“Tramp-Netanyahu rejimi bu döyüşü də uduzacaq. ABŞ-İsrail cütlüyü, sözsüz ki, İrana qarşı növbəti addımlar atacaq. Lakin...”
Tanınmış tədqiqatçı Araz Şəhrili Moderator.az-ın “Hörmüz boğazı ətrafındakı və ümumiyyətlə, ABŞ-İran qarşıdurmasındakı son durum barədə nə deyə bilərsiz?” sualına “Donald Trampın “azadlıq” avantürası” başlıqlı analitik yazı ilə cavab verib:
“ABŞ İrana qarşı müharibəni artıq uduzub. Bu, bütün nüfüzlu ekspert və mütəxəssislərin qəbul etdiyi faktdır. Lakin prezident Donald Tramp sanki hansısa möcüzəyə ümid edərək müqaviməti dayandırmır. Yəqin ki, onun ətrafına yığılmış dini ekstremistlər İsa Məsihin zühur edib iranlıları cəzalandıracağını gözləyirlər. Reallıq isə qərbli fanatiklər üçün çox acıdır. Əvvəlcə İran İslam Cümhuriyyətinin qələbəsini şərtləndirən amillərə nəzər salaq:
1. ABŞ-nin aviasiya zərbələri effektli olmadı, İran dövləti süquta uğramadı.
2. İslam Cümhuriyyəti özünün bütün hərbi potensialını saxladı.
3. İran dövləti yüksək effektlilik göstərərək milli birliyə nail oldu.
4. ABŞ ordusu İraqdan, demək olar ki, çıxarıldı.
5. ABŞ-nin regiondakı hərbi bazalarının əksəriyyəti darmadağın edildi.
6. İran Hörmüz boğazını bağlamaqla ABŞ-ni boğmağa başladı.
7. ABŞ-nin beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vuruldu.
8. ABŞ Yaxın Şərqdəki müttəfiqlərini qoruya bilmədi.
9. ABŞ-nin Avropadakı müttəfiqləri ilə münasibətləri pozuldu.
“ABŞ+İsrail - İran müharibəsində yaxın vaxtlarda nələr baş verə bilər..?” başlıqlı, 4 aprel 2026-cı il tarixli məqaləmizdə (
burada: )aşağıdakıları proqnozlaşdırmışdıq:
“Mümkündür ki, Epşteyn koalisiyası birinci (1990-1991) və ikinci (2003) körfəz savaşlarına bənzər bir situasiya yaratmağa çalışacaq. Xatırladaq ki, İraqla müharibələrdən əvvəl ABŞ İsrailə tapşırmışdı ki, İraqın raket hücumlarına qətiyyən cavab verməsin. Çünki ABŞ-nin qurduğu koalisiyaya daxil olmuş ərəb ölkələri İsraillə bir sırada döyüşmək, onun hətta epizodik müttəfiqi də olmaq istəmirdilər. İsrail müharibəyə daxil olsa idi, ərəb dövlətləri dərhal koalisiyanı tərk edəcəkdilər. Beləliklə, ABŞ-İsrail cütlüyü tarixi təcrübəni nəzərə alaraq, İranla müharibənin gedişində hansı tədbirlərə əl ata bilər? Gəlin onları sadalayaq:
1. İsrail birtərəfli qaydada müharibədən çıxdığını və bundan sonra İranın hücumlarına cavab verməyəcəyini bəyan edəcək.
2. İranı təhrik edəcəklər ki, Bəhreynə qoşun yeritsin.
3. Çalışacaqlar ki, əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistanı, sonra isə onların vasitəsilə Misir İranla müharibəyə qoşulsun”.
Beləliklə, aprelin 4-dən sonra bölgədə nələr baş verdi?..
1. ABŞ-nin təşəbbüsü ilə 2026-cı il aprelin 8-də döyüş əməliyyatları donduruldu. İndi aydın olur ki, bu atəşkəsin bir məqsədi də İsraili müharibədən üsulluca çıxarmaq idi.
2. Bəhreyn məsələsi, yəqin ki, indi də gündəmdədir. Lakin İranı ora çəkə bilmirlər. Bunun əsas səbəbi odur ki, Bəhreyn balaca ölkədir. Onun ərazisi 766 kv.km, əhalisi 1.705.000 nəfərdir. Ordusu 40.000 hərbçidən ibarətdir...
3. Əslində, əvvəldən bilinirdi ki, yeganə məqbul variant Birləşmiş Ərəb Əmirliklərini dövrəyə soxmaqdır. Bu ölkəni Yaxın Şərqdə bəzən ikinci İsrail də adlandırırlar. Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dən sonra İsrailin dünyada ikinci ən yaxın müttəfiqidir. Beləliklə, mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinə raket-dron zərbələri vuruldu. İran İslam Cümhuriyyəti bəyan etdi ki, onun həmin əməliyyata heç bir aidiyyəti yoxdur. Lakin buna baxmayaraq, mayın 8-də Birləşmiş Ərəb Əmirlikləri İrana cavab zərbələri endirdi. İran isə əvəzində iki gündür ki, Dubay və Əbu Dabi şəhərləri ətrafındakı hərbi bazaları şiddətli raket-dron atəşinə tutur.
Tramp rejiminin digər müsəlman ölkələrini müharibəyə qatmaq üzrə planı uğurlu olacaqmı? - Zənnimizcə, yox! Bunun səbəbləri aşağıdakılardır:
1. Göründüyü kimi, həmin plan müharibədən əvvəl deyil, hərbi əməliyyatların gedişində tələm-tələsik tərtib edilib. Bu, epşteynçilərin qeyri-peşəkarlığından, iranlıların isə sözügedən təhdidə çoxdan hazır olduqlarından xəbər verir.
2. “Dubay planı”, əslində, ABŞ kəşfiyyatına deyil, İsrail dövlətinə məxsusdur. İsraillilər isə belə mürəkkəb tədbirləri zərgər dəqiqliyi ilə hazırlaya bilmir, çoxlu səhvə yol verirlər. Bunu Qəzza, Livan və İran əməliyyatları birmənalı şəkildə göstərdi.
3. Birləşmiş Ərəb Əmirliklərini çıxmaq şərtilə, əməliyyatda iştirakı nəzərdə tutulan dövlətlərin heç birinin razılığı alınmayıb. Üstəlik, həmin ölkələr arasında ciddi fikir ayrılığı, narazılıqlar var. Məsələn, Səudiyyə Ərəbistanı Krallığı ilə Birləşmiş Ərəb Əmirlikləri illərdir bir-birilə düşmənçilik edirlər.
4. İsrailin gələcək təbii düşməni, əslində İran deyil, Misir və Suriya, deməli, həm də Türkiyədir. Belə ki, İsrail dövləti öz ərazisini yalnız Misir və Suriyadakı “vəd olunmuş” torpaqlar hesabına genişləndirə bilər. Bəs bu ölkə onunla heç bir sərhədi olmayan İrana qarşı niyə belə barışmaz mübarizə aparır? Fikrimizcə, İsrailin əsas məqsədi İranda hakimiyyət başına incik şahzadə Rza Pəhləvini gətirərək onun vasitəsilə bu ölkənin həm təbii, həm də insani resurslarını ələ keçirib güclənmək, sonrakı mərhələdə Pəhləvi ordusunun köməyilə Misir, Suriya, Türkiyə və Səudiyyə Ərəbistanı ərazilərini işğal etmək idi. Şübhəsiz ki, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı bu niyyətdən agahdır.
5. Əməliyyata digər ərəb dövlətləri qoşulmasalar, Birləşmiş Ərəb Əmirlikləri isə təklikdə heç nə edə bilməyəcək. Bu ölkənin ərazisi 83.600 kv.km, əhalisi 9.595.000 nəfərdir. Ordusu təxminən 65.000 hərbçidən ibarətdir, onların da 85 faizi əcnəbi muzdlulardır.
6. İran İslam Cümhuriyyəti Birləşmiş Ərəb Əmirliklərinə və ya Bəhreyn Məmləkətinə qarşı quru əməliyyatı keçirməyəcək. Əslində, İsrailin məqsədi İranı məhz belə bir hücuma təhrik etməkdir. Bu baş versə, 1991-ci il il Körfəz müharibəsi ərəfəsindəki vəziyyət yarana bilər. Amma bir daha qeyd edirik ki, İran rəhbərliyi onun üçün planlaşdırılan avantüraya getməyəcək. Çünki bunu etsə, Tramp-Netanyahu cütlüyünə qarşı müharibə paralel olaraq sünni-şiə savaşına çevriləcək. Şübhəsiz ki, iranlıları quru əməliyyatına təhrik etmək mümkün olmayacaq. Bəs israillilər bunu başa düşmürlərmi? -Yəqin ki, anlayırlar. Amma necə deyərlər, “suda boğulan saman çöpündən yapışar”. Bir sözlə, “Dubay əməliyyatı” Tramp-Netanyahu cütlüyünün düşdüyü kritik vəziyyəti bütün çılpaqlığı ilə nümayiş etdirdi.
Nəticə:
Tramp-Netanyahu rejimi bu döyüşü də uduzacaq. ABŞ-İsrail cütlüyü, sözsüz ki, İrana qarşı növbəti addımlar atacaq. Lakin yazımızı burada yekunlaşdırırıq...
Müəllif: tədqiqatçı Araz Şəhrili
Təqdim etdi: Sultan Laçın