Pekində yeni mesajlar: Putin və Si Tszinpin
Ekskluziv
353
13:09, Bu gün

Pekində yeni mesajlar: Putin və Si Tszinpin "ədalətli dünya nizamı"ndan danışdı - "Deutsche Welle"

 
Çin və Rusiya liderləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib, əsas diqqət enerji və geosiyasi məsələlərə yönəlib...
 
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tszinpin Pekində keçirilən görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da gücləndirilməsini müzakirə ediblər. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Münasibətlər misilsiz səviyyədədir"
 
Tərəflər Çin-Rusiya münasibətlərinin "ən yüksək səviyyəyə" çatdığını vurğulayaraq, beynəlxalq arenada koordinasiyanı genişləndirmək niyyətlərini açıqlayıblar. Pekində keçirilən sammit zamanı Putin bildirib ki, Rusiya ilə Çin arasındakı münasibətlər "misilsiz səviyyəyə" yüksəlib və hərtərəfli tərəfdaşlıq nümunəsinə çevrilib. Kreml rəhbəri Moskva ilə Pekinin qlobal sabitlik üçün mühüm amil olduğunu iddia edib.
Putin xüsusilə enerji əməkdaşlığını ön plana çıxarıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran fonunda Rusiya Çin üçün etibarlı enerji təchizatçısı olaraq qalır, Pekin isə məsuliyyətli tərəfdaş rolunu oynayır. Rusiya lideri "Sibirin Gücü-2" qaz kəməri layihəsinin də əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
 
Enerji və ticarət əməkdaşlığı diqqət mərkəzindədir
 
Məlumata görə, Rusiya ötən il də Çinə ən böyük enerji ixracatçılarından biri olub. Moskva Pekinə milyonlarla ton neft və milyardlarla kubmetr qaz tədarük edib. Bununla yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin son 25 ildə təxminən 30 dəfə artdığı bildirilir.
 
Qərb sanksiyaları altında olan Rusiya üçün Çin əsas iqtisadi tərəfdaşlardan biri hesab olunur. Buna baxmayaraq, mənbələr Pekinin "Sibirin Gücü-2" layihəsinə tam razılıq verməyə hələ tələsmədiyini qeyd edirlər. Çin tərəfinin qazın qiyməti və uzunmüddətli öhdəliklərlə bağlı ehtiyatlı mövqe sərgilədiyi bildirilir.
 
"Dünya güclünün qanunlarına qayıda bilər"
 
Si Tszinpin isə çıxışında beynəlxalq vəziyyətin təhlükəli istiqamətdə dəyişdiyini deyib. Çin liderinin fikrincə, dünya "güclünün hökm etdiyi sistemə" geri qayıtmaq riski ilə üz-üzədir və bu şəraitdə Pekinlə Moskva arasında dostluq və əməkdaşlıq daha böyük əhəmiyyət qazanır.
 
Si Tszinpin həmçinin Çin və Rusiyanın daha "ədalətli qlobal idarəetmə sistemi"nin qurulmasında mühüm rol oynamalı olduğunu bildirib. O, Yaxın Şərqdə atəşkəsin vacibliyini vurğulayaraq, regiondakı münaqişələrin enerji bazarına və tədarük zəncirlərinə mənfi təsir göstərdiyini qeyd edib.
 
Putinin Pekinə səfəri ABŞ prezidenti Donald Trampın Çinə etdiyi son səfərdən dərhal sonra baş tutub. Analitiklər bunu Vaşinqton-Pekin-Moskva xəttində geosiyasi rəqabətin daha da güclənməsinin göstəricilərindən biri kimi qiymətləndirirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər