Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır” - FOTO+ÖZƏL
515
08:10, Bu gün

Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır” - FOTO+ÖZƏL

Azərbaycanda sosial şəbəkələrdə dana və inəklərin öd daşının alqı-satqısı ilə bağlı elanlar yayılır. Bir çox insanlar müəyyən xəstəliklər üçün qəssablara üz tutaraq, heyvanı kəsəndən sonra ödündən çıxan daşı almaq istədiklərini bildirirlər. Buynuzlu heyvanın öd daşı qramı 20-25 manata alınıb-satılır. Hətta bəzi yerlərdə öd daşının qiyməti qızıla bərabərdir. 
Daş adətən yaşlı inəkdə, dişi heyvanda olur, onu da nadir halda kəsirlər. Bu öd daşından müəyyən məcunlar hazırlanıb, öd, qaraciyər, sarılıq, şəkər xəstəliklərində istifadə olunur. Mal-qaranın öd daşına tələbat dünyada çoxdan mövcuddur və alternativ tibblə məşğul olan məşhur insanlar, loğmanlar və mərkəzlər bu daşları qızıl qiymətinə alır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bildirib ki, öd daşı ilə müalicə üsulu cəfəngiyyatdan başqa bir şey deyil:
“Əslində bunlar hamısı bir cəfəngiyyatdır. Tibbdə belə bir şey yoxdur ki, hansısa bir vasitə, dərman, təbii maddələr bütün xəstəliklərin dərmanıdır. İkincisi də bu ayının, su heyvanlarının, inəyin öd daşlarının heç bir xəstəliyə köməyi yoxdur. Mənasız bir şeylərdir. Bu öd piqmentləridir. Bunun nə müalicəvi əhəmiyyəti ola bilər ki? Əvvəllər, hələ dərman preparatları, akademik təbabət olmayan vaxtda sidiklə müalicə var idi, bu da onun bir tayıdır. Bundan bir möcüzə görmək yanlışlıqdır. Bəzi həkimlər xərçəng xəstələrinə tövsiyyə edir ki, kerosin içsinlər. Təbabətin və elmin qəbul etmədiyi belə şeylərdən istifadə etmək olmaz. Bunların hamısı ona görə var ki, ölkədə müalicə vasitələrinin reyerstri olmalıdır. O müalicə vasitəsinə ki, ölkədə icazə yoxdur, o aparıla bilməz. Bu insanlar üzərində kliniki eksperimentlər anlamına gəlir. Nə qədər ki, bu boşluqlar olacaq, sui-istifadə halları da artacaq. Digər tərəfdən də hər hansısa bu kimi maddələr təbabətdə işlənilirsə, bunların orijinallığını hansısa komissiyalar və labaratoriyalar yoxlamalıdır. Kim nə bilir ki, bu nə daşıdır? İnsanda da var, heyvanda da.. O vaxt ayının öd daşını qiymətli hesab edirdilər. Ayı ət yeyən heyvandır, yırtıcıdır. Bunun öd piqmentində çökən maddələrin orqanizm üçün nə önəmi olacaq?! Öd daşı, öd durğunluğu nəticəsində çökən öd turşusu və piqmentlərinin birləşməsidir. Onun orqanizmə nə xeyiri ola bilər? İşbazlar, müəyyən şayiə yayanlar sosial şəbəkələrdə bu xəbəri tirajlayırlar. Etiraf edək ki, bizim camaat şayiələrə, falçılara meyillidir. Eşitsələr ki, bir yerdə nəsə var, hamı ora qaçacaq. Bizdə akademik təbabətə ya sayğı var, ya da inam”, - deyə professor bildirib.
 
Adil Qeybulladan fərqli olaraq professor, tanınmış həkim, fizioloq Rəşid Mahmudov inəyin öd daşının bir çox xəstəliklərin müalicəsində istifadəsinin mümkün olduğunu bildirib:
“Ayaqda ağrılan olanda öd daşını çəkirlər. Öd daşı bir kalsiumdan ibarət olur, bir də xolesterindən. O bərk olur. Sındırmaq da olmur. Ağrıkəsici kimi istifadə edirlər. Ödün özü maye halında bel ağrılarında da istifadə olunur. Öd daşı çox az tapılır. Həkimlər əlbəttə ki, bunu qəbul etməz. Qədim təbabətdə çox istifadə edilib. İndi nə inək tapılmır, nə də öd daşı. İndi inək tapılsa da, öd daşı olmur (gülür)”, - deyə həkim bildirib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə inəyin öd daşının qramı 70-100 manat civarında təklif olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər