Hörmüz böhranı Zəngəzur dəhlizini açır – MÜHÜM gəlişmə
187
11:50, Bu gün

Hörmüz böhranı Zəngəzur dəhlizini açır – MÜHÜM gəlişmə

“Yaxın ətrafımızda baş verən böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji əhəmiyyətini bir daha ortaya qoyub”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Bizim və nazirlərimizin artan təmasları türk dövlətlərinin artıq ortaq məsələlər qarşısında yüksək səviyyəli reflekslər qazandığını təsdiqləyir. Bu gün Hörmüz boğazı mərkəzli böhranın göstərdiyi kimi, Orta Dəhliz başda olmaqla türk dünyasını bir-birinə bağlayan nəqliyyat layihələri uzun illər ərzində prioritetimiz olaraq qalacaq. Yüksək texnologiyalar əsasında formalaşdırdığımız müdafiə sənayesində qazandığımız təcrübəni təşkilatımızın üzvləri ilə bölüşməyə hazırıq. Təşkilatımız çərçivəsində müdafiə sənayesi qurumlarının toplantılarının mütəmadi keçirilməsinə böyük önəm veririk. Noyabr ayında ölkəmizdə keçiriləcək COP31 İqlim Konfransını süni intellekt və rəqəmsal texnologiyaların təqdim etdiyi imkanları ön plana çıxaran yanaşma ilə təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, kənd təsərrüfatı istehsalının dəstəklənməsi üçün texnologiyanın imkanlarından maksimum istifadə etməyi hədəfləyən bir transformasiya prosesindəyik”, - Türkiyə Prezidenti qeyd edib.

Hörmüz böhranı fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti artıb. Ermənistandakı seçkilərdən sonra proses sürətlənə bilərmi?

Deputat Elşad Musayevin Musavat.com-a bildirdiyinə görə, Yaxın Şərqdə davam edən münaqişələr və gərginlik logistikaların əhəmiyyətini artırmaqdadır. Onun fikrincə, həm Orta dəhliz, həm Şimal-Cənub dəhlizi hazırda aktuallığını daha da önə çıxarıb: “Orta dəhlizin bir hissəsi olan Zəngəzur koridorunun açılmasına ehtiyac bu gün özünü yenidən göstərməkdədir. Çünki alternativ yollar olmayanda logistikalarda ciddi problemlər, monopoliyalar, tərəflərin biri-birini yollarla təhdid etməsi riskləri yaranır. Ona görə də Türküstan zirvəsində cənab Ərdoğan Orta dəhlizin nə qədər vacib olduğunu deməyə çalışıb. Çünki İran Hörmüz boğazını nəzarətdə saxlamaqla, istədiyi gəmini buraxıb, istəmədiyini boğazdan keçidə imkan verməməklə ciddi böhrana səbəb olur”.

E.Musayevin fikrincə, məhz buna görə də Orta dəhlizin işləkliyi olduqca həyati əhəmiyyətlidir: “Bu mənada Zəngəzur dəhlizi mütləq açılmalıdır. Zənnimcə, Paşinyan seçkilərdən sonra bu prosesi sürətləndirəcək. Artıq Türkiyə ilə ticarət də bərpa olunub və o deməkdir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır”.

Deputatın sözlərinə görə, Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında iştirak edir, qlobal nəqliyyatın şaxələndirilməsində mühüm rol oynayır: “Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir”.

Onun qənaətinə görə, Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir: “Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib. Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər