“Əgər alim, pedaqoq islahatların  təhsili uçuruma apardığını görüb susursa, o, gələcəyin dərin böhranının iştirakçısıdır...”
Elm və Təhsil
177
14:34, Bu gün

“Əgər alim, pedaqoq islahatların  təhsili uçuruma apardığını görüb susursa, o, gələcəyin dərin böhranının iştirakçısıdır...”

“Tarix göstərir ki,  dövlətlərə ziyanı tək  xarici düşmənlər  vurmur, bəzən daxili intellektual  boşluq   peşəkar sükutdan, idarəetmə təkəbbüründən, səriştəsiz qərarlardan, gerçəkliyin gizlədilməsindən də dövlət, xalq əziyyət çəkir...”
 
“Bizim ciddi problemlərimizdən biri də  “loyal kadr” modelinin “peşəkar kadr” modelindən  üstün  tutulmasıdır.  Bəzi  hallarda  problemləri göstərənlər “narazı” sayılır, riskləri izah edənlər  “maneə” kimi təqdim olunur. Tənqid edənlər “təhlükə”li  hesab edilir, susanlar isə “uyğun” kadr, “dövlətçi” sayılır...”
 
“Əgər mütəxəssis səhvləri görür, amma danışmırsa, bu, xəyanətdir. Bu onun  öz peşəsinə, xalqına, vətəninə, dövlətinə  xəyanətidir.  Bu strateji idarəetmənin mühüm məsələsidir...”  
 
“Bizdə idarəetmənin başqa bir faciəsi “bəli, baş üstə, müdir” mədəniyyətidir...”
 
“İdarəetmədə  bir-iki  dəfə səhv etmək mümkündür,  amma davamlı şəkildə eyni səhvləri illərlə  təkrarlamaq artıq səriştəsizliyin zirvəsidir.  Ən təhlükəlisi isə budur ki, çox vaxt idarəetmə sistemlərində səhvləri  edənlər  cəzalanmır, hətta...”  
 
“Əgər bir sistemdə  strateji vəzifələrə peşəkarlar yox, təsadüfi, sahəyə aidiyyəti olmayan kadrlar və yalnız inzibati itaətkarlığı ilə seçilən şəxslər gətirilirsə, onda səhv etmək istisna deyil, sistemin təbii nəticəsidir...”
 
“Tarixin ən ağır dərslərindən biri də budur ki,  xalqlar və dövlətlər çox zaman düşmən gücündən yox, gerçəyi eşitmək qabiliyyətini itirdikləri  üçün zəifləyirlər...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Eşidilməyən mütəxəssis, eşitməyən menecer, çökən təhsil...” başlıqlı növbəti analitik fəlsəfi məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır: 
 
“...Məsləhətli don gen olar.  Bu xalq müdrikliyi əslində idarəçiliyin, strateji qərarvermə  və milli inkişafın fundamental prinsipini ifadə edir. Mürəkkəb sistemlərdə - dövlət, iqtisadiyyat, təhsil, səhiyyə v.s. kimi  strateji  sahələrdə qərar qəbul ediləndə, təhlükəli məsələ səhvin özü  yox, səhvin vaxtında görünməməsi, göstərilməməsi və ya göstərilən səhvə  diqqət edilməməsidir.  Bu məsələdə ictimai nəzarət mühüm rola malikdir...
 
Bu haqda  Prezident  İlham Əliyev  dəfələrlə öz qəti mövqeyini bildirmişdir:  
 
“Bizim üçün əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri:  alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər  iştirak etsinlər,  öz təkliflərini versinlər. Yəni geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək. Şəffaflıq, dürüstlük, biznes mühitinin yaxşılaşdırılması, bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, bizə yeni imkanlar qazandıracaq...”   
 
Təəssüf ki, bəzi menecerlər hətta ölkə başçısının tövsiyələrini də eşitmirlər, nəinki alimlərin, mütəxəssislərin. Düzdür, belələri uzağa gedə bilmir, amma kresloda olduğu müddətdə, ona  həvalə edilən sahəni xeyli zəıiflədə bilirlər. Biz mütəmadi olaraq KİV vasitəsi ilə belə məmurların dağıdıcı əməlləri ilə tanış oluruq. Amma sonda onların sədaları Kürdəxanıdan gəlir... 
 
Tarix göstərir ki,  dövlətlərə ziyanı tək  xarici düşmənlər  vurmur, bəzən daxili intellektual  boşluq, peşəkar sükutdan, idarəetmə təkəbbüründən, səriştəsiz qərarlardan, gerçəkliyin gizlədilməsindən də dövlət, xalq əziyyət çəkir...
 
Əgər mütəxəssis səhvləri görür, amma danışmırsa, bu xəyanətdir. Bu onun  öz peşəsinə, xalqına, vətəninə, dövlətinə  xəyanətidir.  Bu, strateji idarəetmənin mühüm məsələsidir...  
 
Əgər  menecerə səhvlərini deyir, izah edirlərsə, amma o bundan heç bir nəticə çıxarmırsa, milli  mənafeyə zidd əməllərini yenə  davam etdirirsə, bu, artıq  ikiqat xəyanətdir... 
 
Mütəxəssisin vəzifəsi nöqsana göz yumub, onu təsdiqləmək deyil. Mütəxəssisin vəzifəsi cəmiyyəti, hökuməti  vaxtında gələcək təhlükələr barədə xəbərdar  etməkdir...  
 
Bizim ciddi problemlərimizdən biri də  “loyal kadr” modelinin “peşəkar kadr” modelindən  üstün  tutulmasıdır.  Bəzi  hallarda  problemləri göstərənlər “narazı” sayılır, riskləri izah edənlər  “maneə” kimi təqdim olunur. Tənqid edənlər “təhlükə”li  hesab edilir, susanlar isə “uyğun” kadr, “dövlətçi” sayılır. Nəticədə idarəetmədə “kollektiv özünü aldatma sistemi” formalaşır. Bizim təhsil sistemində, təəssüf ki, belə bir  yanaşma  on illiklərdir ki, müşahidə edilir. Təhsilin zəifləməsinin əsas səbəblərindən biri də  budur.  Rəhbər  idarəedici şəxs  heç də hər şeyi bilməz, bu, təbiidir. Amma o çox şeyi bilmirsə, bilmədiyini də bilmirsə, öyrənmək  istəmirsə, bilənləri  eşitmirsə, bu onun “xoşbəxtliyi”,  cəmiyyətin, dövlətin ciddi problemidir...   
 
Əsl mütəxəssisin funksiyası  səhvlərə göz yummaq yox,  səhvi vaxtında görmək və göstərməkdir. Həqiqətən də  mühəndis körpünün çökəcəyini görür, amma  susursa, bu cinayətdir, həkim yanlış diaqnozu görür, amma  danışmırsa, bu peşəyə və insanlığa  xəyanətdir,  iqtisadçı yanlış iqtisadi modeli görür və susursa, o, gələcək böhranın iştirakçısıdır...  
 
Əgər alim, pedaqoq təhsil sisteminin deqradasiyasını, islahatların  təhsili  uçuruma apardığını  görür və susursa, o, gələcəyin dərin böhranının  iştirakçısıdır. Çünki “təhsil millətin gələcəyidir” (Heydər Əliyev). Təhsil kimi strateji sahələrdə səhvin bədəlini sonralar on illərlə bütün  cəmiyyət ödəyir... 
 
Səriştəsiz idarəetmənin təhlükəli mərhələsi...  
 
Əgər təhsil kimi strateji sahədə mühüm postda oturan səriştəsiz menecerlər  daim səhv edirsə, mütəxəssis də onun səhvlərini davamlı olaraq göstərir, həll yolunu təqdim edir, amma yenə də menecerlər  eşitmir və görmürsə, bu  artıq yüz qat səhvdir,  milli xəyanətdir.  Burada artıq fərdi səhvdən yox, təhsil sisteminin  idarəsinin  ciddi  problemindən söhbət gedir.  İdarəetmədə  bir-iki  dəfə səhv etmək mümkündür,  amma davamlı şəkildə eyni səhvləri illərlə  təkrarlamaq artıq səriştəsizliyin zirvəsidir.  Ən təhlükəlisi isə budur ki, çox vaxt idarəetmə sistemlərində səhvlər  edənlər   cəzalanmır, hətta  səhvləri göstərənləri sıxışdırmağa cəhd edir, onun dövlət üçün əhəmiyyətli, inkişafyönlü təkliflərini, təşəbbüslərini bloklayır, KİV-ə, qrantlara, dövlət təltiflərinə və digər resurslara yolunu bağlamağa cəhdlər edilir... 
 
Bu azmış kimi vətəndaşlrın vergisi ilə formalaşan büdcəni  də öz  şəxsi mülkiyyəti kimi dost-tanışa paylayır. İndiki zamanda, geri qalan bir sahəyə  rəhbərlik edənlərin belə  hərəkətləri, ölkə prezidentinin ictimai nəzarət barədə çağırşları ilə daban-dabana ziddir.  Belə idarəetmə intellektual baxımdan çox ziyanlıdır. 
 
Hər bir dövlətin əsas resursu  təbii sərvətlər yox,  gerçəyi  dərk edən və vaxtında deyən insanlardır...  
 
Müasir dünyada dövlətlərin gücü təkcə iqtisadiyyat, ordu, təbii resurslarla ölçülmür.  Ən böyük strateji resurs peşəkar insan kapitalıdır. Əgər təhsil menecerləri müstəqil ekspertlərin  rəyini eşitmirsə, “mən təhsil eksperti  tanımıram” deyirsə, “mütəxəssis rəyi ilə hesablaşmırsa, deməli, onların  nəzərində insan kapitalının  dəyəri heçdir. Belə menecerlər  insan kapitalı yetişdirə bilərmi?.. 
 
Əgər menecerlər  alternativ fikri təhlükə sayırsa, tənqidi düşmənçilik kimi qəbul edirsə,  onda həmin sistem öz səhvlərini  vaxtında  düzəldə bilməz, reallıq hissini itirər, statistik illüziya və saxta datalarla yaşayar. Bu isə iqtisadi, sosial, elmi, institusional böhran yaradır... 
 
“Bəli, baş üstə, müdir”  mədəniyyəti  strateji tənəzzülə aparır...  
 
Bizdə idarəetmənin başqa bir faciəsi “bəli, baş üstə, müdir” mədəniyyətidir.  Bu modeldə peşəkarlıq yox, itaətkarlıq mükafatlandırılır. Belə sistemlərdə rəhbər zamanla real vəziyyəti görmür, reallıq hissini itirir. Çünki  ona  filtrdən keçmiş məlumat, kosmetik hesabat, süni uğur mənzərəsi təqdim olunur.  Nəticədə qərarlar reallıqdan uzaq, imitasiya və saxta data əsasında qurulur.  Bu halda müasir texnologiyalar idarəetmədə faydasız olur. Bu,  xüsusilə təhsil, elm, səhiyyə, iqtisadiyyat, texnologiya  kimi strateji sahələrdə daha  ağır nəticələr verir. Ona görə ki, müasir, rəqabətli dünyada  bu sahələr siyasi “PR” ilə yox, peşəkar idarəetmə ilə inkişaf edə bilər... 
 
Təhsil və elm sahəsində səhv qərarların, problemlərin  gizlədilməsi xüsusən təhlükəlidir...   
 
Əgər universitetdə keyfiyyət yoxdursa,  elmdə imitasiya varsa, statistika reallığı əks etdirmirsə, müəllim hazırlığı zəifdirsə, rəqəmsal transformasiya formaldırsa,   daim yanlış kadr və maliyyə siyasəti yürüdülürsə,  üstəlik mütəxəssislər  də susursa, onda  bu cəmiyyəti yaxın  gələcəkdə  intellektual böhran gözləyir...  
 
Ən təhlükəli böhran görünməyən böhrandır.  Çünki  dağılan körpünü hamı görür, amma dağılan düşüncə sistemini dərhal görmək olmur.  Onun nəticələri 10-20 ildən sonra ortaya çıxır və onu düzəltmək çox çətin olur. Bu, insan kapitalının deqradasiyasıdır...  
 
Səriştəsizlik təsadüfi  səhv deyil,  idarəetmə modelidirsə?..   
 
Səriştəsiz menecerin səhv etməsi təbiidir. Əgər bu sistematik səhvlər sistem tərəfindən  korreksiya edilmirsə, bu çox ciddi idarəetmə probleminin olduğunu  göstərir.  Əgər bir sistemdə  strateji vəzifələrə peşəkarlar yox, təsadüfi, sahəyə aidiyyəti olmayan kadrlar və yalnız inzibati itaətkarlığı ilə seçilən şəxslər gətirilirsə, onda səhv etmək istisna deyil, sistemin təbii nəticəsidir. Belə halda idarəetmə  öyrənən sistem yox, səhvləri təkrarlayan sistem olur... 
 
Obyektiv və peşəkar ekspertiza milli təhlükəsizliyin əsasıdır... 
 
Süni intellekt, qlobal rəqabət və texnoloji transformasiya dövründə  elm və təhsil idarəçiliyində peşəkarlıq, strateji düşüncə, elmi ekspertiza, tənqidi təhlil  artıq akademik məsələ deyil, milli təhlükəsizlik məsələsidir.  Çünki gələcəyin əsas rəqabəti xammal uğrunda deyil, intellekt, düşüncə uğrunda gedəcək.  Əgər menecerlər  mütəxəssisləri eşitmirsə, onları qərarvermədən uzaqlaşdırırsa, intellektual mühiti zəiflədirsə, onda bu təhsil  sistemi texnoloji və iqtisadi baxımdan geridə qalacaq...  
 
Güclü elm və təhsilin əsas xüsusiyyəti səhv etməmək, əsas üstünlüyü  səhvi vaxtında görmək, onu qəbul etmək,  düzəltmək bacarığıdır. Bu o zaman mümkündür ki, mütəxəssis çəkinmədən sözünü desin, ekspert qiymətləndirməsi etsin. Menecer isə ümumi inkişaf naminə tənqidin  və əməkdaşlığın  əhəmiyyətini düzgün dərk etsin, bunu  idarəetmənin əsas meyarına çevirsin.  Əks halda təhsil sistemində danışanlar susdurulur, susanlar yüksəldilir,  səhvlər strateji böhrana çevrilir. Tarixin ən ağır dərslərindən biri də budur ki,  xalqlar və dövlətlər çox zaman düşmən gücündən yox, gerçəyi eşitmək qabiliyyətini itirdiyi  üçün zəifləyirlər...
 
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin daha bir neçə ibrətamiz fikrini xatırlatmağı zəruri sayıram:
 
"Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə, deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, özünü təvazökar aparmalıdır, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə,  vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır..." 
 
Müəllif: dosent İlham Əhmədov 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər