“İtaliya ilə əməkdaşlıq Azərbaycanın Avropadakı təsir və nüfuzunun artması deməkdir”
Ekskluziv
378
19:27, Bu gün

“İtaliya ilə əməkdaşlıq Azərbaycanın Avropadakı təsir və nüfuzunun artması deməkdir”

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin bakı səfəri və səfər əsnasında hər iki ölkənin liderinin verdiyi bəyanatlar İtaliya-Azərbaycan əlaqələrinin sürətlə genişləndiyini göstərir.

Maraqlıdır, bu əməkdaşlıq Azərvaycanın Avropadakı təsir və nüfuzunun daha da artmasına gətirib çıxara bilərmi?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə, İtaliya ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi önəm kəsb etdiyini bildirib:

“Azərbaycanla İtaliya arasında ciddi əməkdaşlıq əlaqələri mövcuddur. İtaliya Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli ticarət partnyoru sayılır. İki dövlət arasnda ticarət dövriyəsi 11 milyard dolları aşır ki, bu da İtaliyanın Azərbaycan üçün nə qədər böyük ticarət tərəfdaşı olduğunu göstərir. Onu da qeyd edək ki, İtaliyanın neft və qaz idxalında Azərbaycan ikinci ölkədir. İki ölkə arasıdn investisiya qoyuluşu da kifayət qədər yüksəkdir.

İtaliya heç vaxt Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyib. 44 günlük müharibədən qısa müddət sonra İtaliya parlamentindən böyük nümayəndə heyəti ölkəmizə səfər etdi və Azərbaycana açıq şəkildə öz dəstəklərini ifadə etdilər. Müqayisə üçün vurğulayaq ki, həmin vaxt Fransa parlamentinin nümayəndələri qondarma rejimə dəstək xarakterli mövqe nümayiş etdirmişdilər.

İtaliya şirkətləri azad edilən rayonlarımızda həyata keçirilən quruculuq işlərində geniş rol oynayırlar.

Son illər iki dövlət arasında hərbi əməkdaşlıq sahəsində də ciddi aktivlik var. “Leonardo” şirkəti ilə ölkəmiz arasında əhəmiyyətli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq Azərbaycana Qərb texnologiyasına sahib olmağa imkan verir.

Hesab edirəm ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri iki dövlət arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək. Bu isə heç şübhəsiz Azərbaycanın Avropa məkanındakı siyasi-iqtisadi təsirinin daha da artmasına səbəb olacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər