ABŞ–İran arasında diplomatik kanalların açıq saxlanılması müharibə riskini azaldır, yoxsa artırır?
Ekskluziv
366
20 May 2026 | 23:00

ABŞ–İran arasında diplomatik kanalların açıq saxlanılması müharibə riskini azaldır, yoxsa artırır?

İran ilə ABŞ arasında formalaşan gərgin geosiyasi münasibətlər son dövrlərdə daha çox dolayı diplomatik kanallar üzərindən idarə olunan mürəkkəb prosesə çevrilib. Bu çərçivədə Pakistan kimi regional aktorların vasitəçilik rolu diqqət çəkən əsas elementlərdən biri kimi ön plana çıxır. Tərəflərin açıq qarşıdurmadan daha çox siyasi manevr və vaxt qazanma strategiyalarına üstünlük verməsi prosesin xarakterini daha da mürəkkəbləşdirir. 

Maraqlıdır, Tehranın Pakistan vasitəsilə davam etdirdiyi diplomatik manevrlər ABŞ-ın mümkün hücum planlarını neytrallaşdırmağa hesablanıb, yoxsa İran sadəcə vaxt qazanaraq hərbi potensialını gücləndirməyə çalışır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Çingiz Şahbazi açıqlama verib. 

Politoloq qeyd edib ki, İranın ABŞ-la bağlı Pakistan üzərindən yürütdüyü ümumi siyasət və apardığı diplomatik manevrlər, böyük ehtimalla müxtəlif məqsədlərə xidmət edir:

"Bura ABŞ-la baş verənlərin pərdəarxası və gizli razılaşmaları da əlavə etmək olar. Həmçinin ABŞ-ın mümkün hərbi planlarını ləngitmək və Tehranın, özünü rasional, danışıqlar masasına açıq kimi göstərmək cəhdi də açıq şəkildə ortadadır. Hazırkı dinamikada müşahidə olunur ki, Pakistan son aylarda Vaşinqton-Tehran arasında əsas vasitələçilərdən birinə çevrilib. Bu kanal rəsmi Tehran üçün bir çox hallarda xüsusi əhəmiyyət kəsb edir və üstünlük əldə etmək üçün strateji platforma hesab etmək olar. İran Pakistan vasitəsilə vaxt qazanmaq və hərbi eskalasiyanı gecikdirmək məqsədilə mükəmməl manevr imkanları əldə edə bilir.

Hər iki ölkə diplomatik kanalları açıq saxlayır və bu da daxili və xarici auditoriyaya hesablanmış "hələ danışıqlar prosesi davam edir" arqumentindən istifadə etməyə imkan verir. Belə bir vəziyyətdə birbaşa zərbə qərarı verilməsi siyasi baxımdan çətinləşir. Bu baxımdan ABŞ prezidenti Tramp, İrana qarşı hərbi əməliyyatlara hazırlığı saxlamağa məcbur qalıb və indi də hücumların təxirə salındığı vurğulanır.

İran çalışır ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə kimi regional aktyorları proseslərə cəlb etsin və regionda cərəyan edən hadisələri  ABŞ-İran qarşıdurması kontekstindən çıxarsın və region ölkələrinin də geniş müharibənin əleyhinə olduqlarını hər kəsə sübut etsin. Bu minvalla İran, diplomatiyanı özü üçün strateji olaraq görür və hələ ki mükəmməl şəkildə ondan istifadə edə bilir. Bu da İsrailin ABŞ-a daha sərt xətt tutması üçün etdiyi təzyiqlərə qarşı, ən məqbul variant hesab oluna bilər. Tehran paralel olaraq hərbi və iqtisadi təzyiq imkanlarını da nümayiş etdirir".

Çingiz Şahbazi vurğulayıb ki, xüsusilə də Hörmüz boğazında  nəzarəti artırması dünyanın diqqətini bu məsələyə cəlb etmək üçün kifayət qədər faydalı ola biləcəyini düşünürəm:

"Doğrudur, Trampın açıqlamalarına diqqət yetirsək, görərik ki son günlər İranın bu istiqamətdə yürütdüyü diplomatiya tam etibarlı hesab edilmir. Bu baxımdan hərbi əməliyyatlara başlamaq ehtimalı hər dəqiqə üçün məqbul hesab olunur. Vaşinqton uzunmüddətli perspektivdə hərbi hazırlıq saxladıqca bunun siyasi və iqtisadi baxımdan, xərcləri artırdığını anlayır. İran hesab edir ki, zaman uzandıqca ABŞ daxilində fikir ayrılığı, enerji bazarında təzyiq və beynəlxalq aləmdə müharibəyə qarşı mövqe güclənəcək.

Bu baxımdan ABŞ-ın mümkün hücum planlarını neytrallaşdırmaq üçün İran, yalnız müdafiə mövqeyində siyasi planlar qurmur. Paralel olaraq çəkindirmə strategiyasına da kifayət qədər yer verir. Qarşı tərəfə göstərmək istəyir ki, mümkün hücumun regional və iqtisadi qiyməti çox da baha olacaq.  Hörmüz boğazı, proksi qüvvələr və raket potensialı bu strategiyanın əsas elementləri kimi ön plana çəkilir. Qısacası Tehran diplomatiyanı sülh aləti olmaqdan daha çox strateji fasilə ve mövqe bərpası olaraq istifadə etməyə çalışır".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər