“Belə olsaydı, cəmiyyət də hörmətli deputatın “Yaxşı oxusaydınız, yaxşı maaş alardınız” tezisini qəribçiliyə salmazdı, hamı bilərdi ki, yüksək postlarda yalnız savadlı kadrlar əyləşiblər. Başa düşərdik ki, elə məhz buna görə də Səyyad Aranın bu sözlərindən sonra məmurların maaşı 4 qat artırıldı…”
“Bu məqamda elm və təhsil naziri Emin Əmrullayev cənablarının da bir deyimini xatırlamamaq olmur. Hörmətli nazir deyir ki, Azərbaycan vətəndaşlarının 60 % oxuduğu mətni dərk etmir. Deyəsən, Emin müəllim haqlıdır. Hər halda ETN-də nəinki oxuduğunu, öz danışdığını da dərk etməyənlər az deyil...”
“Meritokratiya deyilən bir anlayış da var. Bu bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsuludur. Bu idarə üsulunda hakimiyyət yüksək fərdi potensialı, özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik olmur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir.”
Bunu Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov söyləyib.
Ekspert Azərbaycan parlament üzvü Səyyad Aranın bir müddət əvvəl cəmiyyətdə rezonans doğurmuş bir çıxışını xatırladaraq belə deyib:
“"Sizlər də zəhmət çəkib, yaxşı oxuyardınız, yaxşı təhsil alardınız, savadlı olardınız, indi yüksək maaş alardınız, 400 manat almazdınız". Çoxumuzun yadında olar ki, bunu bir müddət əvvəl deputat Səyyad Aran ictimaiyyətə irad tutaraq deyirdi.
Amma çox güman ki, nə Səyyad Aran özü, nə onun seçiciləri, nə də cəmiyyət onun bu sözlərinin gerçəkliyi əks etdirdiyinə inanmır. Elə parlamentdə mətni üzündən oxuyanda səhvlərə yol verən deputatlarımız da az deyil. Başqa qurumlarda da elə.
Bu məqamda elm və təhsil naziri Emin Əmrullayev cənablarının da bir deyimini xatırlamamaq olmur. Hörmətli nazir deyir ki, Azərbaycan vətəndaşlarının 60 % oxuduğu mətni dərk etmir. Deyəsən, Emin müəllim haqlıdır. Hər halda ETN-də nəinki oxuduğunu, öz danışdığını da dərk etməyənlər az deyil...
Nazirə onu da xatırladıram ki, 20 ildir biz ETN-ə dəstək məqsədi ilə təhsil islahatlarında edilən səhvləri təhlil edir, məqalələr yazırıq. Amma onlar tərəfindən heç bir reaksiya yoxdur, təhsil də heç cür inkişaf etmir. Görünür, yazılan məqalənin mətninin doğru-düzgün anlaşılması problemi təhsil menecerlərinin özlərinə də aiddir.
Bəzi müəllim həmkarlarım deyirlər ki, vaxtilə dərs dediyimiz siniflərdə və ya qruplarda ən zəif şagirdlər və tələbələrin arasında elələri də var ki, bu gün yüksək postlardadırlar, hətta aralarında nazirlər də var...”
Davamında alim nəzərə çatdırıb ki, hörmətli deputatın “Yaxşı oxusaydınız, yaxşı maaş alardınız” tezisi ilk baxışda sadə motivasiya kimi görünür, amma ictimai kontekstdə səsləndiriləndə daha dərin sual doğurur:
“Azərbaycanda sosial-iqtisadi uğur doğrudanmı təhsilin birbaşa nəticəsidir? Bu sual artıq təkcə fərdi məsuliyyətlə bağlı deyil. O, həm də sistem, ədalət və etimad məsələsidir…”
“Meritokratiya deyilən bir anlayış da var. Bu bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsuludur. Bu idarə üsulunda hakimiyyət yüksək fərdi potensialı, özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik olmur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir… Düşünürəm ki, meritokratiya ideal modeldir, amma bizim reallıq tam fərqlidir. Bu yanaşmanın əsasında belə bir prinsip dayanır ki, yaxşı oxuyan, savadlı kadrlar irəli gedir. Məhz bu model meritokratiya kimi tanınır. Amma problem haradadır? Əgər cəmiyyətdə zəif akademik nəticə göstərənlər yüksək post tutursa, güclü təhsil alanlar aşağı maaşla işləyirsə, onda bu model ya işləmir, ya da formal xarakter daşıyır”, -deyə alim diqqətə çatdırıb.
Ekspert bildirir ki, Azərbaycanda təhsil və uğur arasındakı əlaqə zənciri qırılıb:
“Millət vəkilinin dediyi modeldə əlaqə zənciri: təhsil, savad, yüksək maaş kimidir. Amma reallıqda bu zəncir çox vaxt belə işləyir: əlaqələr, vəzifə, gəlir. Buna görə də şərabsatan, şəkərsatanlar təhsil sistemində yüksək post tuturlar. Nəticədə təhsil motivasiya aləti olmaqdan çıxır, sosial lift funksiyası zəifləyir…”
“Bəs TQDK və DİM dataları nə deyir?” deyə sual edən İlham Əhmədov ardınca belə deyib:
“Dövlət İmtahan Mərkəzinin sədri M. Abbaszadə də dəfələrlə bildirib ki, " ... bizdə son 35 ilin qəbul imtahanlarının nəticələrindən ibarət data var. Biz bilirik ki, kim, nə vaxt, neçə balla, hansı ali məktəbə qəbul olub". Məleykə xanımın dediklərindən bəlli olur ki, deməli, bu gün 25-50 yaş arasında olan deputatlar, nazirlər, icra başçıları v.s. yüksək post tutan məmurların TQDK və DİM-də verdikləri imtahan balları həmin datalarda var. Müvafiq dövlət qurumlarının razılığı ilə, bu gün parlamentdə və hökumətdə təmsil olunan 50 yaşa qədər olan məmurların vaxtilə qəbul imtahanlarında yığdığı balların ictimailəşdirilməsi çox maraqlı olardı. Belə olsaydı, cəmiyyət də deputatın “Yaxşı oxusaydınız, yaxşı maaş alardınız” tezisini qəribçiliyə salmazdı, hamı bilərdi ki, yüksək postlarda yalnız savadlı kadrlar əyləşiblər. Başa düşərdik ki, elə məhz buna görə də Səyyad Aranın bu sözlərindən sonra məmurların maaşı 4 qat artırıldı…”
“Bəyənmədiyimiz sovet vaxtı, professorun maaşı nazirin, raykomun, digər rəhbər kadrların maaşından yüksək idi, indi ömründə bir məqalə yazmayan nazirlər professordan 10-12 dəfə çox maaş alır. Amma təklif etdiyimiz aşkarlıq həm də indiki gənclərin təhsilə, elmə, savada olan motivini yüksəldə bilərdi. İnsan kapitalına dəyər veririksə, bu məlumatlar şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Ən əsası odur ki, deyilən faktlar açıqlansa, hörmətli Səyyad Aranınsözünə şübhə ilə baxanlar, onun həqiqəti söyləməsinə tam əmin olardılar. Burda, məncə, heç bir dövlət sirri-filan da yoxdur”, -deyə ekspert vurğulayıb.
Sultan Laçın