“Unutmamalıyıq ki, Hörmüz boğazı yalnız İranın nəzarətində deyil və onun mülkiyyətçisi də İran deyil. Məsələnin həlli üçün diplomatik yollar axtarılmalıdır. Qonşu ölkələrlə danışıqlar aparılmasa...”
“Məsələ burasındadır ki, bir tərəfdən ABŞ və İran arasında danışıqlar davam edir. Elə ki danışıqlar gedir, onda Amerika tərəfinin rəsmi açıqlamalarında deyilir ki, müharibə eləmək niyyətimiz yoxdur. Lakin əgər danışıqlar zamanı tərəf müqabilinin irəli sürdüyü şərtlər və istəklər məqbul görünmürsə, onda deyirlər ki, artıq məsələnin hərbi yolla həll edəcəyik. Bu hallar artıq dəfələrlə təkrarlanıb.”
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında İran-ABŞ danışıqları, həmçinin Hörmüz boğazı ətrafındakı durumdan danışarkən dilə gətirib.
“Amma Allah uzaq eləsin, qarşıda yeni müharibə ehtimalı hələ də mövcuddur. Çünki dünyanın əksər ölkələri üçün iqtisadi baxımdan strateji əhəmiyyətli Hörmüz boğazı uzun müddət bağlı qala bilməz. Ərəb ölkələri, ümumilikdə 22 dövlət bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib.
İraqın yeni neft naziri bəyan edib ki, Hörmüz boğazı bağlanmamışdan öncə bir ay ərzində ölkə 94–97 milyon barel neft ixrac edirdi. Boğaz bağlandıqdan sonra isə bu həcm təxminən 10 dəfə azalaraq ayda cəmi 9-10 milyon barel təşkil edir. Digər Körfəz və region ölkələrində də yalnız neft, qaz deyil, bir sıra digər məhsulların ixrac və idxalıyla bağlı belə gərgin durum yaranıb. Odur ki, bu vəziyyət davamlı ola bilməz”, -deyə davamında diplomat əlavə edib.
“İran hökuməti bu günlərdə hətta Hörmüzdən keçid şərtlərini, rəsmi tarifləri, ödəniş məbləğləri və s. müəyyən edən yeni bir idarə – Fars-Körfəzi Boğazı İdarəsini yaratdığını rəsmən açıqlayıb. Buna münasibətiniz necədir?” sualını isə keçmiş səfir belə cavablandırıb:
“Aydındır. İdarə yaradılıb. Lakin unutmamalıyıq ki, Hörmüz boğazı yalnız İranın nəzarətində deyil və onun mülkiyyətçisi də İran deyil. Məsələnin həlli üçün diplomatik yollar axtarılmalıdır. Qonşu ölkələrlə danışıqlar aparılmasa, bu, növbəti daha böyük bir hərbi qarşıdurmaya gətirib çıxara bilər.
Ərəb Əmirlikləri və digər ərəb dövlətləri narazılıqlarını açıq şəkildə ifadə ediblər. Hazırda situasiya o qədər də sabit deyil. Həmçinin bəzi siqnallar göstərir ki, İsrail tərəfindən də hərbi əməliyyatların bərpasına hazırlıq işləri gedir. Belə bir vaxtda konstruktiv danışıqlar həddindən artıq vacibdir, çünki növbəti qarşıdurma zamanı hərbi əməliyyatların dairəsi daha da genişlənə və digər regionlar da sıçraya bilər...”
Sultan Laçın