Qələbə paradından imtina: Paşinyanın Rusiyadan məsafə strategiyası dərinləşir
Ekskluziv
369
16:11, Bu gün

Qələbə paradından imtina: Paşinyanın Rusiyadan məsafə strategiyası dərinləşir

"Nikol Paşinyan Rusiyada 9 May Qələbə paradında iştirakdan imtina etməsi aydın məsələdir ki,  “seçki kampaniyası”  ilə bağlı deyil.  Ermənistanda seçki prosesi həqiqətən sancılı keçir və vəziyyət gərgindir. Amma N. Paşinyanın real fərqli səbəbləri var. Əsas səbəblərdən biri Paşinyanın Moskva ilə münasibətlərdə artan məsafə siyasətidir".

Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib. 

Politoloq qeyd edib ki, son illərdə Ermənistanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər, xüsusilə Qarabağ münaqişəsindən sonra yaranan siyasi reallıq İrəvanın Moskva asılılığını açıq şəkildə müzakirə mövzusuna çevirib:

"Paşinyan hakimiyyəti getdikcə KTMT və ümumilikdə Rusiya təhlükəsizlik çətirinə inamını azaltmağa çalışır. Parad kimi simvolik tədbirdə iştirak isə Moskva ilə “tam siyasi loyallıq” görüntüsü yaradırdı və bu, Paşinyanın hazırkı kursuna uyğun gəlmir.

İkinci mühüm faktor daxili siyasətlə bağlıdır, amma yalnız seçki kampaniyası çərçivəsində yox.

Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərə dair ciddi parçalanma yaranıb. Bir hissə hələ də Moskvanı əsas təhlükəsizlik təminatçısı kimi görür, digər hissə isə Rusiyanı Ermənistanın suveren qərarlarına təsir edən güc kimi qəbul edir. Paşinyan parad iştirakını ləğv etməklə bu ikinci qrup elektorata mesaj verir. Yəni Ermənistanın xarici siyasəti tədricən daha çox balanslaşdırılmış və Qərbə açıq xəttə yönəlir.

Üçüncü və daha strateji səbəb Moskva ilə artan etimadsızlıqdır. Son illərdə Ermənistan-Rusiya münasibətlərində soyuqluq açıq hiss olunur. Xüsusilə təhlükəsizlik zəmanətləri, silah tədarükü və regional böhranlar zamanı Moskvanın mövqeyi İrəvanda ciddi narazılıq yaradıb. Paşinyanın paradı buraxması bu narazılığın diplomatik dillə ifadəsidir. 

Dördüncü amil isə regionda dəyişən güc balansıdır. Ermənistan artıq tək mərkəzli xarici siyasət modelindən çıxmağa çalışır və həm Avropa İttifaqı, həm də ABŞ ilə əlaqələri genişləndirməyə çalışır. Bu kontekstdə Moskvanın hərbi-siyasi simvolu olan Qələbə paradında iştirak İrəvanın yeni xarici siyasət xətti ilə uyğun gəlmir. 

Əsas xətt Moskva ilə siyasi məsafənin tədricən artırılması, Ermənistanın xarici siyasətində çoxvektorlu modelə keçid və regionda dəyişən güc balansına uyğunlaşmadır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər