"Təəssüf ki, pandemiyadan 5 il keçməsinə baxmayaraq, biz distant təhsilə yenə də hazır deyilik. Amma müxtəlif səbəblərdən, distant təhsildən epizodik olaraq istifadə edirik..."
"Bir çox hallarda distant təhsil sadəcə video-dərslərə, PDF paylaşımına çevrilir... Bizim ən böyük problemlərimizdən biri də rəqəmsal pedaqogikanın zəif olmasıdır..."
"Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir
Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqət həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir. Yalnız bu halda təhsilin əlçatanlığı artar, regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, İKT mütəxəssisi İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Yenə distant təhsil? Yenə də hazır deyilik? Niyə?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Müasir dövrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi, süni intellekt texnologiyalarının inkişafı, qlobal pandemiyadan sonrakı dövrdə distant təhsil bir çox ölkələrdə artıq alternativ model deyil, milli təhlükəsizlik, insan kapitalı və strateji inkişaf məsələsinə çevrilmişdir. Tədqiqatlar göstərir ki, ölkənin distant təhsilə hazırlığı yalnız texnoloji infrastrukturla deyil, həm də dövlət siyasəti, idarəetmə sistemi, müəllim və tələbə səriştələri, rəqəmsal bərabərlik, hüquqi baza, təlim analitikası və milli rəqəmsal ekosistemlə müəyyən olunur.
XXI əsrdə təhsil sistemləri sənaye dövrünün klassik modelindən rəqəmsal cəmiyyət modelinə keçid yaşayır. İnformasiya texnologiyalarının inkişafı, süni intellekt sistemlərinin geniş yayılması və qlobal əmək bazarının dəyişməsi təhsil sistemlərinin funksiyasını köklü dəyişmişdir.
COVID-19 pandemiyası göstərdi ki, təhsil sistemləri fövqəladə hallara, rəqəmsal transformasiyaya, distant tədrisə hazır deyillərsə, ölkənin insan kapitalı ciddi risk altına düşür. Pandemiya dövründə dünyanın bir çox ölkəsində məktəblər bağlandı, universitetlər fəaliyyətini dayandırdı, milyonlarla şagird və tələbə təhsil prosesindən qismən kənarda qaldı.
Bu hadisə göstərdi ki, distant təhsil artıq sadəcə texnoloji məsələ deyil. Bu milli təhlükəsizlik, sosial bərabərlik, iqtisadi davamlılıq, insan kapitalının qorunması məsələsidir. Lakin praktikada bir çox ölkələr distant təhsili “Zoom” dərsləri, elektron fayl paylaşımı, video-mühazirələr kimi qəbul etdilər. Halbuki distant təhsil milli rəqəmsal infrastruktur, data əsaslı idarəetmə, rəqəmsal pedaqogika, virtual akademik mühit, süni intellekt inteqrasiyası tələb edən mürəkkəb sistemdir. Bu səbəbdən ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir təhsil siyasətinin strateji istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycanda pandemiya vaxtı bu problemlər özünü daha ciddi şəkildə göstərmişdi. Uzun müddət ölkəmizdə distant təhsilin inkişafını bütün mümkün olan və mümkün olmayan yollarla bloklayan təhsil nazirliyi (TN), 2020-ci ildə pandemiya ilə əlaqədar, çox çətin duruma düşdü. Bu yaranan böhrandan ölkədə çıxış yolu kimi, ilk mərhələdə “votsap”, “zoom” kimi proqramlarla tədrisi qurmağa cəhdlər edildi. Daha sonra məktəblər üçün televiziya tədris proqqramları təşkil edildi. Maraqlıdır ki, 3 ay sonra Təhsil Nazirliyi “raport” verdi: biz artıq ölkədə distant təhsil sistemini qurmuşuq, İngiltərə və Ukrayna kimi ölkələr bizim təcrübəmizi gəlib öyrənirlər (hərçənd İngiltərədə 70-ci illərdən, Ukraynada isə 2000-ci illərdən normal distant təhsil sistemi mövcud idi).
Daha sonra isə ölkədə “MS-TEAMS” proqramı ilə vebinar formatında tədris prosesi tədricən qurulmağa başlandı.
Pandemiya müddəti bir çox ölkələrin təhsil sistemi üçün bir sınaq oldu. İlk aylar bəzi ölkələrdə müəyyən çətinliklər yaşandı. Əvvəldən distant təhsil sistemi yaratmış ölkələrdə isə heç bir ciddi çətinliklər olmadı. Belə ölkələr tezliklə kütləvi distant təhsil sistemini normal şəkildə təşkil edə bildilər. Biz isə pandemiyanı bir təhər yola versək də, sonralar bu çətinliklərdən heç bir nəticə çıxarmadıq...
Beynəlxalq təcrübədə pandemiyaya qədər əksər ölkələrdə distant təhsil sistemi yaradılmışdı. Distant təhsil sistemi olmayan azsaylı ölkələr var idi, onlar da pandemiya vaxtı və sonra distant təhsil sistemini yaratmağa başladılar.
TN isə nə pandemiyaya qədər, nə pandemiya vaxtı, nə də pandemiya sonrası distant təhsil sistemi yaratmağa heç cəhd də etmədi. Hərçənd biz 2001-ci ildən bunu mütəmadi olaraq yazmışıq və demişik. Pandemiya vaxtı TN-nin gördüyü işlər isə sadəcə “distant təhsilə bənzər” bir tədris prosesi idi. Çünki, TN bu işə hazır deyildi...
Yarımçıq distant təhsil sistemi ictimaiyyətdə bu təhsil texnologiyasına qarşı mənfi münasibət yaratdı. Pandemiya dövründə jurnalistlərin suallarına cavab verən təhsil naziri deyirdi ki, biz distant təhsil sistemi qurmuruq, sadəcə vəziyyətdən çıxmaq üçün müvəqqəti olaraq distant təhsildən istifadə edirik.
Təəssüf ki, pandemiyadan 5 il keçməsinə baxmayaraq, biz distant təhsilə yenə də hazır deyilik. Amma müxtəlif səbəblərdən, distant təhsildən epizodik olaraq istifadə edirik. Yəqin ki, gələcəkdə də istifadə edəcəyik...
Ölkədə mütəmadi olaraq rəqəmsallaşmadan, rəqəmsal transformasiyadan, süni intellektdən danışıldığı bir dpnəmdə, rəqəmsallaşma üzrə bir neçə ciddi proqramların qəbul edildiyi bir vaxtda yenə də distant təhsilin yaradılmaması, ən azından təhsil məmurlarının məsuliyyətsizliyi və səriştəsizliyini göstərir.
Bu ərəfədə Bakıda təşkil ediləcək, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (“WUF13”) ilə əlaqədar yenidən distant təhsilə müraciət ediləcəkdir. Sentyabr ayından etibarən isə azkompletli məktəblərdə distant təhsil sistemindən istifadə nəzərdə tutulur.
6 il əvvəl pandemiyanın qəflətən gəlməsi ilə əlaqədar təhsil sistemimiz hazırlıqsız vəziyyətə düşdü (hərçən 2009-cu ilə qədər bu təhsil texnologiyasından istifadəyə dair TN-nin əsasnaməsində, 2009-cu ildən sonra isə “Təhsil Qanunu”nda bu təhsil forması artıq xüsusi qeyd edilmişdi.
Bəs indi necə? Distant təhsilə hazırıqmı? Ümumiyyətlə, “distant təhsilə hazırlıq” deyiləndə nə başa düşülməlidir? Gəlin bu haqda danışaq.
Distant təhsilə hazırıqmı?..
Distant təhsilə hazırlıq anlayışı...
“Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığı” dedikdə, dövlətin, təhsil müəssisələrinin, müəllimlərin, tələbələrin, texnoloji infrastrukturun, hüquqi bazanın, idarəetmə sisteminin rəqəmsal təhsil modelini effektiv təşkil edə bilmə potensialı başa düşülür. Bu anlayış yalnız kompüterlərin mövcudluğu, internet bağlantısı, LMS platformalarının alınması demək deyil. Müasir distant təhsil milli rəqəmsal ekosistem, vahid təhsil platforması, learning analytics, Sİ əsaslı idarəetmə, rəqəmsal kompetensiyalar üzərində qurulmalıdır.
Ölkənin distant təhsilə hazırlığının əsas komponentləri
1. Milli rəqəmsal infrastruktur. Distant təhsilin əsas bazası güclü rəqəmsal infrastrukturdur. Buraya genişzolaqlı internet, regional internet əlçatanlığı, data mərkəzləri, cloud texnologiyaları, server sistemləri, kibertəhlükəsizlik infrastrukturu daxildir. Bir çox ölkələrdə əsas problem texnologiyanın olmaması deyil, qeyri-bərabər paylanmasıdır.
2. Təhsil müəssisələrinin texnoloji hazırlığı. Məktəblər və universitetlər LMS sistemlərinə, videokonfrans platformalarına, rəqəmsal kitabxanalara, virtual laboratoriyalara, elektron qiymətləndirmə sistemlərinə malik olmalıdır. Əgər distant təhsil yalnız videodərslərlə məhdudlaşırsa, bu sistemli distant təhsil sayılmır.
3. Müəllimlərin rəqəmsal kompetensiyaları. Ən kritik faktor müəllim hazırlığıdır. Müəllim rəqəmsal pedaqogikanı bilməli, interaktiv dərs dizayn etməli, distant qiymətləndirmə aparmalı, SI əsaslı platformalardan istifadə etməlidir. Bir çox ölkədə pandemiya göstərdi ki, texnologiyadan daha böyük problem müəllim hazırlığıdır.
4. Şagird və tələbələrin hazırlığı. Təhsilalanların rəqəmsal savadlılığı, internetə çıxışı, özünüidarəetmə bacarıqları, distant öyrənmə kompetensiyaları, distant təhsilin effektivliyinə birbaşa təsir edir.
5. Rəqəmsal bərabərlik. Ən ciddi problemlərdən biri “digital divide” – rəqəmsal uçurumdur. Şəhər və regionlar arasında internet keyfiyyəti, cihaz təminatı, texnoloji imkanlar fərqləndikdə distant təhsil sosial bərabərsizliyi daha da artırır.
6. Dövlət siyasəti və idarəetmə. Distant təhsil sistemli strategiya, milli standartlar, normativ baza, monitorinq mexanizmləri tələb edir. Əgər dövlət distant təhsili müvəqqəti layihə kimi qəbul edirsə, sistem dayanıqlı inkişaf edə bilməz.
7. Hüquqi və etik baza. Distant təhsil şəxsi məlumatların qorunması, akademik dürüstlük, müəllif hüquqları, SI etikası kimi problemlər yaradır. Bu səbəbdən güclü hüquqi baza vacibdir.
Distant təhsilə hazırlığın diaqnostikasının məqsədi...
Diaqnostikanın əsas məqsədləri təhsil sisteminin real hazırlıq səviyyəsini müəyyən etmək, zəif istiqamətləri aşkar etmək, riskləri proqnozlaşdırmaq, strateji inkişaf planı hazırlamaqdır. Diaqnostika olmadan rəqəmsallaşma formal xarakter daşıyır, investisiyalar səmərəsiz olur, distant təhsilin keyfiyyəti aşağı düşür.
Diaqnostik meyarlar...
Texnoloji meyarlar kimi İnternet əlçatanlığı, server imkanları, platforma dayanıqlılığı kibertəhlükəsizlik qeyd edilməlidir. Pedaqoji meyarlar olaraq distant kurikulum; rəqəmsal metodika, müəllim hazırlığı, qiymətləndirmə sistemi qeyd edilməlidir. İdarəetmə meyarları kimi milli strategiya, “learning analytics”, data əsaslı qərarvermə, monitorinq sistemi qeyd edilməlidir. Sosial meyarlar olaraq rəqəmsal bərabərlik, regionlararası fərqlər, inklüzivlik qeyd edilə bilər. İnsan resursları meyarları olaraq müəllim səriştələri, texniki dəstək heyəti, kontent müəlliflərinin hazırlığı qeyd oluna bilər.
Diaqnostik metodlar…
1. Milli rəqəmsal audit aparılmalıdır. Bu zaman ölkənin internet infrastrukturu, təhsil platformaları, server imkanları təhlil edilir.
2. Təhsil müəssisələrinin monitorinqi. Bu zaman məktəb və universitetlərin texnoloji hazırlığı, distant təhsil imkanları, LMS istifadəsi qiymətləndirilir.
3. Sorğular və müsahibələr. Müəllim, tələbə və valideynlər arasında sorğu aparmaqla problemlər, ehtiyaclar, hazırlıq səviyyəsi araşdırılır.
4. Öyrənmə analitikası. Müasir təhsil sistemlərində LMS aktivliyi, iştirak səviyyəsi, kursu tamamlama faizi (bitirmə faizi), distant təhsil performansı təhlil edilir.
5. Beynəlxalq müqayisə. Ölkə daim öz təhsil sistemini beynəlxalq indekslərlə, qabaqcıl təhsil sistemləri ilə müqayisə etməlidir.
Öyrənmə analitikası və süni intellekt (SI) əsaslı təhsil
Müasir distant təhsil data əsaslı idarə olunur. “Learning analytics” tələbə davranışlarını, müəllim fəaliyyətini, akademik riskləri analiz edir. SI sistemləri fərdi öyrənmə trayektoriyası qurur, uğursuzluq riskini proqnozlaşdırır, avtomatik tövsiyələr verir. Bu artıq “smart education” modelidir.
Distant təhsil hazırlığının səviyyələri
1. Elementar səviyyə: Bu səviyyəyə video-dərslər, fayl paylaşımı, formal LMS istifadəsi aiddir.
2. İnkişaf etmiş səviyyə: Bu səviyyəyə rəqəmsal kurslar, müəllim hazırlığı, elektron qiymətləndirmə aiddir.
3. Sistemli səviyyə: Bu səviyyəyə təhsil analitikası, virtual laboratoriyalar, data əsaslı idarəetmə aiddir.
4. Smart təhsil sistemi səviyyəsi: Bu səviyyəyə SI tutorlar, adaptiv təhsil, milli rəqəmsal ekosistem, fərdiləşdirilmiş öyrənmə sistemləri aiddir.
Azərbaycanda mövcud problemlər...
1. Rəqəmsal bərabərsizlik. Regionlarda internet keyfiyyəti, cihaz təminatı, texnoloji imkanlar bərabər deyil.
2. Formal rəqəmsallaşma. Bir çox hallarda distant təhsil sadəcə video-dərslərə, PDF paylaşımına çevrilir.
3. Müəllim hazırlığı problem. Bizim ən böyük problemlərimizdən biri də rəqəmsal pedaqogikanın zəif olmasıdır.
4. Təhsil analitikası sistemlərinin olmaması. Bir çox təhsil müəssisəsi LMS məlumatlarından istifadə etmir, data əsaslı idarəetmə tətbiq etmir.
5. Milli platforma problemleri. Parçalanmış sistemlər inteqrasiyanı çətinləşdirir, məlumat axınını zəiflədir.
Milli diaqnostik model
I mərhələ – milli audit. Ölkənin internet infrastrukturu, təhsil platformaları, regionlararası fərqləri təhlil edilir.
II mərhələ – insan kapitalının qiymətləndirilməsi. Müəllim və tələbələrin rəqəmsal səriştələri, distant təhsil hazırlığının ölçülməsi.
III mərhələ – təlim analitikası sistemi. Milli səviyyədə təhsil məlumatları, performans göstəriciləri, risk faktorları təhlil edilir.
IV mərhələ – SI əsaslı monitorinq. SI sistemləri akademik riskləri, uğursuzluq ehtimallarını, distant təhsil keyfiyyətini qiymətləndirir.
Göründüyü kimi distant təhsilə hazırlığımız 1-ci səviyyəyə, yəni “elementar səviyyə”yə uyğundur. Bu səviyyədə videodərslər, fayl paylaşımı, formal LMS istifadəsi edilir.
Gələcəyin təhsil sistemi. Gələcəkdə təhsil “hybrid”, “adaptive”, SI əsaslı və fərdiləşdirilmiş modelə keçəcək. Məktəb və universitetlər fiziki məkan olmaqdan çox, rəqəmsal öyrənmə platformasına çevriləcək.
Distant təhsilin strateji əhəmiyyəti...
Distant təhsil fövqəladə hallarda təhsilin davamlılığını təmin edir, regionlararası fərqləri azaldır, həyatboyu öyrənmə modelini inkişaf etdirir, insan kapitalının davamlı inkişafını təmin edir. Distant təhsilin mövcudluğu hər bir ölkənin artıq iqtisadiyyat, əmək bazarı, milli təhlükəsizlik məsələsinə çevrilmişdir.
Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası müasir dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Tədqiqatlar göstərir ki, distant təhsilin səmərəsi yalnız texnologiyalardan deyil, bütün təhsil ekosisteminin rəqəmsal transformasiyası səviyyəsindən asılıdır. Müasir təhsil sistemi data əsaslı idarəetmə, təlim analitikası, SI inteqrasiyası, rəqəmsal pedaqogika, milli rəqəmsal platformalar üzərində qurulmalıdır. Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqət həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir. Yalnız bu halda təhsilin əlçatanlığı artar, regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr. Beləliklə, gələcəyin uğurlu təhsil sistemi yalnız rəqəmsal texnologiyalara malik olan deyil, həmin texnologiyaları strateji, pedaqoji və idarəetmə baxımından effektiv istifadə edə bilən sistem olacaqdır...
Müəllif: dosent İlham Əhmədov