarlanan (dövr edən) düşüncə - eyni fikirləri təkrar edərək narahatlığı artırır.
Psixoloqların yekun fikrinə görə, birinci tip insanı irəli aparır, ikinci isə emosional gərginliyi gücləndirir. Buna baxmayaraq, öz-özünə danışmaq nə stres, nə də təkliyin əlaməti sayılır - bu, sadəcə beynin özünü tənzimləmə üsuludur.