“Azərbaycanda sistemli təhsil analitikası zəifdir, müstəqil tədqiqat mərkəzləri azdır, data açıq deyil, elmi debat mədəniyyəti formalaşmayıb. Bu səbəbdən ekspertlik çox vaxt şəxsi nüfuz və mediatik görünürlüklə əvəz olunur...”
“Ekspert sadəcə fikir bildirən şəxs deyil, mürəkkəb sistemləri təhlil edən, səbəb-nəticə əlaqələrini quran, həll modelləri təklif edən peşəkardır...”
“Təhsil eksperti müəllimdən fərqli olaraq təkcə dərs prosesini yox, bütöv sistemi təhlil edir, təkliflər verir...”
“Əgər ekspert anlayışı normal statusa, şəxsi tanınmağa, emosional şərhlərə çevrilərsə, onda təhsil siyasəti də təsadüfi və qeyri-elmi xarakter daşıyacaq, hansını ki, bu gün artıq görürük...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil eksperti kimdir? -Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı” başlıqlı növbəti analitik məqaləsini oxucuların müzakirəsinə buraxır:
Təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan TV"nin efirində deyib.
O, bildirib ki, bu məsələdə ekspertin təcrübəsi əsas olmalıdır.
Azərbaycanda son illər “təhsil eksperti” anlayışı geniş istifadə olunur. Media debatlarında, televiziya proqramlarında, sosial şəbəkələrdə və müxtəlif ictimai müzakirələrdə özünü “təhsil eksperti” kimi təqdim edən şəxslərin sayı xeyli artıb. Maraqlı paradoks yaranıb: anlayış geniş yayılsa da, onun elmi və peşəkar sərhədləri hələ də qeyri-müəyyəndir...
Elm və Təhsil Nazirliyi elə bilir ki, bu statusu onlar təyin etməlidirlər. Bu necə ola bilər ki, menecerlərin peşəkarlığı real ekspertlərə verilən tələblərdən dəfələrlə aşağı olduğu halda, onlar kimin ekspert olmasını təyin edəcəklər? Bu şagirdin tələbəni imtahan etməsinə oxşayır. ETN rəyinə qalsa, onlar şərab və ya şəkər zavodundan ixtisara düşənlərə indi də təhsil eksperti statusu verərlər, necə ki, onları təhsil meneceri təyin ediblər...
Bəzən də universitetə 250-300 balla qəbul olmuş kimlərisə ictimaiyyətə ekspert kimi təqdim edirlər, eyni zamanda da real ekspertlərin teleefirlərə çıxmasına mane olur, onlarla teledebatdan qaçırlar. Bu kontekstdə DİM sədri Məleykə Abbaszadənin səsləndirdiyi fikir diqqət çəkir: “Təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər...”
Bu yanaşma mühüm başlanğıc nöqtəsi ola bilər. Amma hesab edirik ki, məsələ daha dərindir. Təhsil eksperti sadəcə təcrübəli təhsil işçisi yox, sistemli analitik düşüncə və elmi səriştəyə malik peşəkar şəxs ola bilər...
Ekspert anlayışının devalvasiyasını görürük. Müasir informasiya dövründə “ekspert” anlayışı müəyyən mənada inflyasiyaya uğrayıb. Bu gün sosial şəbəkədə aktiv olmaq, mediada görünmək, emosional çıxışlar etmək çox vaxt ekspertlik kimi qəbul olunur. Halbuki ekspert sadəcə fikir bildirən şəxs deyil, mürəkkəb sistemləri təhlil edən, səbəb-nəticə əlaqələrini quran, həll modelləri təklif edən peşəkardır.
Təhsil sahəsində isə bu məsələ daha həssasdır. Çünki təhsil sistemi pedaqogika, psixologiya, sosiologiya, fəlsəfə, iqtisadiyyat, idarəetmə, texnologiya kimi sahələrin kəsişməsində yerləşən mürəkkəb və dinamik bir sistemdir. Belə bir sistemi təhlil etmək üçün yalnız “təcrübə” kifayət etmir.
Təhsil eksperti kimdir?..
Təhsil eksperti təhsil sistemini elmi, pedaqoji, sosial, iqtisadi, idarəetmə müstəvilərində təhlil edə bilən, bu əsasda qiymətləndirmə, proqnoz, siyasət təklifi, inkişaf modeli hazırlayan peşəkar şəxsdir. Başqa sözlə, təhsil eksperti müəllimdən fərqli olaraq təkcə dərs prosesini yox, bütöv sistemi təhlil edir, təkliflər verir...
Təkcə təcrübə kifayətdirmi?
“Ən azı 5 il təcrübə” kriteriyası vacibdir, amma kifayət deyil. Çünki insan 20 il işləyə bilər, amma sistemli analiz bacarığı formalaşmaya bilər. Digər tərəfdən, bəzi tədqiqatçılar daha az praktik təcrübəyə malik olsa da, çox güclü analitik və elmi səriştəyə sahib ola bilər. Bu səbəbdən ekspertlik sadəcə iş stajı ilə ölçülə bilməz...
Təhsil ekspertinin əsas peşə səriştələri...
1. Analitik düşüncə.
Ekspert problemi təsvir etməməli, problemin səbəb strukturunu analiz etməlidir. Məsələn, “şagirdlərin nəticələri zəifdir” demək kifayət deyil. Ekspert soruşmalıdır ki, niyə zəifdir? Hansı amillər buna təsir edir? Sistemin hansı hissəsi problem yaradır?
2. Elmi tədqiqat bacarığı.
Ekspert empirik tədqiqat aparmalı, data analiz etməli, metodologiyanı bilməlidir. Çünki fikir başqa şeydir, elmi nəticə başqa...
3. Təhsil siyasəti səriştəsi.
Ekspert qanunvericiliyi, beynəlxalq modelləri, idarəetmə mexanizmlərini bilməlidir.
4. Beynəlxalq müqayisə bacarığı.
Müasir təhsil qlobal sistemdir. Ekspert Finlandiya, Sinqapur, Cənubi Koreya, Estoniya kimi modelləri bilmədən obyektiv analiz apara bilməz.
5. Proqnozlaşdırma bacarığı.
Təhsil eksperti yalnız bu günü deyil, gələcək tendensiyaları da görməlidir. Məsələn, təhsil eksperti süni intellektin təhsilə təsiri, gələcəyin peşələri, rəqəmsal transformasiya v.s. məsələləri dərindən bilməlidir.
6. Kommunikasiya və ictimai izah bacarığı.
Ekspert mürəkkəb ideyaları sadə izah etməyi, ictimai müzakirə aparmağı, manipulyasiyadan uzaq danışmağı bacarmalıdır.
Təhsil ekspertinin professioqramının təsviri.
Peşə professioqramı, peşənin ideal modelidir. Azərbaycan üçün təhsil eksperti professioqramı aşağıdakı elementləri əhatə edə bilər:
Təhsil və akademik baza: pedaqogika, psixologiya, təhsil idarəçiliyi, təhsil siyasəti, təhsil fəlsəfəsi, sosiologiya üzrə biliklər.
Praktik təcrübə olaraq məktəb, universitet, idarəetmə, layihə fəaliyyəti, tədqiqat təcrübəsinə malik olmalıdır.
Elmi fəaliyyəti məqalələr, analitik hesabatlar, tətbiqi tədqiqatlar, konfrans çıxışları əhatə etməlidir.
Data və texnologiya savadlılığına sahib olmalıdır. Müasir ekspert statistik analiz, süni intellekt, rəqəmsal təhsil platformaları barədə məlumatlı olmalıdır.
Təhsil ekspertinin müəyyən etik standartları var...
Ekspert siyasi sifarişlə, məmur göstərişləri ilə, şəxsi maraqla yox, dövlət və milli maraqlar naminə, elmi obyektivliklə işləməlidir...
Azərbaycanda əsas problem kimi ekspert azlığı ilə yanaşı, ekspertiza böhranını da qeyd etmək olar...
Əsas problem təkcə fərdlərlə bağlı deyil. Azərbaycanda sistemli təhsil analitikası zəifdir, müstəqil tədqiqat mərkəzləri azdır, data açıq deyil, elmi debat mədəniyyəti formalaşmayıb. Bu səbəbdən ekspertlik çox vaxt şəxsi nüfuz və mediatik görünürlüklə əvəz olunur...
Təhsil eksperti nə etməməlidir?..
Bu da çox vacib məsələdir. Ekspert populist çıxışlar etməməli, emosional manipulyasiya etməməli, hər mövzuda “mütləq fikir sahibi” kimi davranmamalıdır. Çünki həqiqi ekspert qeyri-müəyyənliyi qəbul edir, sübutla danışır, bilmədiyini etiraf edə bilir...
Yeni dövrdə yeni ekspert modeli...
Süni intellekt və rəqəmsal transformasiya dövründə ekspert anlayışı dəyişir. Yeni nəsil təhsil eksperti multidissiplinar, texnoloji savadlı, qlobal düşüncəli, data əsaslı işləyən şəxs olmalıdır. Artıq sadəcə müəllim təcrübəsi, və ya inzibati vəzifə ekspertlik üçün kifayət deyil.
Azərbaycana nə lazımdır?..
1. Təhsil ekspertlərinin peşə standartı. Rəsmi səriştə modeli hazırlanmalıdır.
2. Müstəqil təhsil analitika mərkəzləri yaradılmalıdır. Data əsaslı araşdırmalar aparılmalıdır.
3. Açıq elmi müzakirə mühiti. Ekspertiza şəxslərə yox, arqumentlərə əsaslanmalıdır.
4. Təhsil siyasəti laboratoriyaları yaradılmalıdır. Pilot modellər və eksperimental platformalar yaradılmalıdır.
Beləliklə görürük ki, təhsil eksperti sadəcə təcrübəli müəllim və ya mediada görünən şəxs deyil. O, sistemi təhlil edən, gələcəyi proqnozlaşdıran, elmi əsaslı həll modelləri quran peşəkar düşüncə sahibidir. Əgər ekspert anlayışı normal statusa, şəxsi tanınmağa, emosional şərhlərə çevrilərsə, onda təhsil siyasəti də təsadüfi və qeyri-elmi xarakter daşıyacaq, hansını ki, bu gün artıq görürük...”
Müəllif: Dosent İlham Əhmədov