Onkoloji xəstələrə böyük ÜMİD – Tibbi sığorta gəlir?
159
08:25, Bu gün

Onkoloji xəstələrə böyük ÜMİD – Tibbi sığorta gəlir?

Son illər Azərbaycanda onkoloji xəstəliklərin sayı artır. Bu xəstəliklər artıq təkcə yaşlılarda deyil, hətta uşaqlar arasında da rast gəlinir. Xəstəliyin yayılması ilə yanaşı, ən ciddi problemlərdən biri onkoloji müalicənin yüksək maliyyə tələb etməsidir. Milli Onkologiya Mərkəzində baş verən hadisə də göstərir ki, onkoloji xəstələrin müalicəsi ilə bağlı yeni addımların atılmasına ehtiyac var. Belə addımlardan ən zəruri pediatrik onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsidir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən açıqlama verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu artıq yaradılıb və hazırlıq işləri aparılır. Məqsəd uşaqlarda onkoloji xəstəliklərin diaqnostikadan müalicəyə qədər olan mərhələlərdə daha əlçatan və tam şəkildə sığorta ilə qarşılanmasını təmin etməkdir. Buraya əhatə olunacaq yaş qrupları və xidmət paketinin detalları da daxildir.
Eyni zamanda, özəl tibb müəssisələrində onkoloji xidmətlərin göstərilməsi ilə bağlı da yeni yanaşma formalaşır. Yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri bu prosesə qoşula biləcək.

Onkoloji xəstəliklərin tam şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi ölüm göstəricilərini nə qədər azalda bilər?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Musavat.com-a deyib ki, onkoloji xəstəliklər dünyada sürətlə artmaqdadır və cavanlaşmaqdadır. Onun sözlərinə görə, əsas faktor qidalanmadır: “ABŞ-da, Avropada ayaqüstü yeməklər həddindən artıq istifadə olunur və təbii ki, son zamanlar artıq ölkəmizdə də dəb halını alıb. Buraya hamburger, dönər, sosiska və kolbasa məhsulları, qazlı içkilər daxildir. Son zamanlar artıq bilirik ki, əvvəllər kişilər arasında daha çox yayılmışdı, amma indi artıq qızlar arasında da elektron siqaretlərin həddindən artıq istifadəsi müşahidə olunur. Bu da təbii olaraq onkoloji xəstəliklərin artmasına səbəb olan əsas amillərdəndir”.

“O ki qaldı digər sualınıza – bunların icbari tibbi sığortaya daxil edilməsinə, ilk vaxtlar bizdə icbari tibbi sığortaya onkoloji xəstəliklərlə bağlı müayinələr, əməliyyat xərcləri, kimyaterapiya və ya şüa müalicəsi daxil edilməmişdi. Amma son iki ildə artıq onkoloji xəstəliklərin ilkin və erkən aşkarlanması ilə bağlı müayinələr icbari tibbi sığortaya daxil edilib. Bunlara maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, rentgen müayinəsi və laborator analizlər daxildir. Yəni onkoloji xəstəliklərin erkən aşkarlanması üçün lazım olan müayinələr artıq icbari tibbi sığorta sisteminə daxil edilib”,_ deyə həkim bildirib.

Onkoloq onu da qeyd edib ki, 2027-ci ildən etibarən uşaq onkologiyasının icbari tibbi sığorta sisteminə daxil edilməsi planlaşdırılır: “Yaxın gələcəkdə isə digər onkoloji xəstəliklərin müalicəsinin də mərhələli şəkildə bu sistemə daxil edilməsi gözlənilir. Çünki burada bir sıra çətinliklər mövcuddur. Onkoloji xəstəliklər digər xəstəliklərdən fərqli olaraq təkcə əməliyyatla bitmir. Əməliyyatdan sonra şüa müalicəsi, kimyaterapiya və bəzən uzunmüddətli qulluq tələb olunur. Bu da yüksək maliyyə xərcləri deməkdir. Hətta bəzi hallarda xəstə əlillik vəziyyətinə düşür və ona əlavə baxım lazım olur. Bu səbəbdən də bütün bu xidmətlərin sığorta sisteminə daxil edilməsi mərhələli şəkildə həyata keçirilir. Ümid edirik ki, yaxın gələcəkdə bu məsələlər öz həllini tapacaq. Əvvəllər onkoloji xəstəliklərin müalicəsi yalnız dövlət tibb müəssisələrində həyata keçirilirdi. Lakin bu il qəbul edilən qərara əsasən, artıq özəl tibb müəssisələrində də onkoloji xəstəliklərin müalicəsi və cərrahi əməliyyatların aparılması mümkün olacaq. Bunun üçün isə ilk növbədə həmin klinikaların kadr potensialı və texniki imkanları qiymətləndiriləcək, uyğun olanlara sertifikat veriləcək”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər