Ermənistanda hakimiyyət dəyişsə belə... Deputat sülh prosesinin taleyindən danışdı
Ekskluziv
620
16:56, Bu gün

Ermənistanda hakimiyyət dəyişsə belə... Deputat sülh prosesinin taleyindən danışdı

Ermənistanda keçiriləcək seçkilər sülh prosesi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Regionda davam edən danışıqlar və razılaşma istiqamətində atılan addımlar bu seçkilərin mümkün təsirləri barədə suallar doğurur. 

Maraqlıdır, Ermənistanla Azərbaycan arasında anklav kəndlərin qaytarılması və sərhədlərin delimitasiya–demarkasiya prosesinin seçkilərdən sonra, xüsusilə də iyul ayında başlanması ehtimalı səslənir. Bu fondda yekun sülh sazişinə doğru gedən prosesi necə qiymətləndirirsiniz və prosesin real nəticə verməsi üçün hansı əsas siyasi və texniki şərtlər təmin olunmalıdır? Eyni zamanda, regionda maraqları olan kənar güclərin, xüsusilə Rusiyanın mümkün təsir və təzyiqləri bu mərhələdə sülh gündəminə hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlama verib. 

Deputat qeyd edib ki, hesab edirəm ki, Ermənistanda bu həftənin sonunda keçiriləcək seçkilər sülh prosesinə nəticəsindən asılı olmayaraq təsir göstərməyəcək, təsir olsa belə, bu, çox cüzi olacaqdır:

"Yalnız zaman baxımından müəyyən fərqli yanaşmalar ola bilər, lakin sülh müqaviləsinin bağlanması və onun şərtlərində hər hansı dəyişiklik olacağını güman etmirəm. Çünki 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan ötən 5 il ərzində hər dəqiqə, hər addımda prosesləri öz nəzarətində saxlayıb və indiyədək Azərbaycanın irəli sürdüyü bütün şərtlər Ermənistan rəhbərliyi tərəfindən təmin olunubdur. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü bütün təkliflər və şərtlər ədalətli xarakter daşıyır, beynəlxalq normalara uyğundur və ölkələrin suveren hüquqlarına, eləcə də ərazi bütövlüyünə hörmət prinsipi əsasında formalaşdırılıb. Şübhəsiz ki, burada kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi əsas elementlərdən biridir və seçkilərdən dərhal sonra həm anklavlar məsələsinə baxılması, həm də sərhədlərin delimitasiya prosesinin sürətlənməsi gözləniləndir.

Əlbəttə, Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə bu proseslərin daha sürətlə gedəcəyi ehtimal olunur. Lakin Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi qətidir və Ermənistanın bu prosesdən kənarda qalmaq imkanı yoxdur. Xüsusilə ötən ilin 8 avqustunda Ağ evdə paraflanan sülh müqaviləsinin şərtlərinin dəyişdirilməsinə bu gün Ermənistanda heç bir qüvvənin gücü çatmaz. İstər Rusiyanın müəyyən təsirləri, istərsə də maraqları var ki, orada Rusiyaya yönlü şəxslər hakimiyyətə gəlsinlər. Lakin bunun şansı o qədər də yüksək deyil. Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bir daha dərk edib ki, öz qonşuları ilə sülh şəraitində yaşamaq daimi münaqişə vəziyyətindən daha sərfəlidir".

Millət vəkili vurğulayıb ki, Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlaması üçün nə hərbi-texniki, nə də ictimai-siyasi baxımdan hazırlığı var və bu, real görünmür:

"Azərbaycan isə öz gücünü getdikcə artırır və regionda, eləcə də dünyada ən nüfuzlu dövlətlərdən biridir. Bu gün sülh prosesinə təsir edə biləcək heç bir qüvvənin mövcud olmadığını hesab edirəm. Bəli, Rusiyanın müəyyən dairələrinin bəyanatlarını da eşidirik, xüsusilə də orada Rusiyaya pərəst şəxslərin hakimiyyətə gəlməsi üçün müəyyən dəstək cəhdləri də görünür. Ancaq mən düşünürəm ki, yenə də Paşinyanın iqtidarı bu seçkilərdə qalib gələcəkdir.

Bir daha qeyd etmək istəyirəm ki, sülh müqaviləsinin bağlanması şərtləri Azərbaycanın irəli sürdüyü reallıqlar və tələblər çərçivəsində olacaqdır. Əgər Paşinyan iqtidarı davam edərsə, bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanması tamamilə real görünür.  Digər bir siyasi qüvvənin hakimiyyətə gəlməsi sülh müqaviləsinin mahiyyətinə ciddi təsir göstərməyəcək, sadəcə prosesin müddəti bir qədər uzana bilər. Lakin real görünən odur ki, Paşinyan da sülh müqaviləsinə imza atan Ermənistanın baş naziri olacaqdır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər