Zirvə toplantısında Azərbaycanın yeni siyasi kursunun çoxşaxəli təqdimatı - ŞƏRH
132
11:25, Bu gün

Zirvə toplantısında Azərbaycanın yeni siyasi kursunun çoxşaxəli təqdimatı - ŞƏRH

"Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni siyasi kursun ardıcıl, sistemli və çoxşaxəli təqdimatı kimi qiymətləndirilə bilər. Xüsusilə diqqətçəkən məqamlardan biri dövlət başçısının bu platformanın vaxtilə İrəvanda keçirilməsinə dəstək verdiyini vurğulaması və gələcəkdə analoji tədbirin Azərbaycanda da təşkil ediləcəyini xatırlatması oldu. Bu yanaşma region ölkələrinin yalnız münaqişə məkanı kimi deyil, eyni zamanda, beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi təqdim olunmasına xidmət edir".
 
Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova səsləndirib.
 
Fəlsəfə doktorunun sözlərinə görə, çıxışda BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilməsi və ərazi bütövlüyünün bərpasının vurğulanması Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa əsaslandığını nümayiş etdirməklə yanaşı, uzun illər davam edən münaqişənin bəzi xarici aktorlar tərəfindən təsir aləti kimi istifadə olunduğunu ortaya qoyur. Bu kontekstdə Prezidentin sülh prosesinin praktik nəticələrinin — tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana enerji resurslarının ixracı və nəqliyyat əlaqələrinin genişləndirilməsi kimi istiqamətləri ön plana çıxarması xüsusi əhəmiyyət kəsb edir. Bu addımlar sülhün artıq yalnız siyasi bəyanat səviyyəsində qalmadığını, həm də iqtisadi və geosiyasi məzmun kəsb etdiyini göstərir.

S. Qaraşova qeyd edib ki, Avropa İttifaqı institutlarına münasibətdə diferensial yanaşma açıq şəkildə müşahidə olunur. Avropa Komissiyasının rolunun müsbət qiymətləndirilməsi fonunda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönələn tənqidlər onu göstərir ki, burada rasional siyasi hesablamalara əsaslanan selektiv əməkdaşlıq modeli tətbiq olunur. Azərbaycan bir tərəfdən əməkdaşlıq mexanizmlərini qoruyur, digər tərəfdən isə milli maraqlara toxunan məsələlərdə prinsipial mövqe və aydın “qırmızı xətlər” nümayiş etdirir.
 
“Prezidentin çıxışında Avropa Parlamentinə yönələn tənqidlər və Avropanın daxili problemlərinə - ksenofobiya, islamofobiya, miqrasiya və sosial çağırışlara diqqətin cəlb olunması diskursiv baxımdan mühüm dönüş yaradır. Bu yanaşma çərçivəsində Azərbaycan artıq yalnız özünü müdafiə edən tərəf kimi deyil, eyni zamanda, qiymətləndirən və mövqe bildirən fəal siyasi aktor kimi çıxış edir”, - deyə S. Qaraşova diqqətə çatdırıb.
 
O qeyd edib ki, dövlət başçısının çıxışı Azərbaycanın postmünaqişə mərhələsində təkcə regional deyil, daha geniş geosiyasi müstəvidə özünü “orta güc dövləti” kimi ardıcıl və məqsədyönlü şəkildə möhkəmləndirdiyini göstərir. Bu status xüsusilə enerji, nəqliyyat və diplomatik təşəbbüslər vasitəsilə regional gündəliyin formalaşdırılmasında fəal iştirak, eləcə də, müxtəlif güc mərkəzləri arasında balanslı siyasətin həyata keçirilməsi ilə özünü büruzə verir. Sülh prosesinin birbaşa dialoq və praktik əməkdaşlıq əsasında inkişaf etdirilməsi, vasitəçilikdən asılılığın azalması və regionun qlobal siyasi-iqtisadi sistemə inteqrasiyasının güclənməsi bu mərhələnin əsas xüsusiyyətləri kimi çıxış edir. Bu isə formalaşan reallığın artıq regionun daxilində müəyyənləşdirildiyini və xarici təsir imkanlarının getdikcə məhdudlaşdığını göstərir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər