"Vaşinqton və Tehran müharibəni dayandırmağa yaxın görünsə də, yekun qərar hələ də Müctəba Xameneinin əlindədir..."
ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı xəbərlər artsa da, proses hələ yekun mərhələyə çatmayıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "vesty.co" nəşri yazıb.
Xamenei sənədə imza atacaqmı?
İsrailli jurnalist və analitik Ronen Berqman yazır ki, hazırda ortada yalnız ümumi çərçivəni əks etdirən ilkin memorandum var və əsas sual qalır: Müctəba Xamenei bu sənədə son anda imza atacaqmı? Məqalədə qeyd olunur ki, Vaşinqton müharibəni dayandırmaq üçün demək olar çarəsiz şəkildə razılaşma axtarır. İran rəhbərliyində də savaşın davamının ölkə üçün fəlakətə çevrilə biləcəyini anlayan qüvvələr mövcuddur. Lakin buna baxmayaraq, hələ yekun sənəd yoxdur.
Hazırkı layihəyə əsasən, tərəflər əvvəlcə atəşkəs, Hörmüz boğazının açılması, İran limanlarına tətbiq edilən iqtisadi blokadanın yumşaldılması və Tehranın dondurulmuş 25 milyard dollarlıq aktivlərinin azad edilməsi barədə razılığa gəlməlidir. Daha sonra isə nüvə proqramı üzrə 30-60 günlük yeni danışıqlar mərhələsi başlamalıdır.
Ancaq sənəddə İranın nüvə proqramının necə məhdudlaşdırılacağı barədə konkret mexanizm göstərilmir.
Kölgədəki əsas fiqur
Berqmanın sözlərinə görə, prosesin taleyini müəyyən edən əsas şəxs İranın ali dini liderinin oğlu Müctəba Xameneidir. İsrailin məlumatına görə, o, hələ razılaşmaya yekun təsdiq verməyib. Məqalədə bildirilir ki, Müctəba gizli bunkerdə fəaliyyət göstərir və qərarlar son dərəcə məhdud çevrə vasitəsilə ötürülür. Bu səbəbdən "irəliləyiş var" mesajı ilə real razılaşma arasında böyük fərq yaranır.
Tramp hücumu dayandırıb
Məqaləyə görə, ötən həftə ABŞ İranı yenidən genişmiqyaslı zərbə ilə vurmağa çox yaxın olub. Hücum planlarına raket kompleksləri, yeraltı tunellər və enerji infrastrukturu daxil idi. İsraildə yüksək döyüş hazırlığı elan olunsa da, Donald Tramp son anda əməliyyatı təxirə salıb. Rəsmi səbəb ərəb liderlərinin danışıqlara daha çox vaxt verilməsi ilə bağlı müraciəti olub.
İsrail narahatdır
Məqalədə qeyd olunur ki, İsrail üçün əsas problem mümkün razılaşmanın İranın nüvə infrastrukturunu tam ləğv etməməsi ehtimalıdır. Berqman yazır ki, Netanyahu illərlə İran təhlükəsini siyasi layihəsinin mərkəzinə çevirsə də, indi prosesə tam nəzarət edə bilmir və Vaşinqtonla Tehran arasında aparılan danışıqlarda birbaşa iştirak etmir. Müəllifin fikrincə, hazırda ortada yalnız proses və ilkin çərçivə var: "Müctəba son sözünü deməyənə və sənəd imzalanmayana qədər heç nə yekunlaşmayıb".