Qarşılıqlı güvənin ÖLÇÜSÜ - Əkbər QOŞALI yazır
263
18:45, Bu gün

Qarşılıqlı güvənin ÖLÇÜSÜ - Əkbər QOŞALI yazır

İllər öncə – 2000-ci illərdə Bakıdakı özəl universitetlərdən birinin İqtisa­diyyat kafedrasının önündə Azərbaycanın ticarət tərəfdaşları ilə bağlı cədvəl gözümə dəydi. Açığı, İtaliyanın birinci yerdə olmasına xeyli təəccübləndim – birinci yerdə məsələn, Rusiya, Türkiyə, Çin, İran, Ukrayna, Qazaxıstan, ABŞ, Böyük Britaniya olsa təəccüblənməzdim; sövq-təbii, həmin kafedrada çalışan bir alimə sual etdim, o da müəyyən əsaslandırmalarda bulundu; ancaq mən o vaxt-bu vaxt İtaliyanın birinciliyini rəsmi, elmi əsaslandırmalarla eyni zamanda tarixi, mədəni əsaslara bağla­yıram. İqtisadiyyat, tarix və mədəniyyət – bəli, bu üç sahə Azər­baycan-İtaliya işbirliyində özünəməxsus şəkildə iştirak edir.
 
Çağdaş geosiyasətdə münasibətlərin dəyəri artıq imzalanan sənədlərin sayından daha çox, həmin sənədlərin davranışa çevrilmə dərəcəsi ilə ölçülür. Azərbaycan ilə İtaliya arasında 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu anlamda uzunmüddətli güvənin institusional xəritəsi sayıla bilər.
 
Tərəfdaşlığımız artıq kağız üzərindən gerçək siyasi, iqtisadi və mədəni müstəviyə keçib. Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni arasında baş tutan görüş və səsləndirilən bəyanatlar bunu aydın göstərir.
 
Özəlliklə diqqət çəkən məqam: İtaliya Baş nazirinin Ermənistan səfərindən dərhal sonra Bakıya gəlməsi – bax, bu – regional balansın incə, amma aydın ifadəsidir. Bu addımın öz rəmzi çəkisi vardır. Yəni bu, Azərbaycanın regiondakı rolunun qəbul edilməsinin bir göstəricisidir.
Azərbaycan–İtaliya münasibətlərinin nüvəsində enerji dayanır; lakin bu, klassik “resurs satışı” modeli kimi qavranılmamalıdır – söhbət, qarşılıqlı asılılıq üzərində qurulan strateji təhlükəsizlik mexanizmindən gedir.
 
İtaliya bu gün Azərbaycanın bir saylı ticarət tərəfdaşıdır, habelə neft və qaz üzrə əsas bazarlardan biridir. Belə bir gerçəklik təsadüfi deyil. Xəzərdən Aralıq dənizinə uzanan enerji xətti sadə iqtisadi marşrut olmaqdan çıxaraq, geosiyasi sabitliyin arteriyasına çevrilmişdir.
 
Burada Trans-Adriatik Boru Kəməri (Trans Adriatic Pipeline; TAP) xüsusi yer tutur. Bu layihə enerji axınını təmin edir, Avropanın enerji təhlükəsizliyini gücləndirir və Azərbaycanı güvənli tərəfdaş statusunda möhkəmləndirir.
 
TAP-ın genişləndirilməsi ilə bağlı müzakirələr isə onu göstərir ki, tərəflər yalnız mövcud reallıqla kifayətlənmir – gələcəyin enerji arxitekturunu birgə qururlar...
 
Biz iqtisadi bağlardan danışarkən, rəqəmlərin arxasındakı anlama diqqət edirik. Təxminən 12 milyard dollarlıq ticarət dövriyyəsi və Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına 3 milyard dollara yaxın yatırımına sadəcə statistik göstərici kimi baxmamalıyıq. Bu rəqəmlər qarşılıqlı güvənin ölçüsü olub,
 
iqtisadi inteqrasiyanın dərinliyini göstərir və tərəfdaşlığın simmetrik xarakter daşıdığını sübut edir.
 
İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyəti, özəlliklə işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələr başqa bir mərhələnin göstəricisi deyilmi? – Bu ritorik vurğu savaşsonrası iqtisadiyyatının beynəlxalq işbirliyi üzə­rində qurulmasına aiddir. Burada İtaliya yatırımçı olmaqdan başqa həm də bərpa və quruculuq prosesinin iştirakçısıdır.
 
Başqa bir yeni istiqamət isə hərbi-texniki işbirliyidir. İşbirliyinin hərbi-texniki sahəyə keçidi münasibətlərin yeni keyfiyyət mərhələsinə daxil olduğunu göstərir. Əlbəttə, bu, sadəcə texnologiya transferi kimi başa düşülməməlidir. Söhbət artıq sənaye işbirliyi, birgə istehsal və strateji tərəfdaşlığın təhlükəsizlik müstəvisində dərinləşməsindən gedir; başqa sözlə, tərəflər həm iqtisadi, həm də strateji dayanıqlılıq müttəfiqliyi qurur.
 
İşbirliyindəki təhsil və mədəniyyət istiqaməti isə “yumşaq güc”ün arxitekturudur.
Bakıda açılan İtaliya–Azərbaycan Universiteti bu münasibətlərin ən incə amma ən davamlı qatını formalaşdırır.
 
Bu universitet iki ölkə arasında insan kapitalı körpüsüdür; burada yetişən gənclər gələcəkdə iqtisadi bağların daşıyıcısı, yeni mədəni dialoqun qurucusu və iki xalq arasında təbii elçilər olacaq. Bax, bu isə klassik diplomatiyanı aşan bir mərhələnin – mədəniyyət üzərindən qurulan strateji yaxınlığın xəbərçisidir.
 
Beləliklə, tərəfdaşlıqdan daha yüksəklərə – ortaq gələcəyə yol görünür. Bakı ilə Roma arasında münasibətlər getdikcə daha da dərinləşir. Burada enerji ilə güvən, iqtisadiyyatla siyasət, mədəniyyət ilə strategiya bir-birinə qarışır. Bəli, ilk abzasda da vurğulanan kimi, iq­tisadiyyat, tarix və mədəniyyət – bu üç sahə Azər­baycan-İtaliya işbirliyində özünəməxsus şəkildə iştirak və inkişaf edir...
 
Azərbaycan bu münasibətlərdə resurs təminatçısı, bazar iştirakçısı ol­maqdan artıq – strateji düşüncə təqdim edən tərəfdir. İtaliya isə bu yanaşmanı qəbul edən, onu dəstəkləyən və onunla birlikdə inkişaf edən tərəfdaşdır. Bütün bunların fonunda yeni bir gerçəklik yaranır – strateji tərəfdaşlıq ortaq gələcək qurmaq iradəsidir. 
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər