Son aylarda Azərbaycanda avtomobil bazarında idxal və satış göstəricilərində dəyişikliklər müşahidə olunur. Xüsusilə ilin ilk aylarında bazarda satışların bir qədər azalması və alıcıların daha çox gözləmə mövqeyi tutması diqqət çəkir.
Maraqlıdır, müşahidə olunan azalma nə ilə bağlıdır və bu tendensiya nəqliyyat bazarına necə təsir göstərir?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev açıqlama verib.

Sədr qeyd edib ki, Azərbaycanda avtomobil bazarında hər ilin əvvəlində, xüsusilə yanvar, fevral və mart aylarının sonuna qədər satış həcmlərində müəyyən azalma müşahidə olunur:
"Bu tendensiyanın əsas səbəbi alıcıların avtomobilin istehsal ilinə xüsusi həssaslıqla yanaşmasıdır. Misalçün, hazırda 2026-cı ildə olduğumuz üçün insanlar yeni avtomobil alarkən onun istehsal tarixinin də məhz 2026-cı ilə aid olmasını istəyirlər. Heç kim yeni avtomobil alıb onun sənədlərində istehsal ilinin 2025 kimi göstərilməsini arzulamır. Digər tərəfdən, alıcılar avtomobilin istehsalından sonra logistika, daşınma və ölkəyə çatdırılma prosesinin təxminən iki ay yarımdan üç aya qədər vaxt apardığını da nəzərə alırlar. Bu səbəbdən ilin ilk aylarında insanlar daha çox gözləmə mövqeyi seçirlər. Bu, artıq uzun illərdir Azərbaycan avtomobil bazarında formalaşmış və davam edən bir tendensiyadır.
Lakin ötən ilin göstəricilərini bu ilin nəticələri ilə müqayisə etdikdə görürük ki, keçən ilin ilk dörd ayında daha çox avtomobil satılıb və idxal olunub. Bunun əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən dövlət güzəştləri idi. Dövlət tərəfindən təqdim olunan bu güzəştlər insanlarda ciddi maraq yaratdı və vətəndaşlar həmin imkanlardan vaxt itirmədən istifadə etməyə çalışdılar. Burada həm də taksi parkının yenilənməsi prosesi də mühüm rol oynadı.
Məhz bu amillər səbəbindən insanlar əvvəlki illərdə elektrik və hibrid avtomobillərə daha çox üstünlük verirdilər və bazarda yüksək aktivlik müşahidə olunurdu. Həm taksi parkının böyük hissəsi yeniləndi, həm elektrik və hibrid avtomobillərə keçid sürətləndi, həm də fərdi şəxslər tərəfindən kifayət qədər yeni avtomobil alındı. Nəticədə bazarda müəyyən mənada doyma mərhələsi formalaşdı.
Eyyub Əliyev vurğulayıb ki, bununla belə, mövcud tendensiyanın zəifləyəcəyini düşünmək düzgün olmazdı:
"Əksinə, artıq ilin ortalarına doğru irəlilədikcə satış dinamikasının daha da artacağı gözlənilir. Təbii ki, bu il ötən ilin rekord göstəricilərini təkrarlamayacaq. Yəni ölkədə 70 mindən çox yeni avtomobil satışı gözlənilməsə də, proqnozlaşdırmaq olar ki, ən azı 50 min yeni avtomobilin satışı reallaşacaq. Hazırda ölkədə avtoparkın yenilənməsi istiqamətində proses davam edir.
Çünki avtoparkda istismar müddəti 10 ildən artıq olan avtomobillərin payı hələ də kifayət qədər yüksəkdir və bu göstərici təxminən 80 faiz təşkil edir. Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, ilin ilk dörd ayında müşahidə olunan nisbətən zəif satış dinamikasına baxmayaraq, növbəti aylarda avtomobil bazarında aktivliyin və satış göstəricilərinin artacağı gözlənilir".
Pərvin Şakirqızı