Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Dövlət başçısının bu çıxışı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tərəfindən yüksək qiymətləndirilib, təqdirlə qarşılanıb. Antonio Koşta qeyd edib ki, İrəvanda keçirilən və Prezident İlham Əliyevin çıxış etdiyi bu sammit Qafqazda həmişə sülh sammiti kimi xatırlanacaq:
“Bu zirvə görüşü Qafqazda sülh sammiti kimi yadda qalacaq və buna cəsarətli siyasi qərarlar və səbrli diplomatik səylər səbəb olub. Bu, eskalasiyaların və müharibələrin üstünlük təşkil etdiyi bir dünyada tarixi bir hadisədir. Bunu qeyd etmək lazımdır!”
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın qeyd etdiyi kimi, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısı həqiqətən də tarixi bir hadisə, sülh sammitidir. Lakin bu toplantını bu qədər dəyərli edən onun İrəvanda keçirilməsi deyil, Prezident İlham Əliyevin bu tədbirə qatılması, Azərbaycanın sülhə sadiqliyini növbəti dəfə bəyan etməsidir. Məhz İlham Əliyevin tədbirə qatılması, ölkəmizin sülh yolunda irəliləməkdə qərarlı olduğunu bəyan etməsi bu toplantıya məna qatmaqda, onun önəmini əhəmiyyətli dərəcədə artırmaqdadır.
Şübhəsiz, İlham Əliyevin İrəvan Zirvə toplantısındakı çıxışı başda Ermənistan olmaqla, Avropa Siyasi Birliyinin də məsuliyyətini artırır. Heç kimə sirr deyil ki, sülh birtərəfli yox, ikitərəfli prosesdir və bu prosesə zaman-zaman digər qüvvələrin də müsbət və ya mənfi mənada təsirləri müşahidə olunur. Buna nümunə olaraq Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli anti-sülh qətnaməsini göstərmək olar.
Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa yönəlmiş bu qətnamə rəsmi Bakı ilə yanaşı, İrəvan tərəfndən də lənətlənməli, rədd edilməlidir. Çünki bu qətnamə yalnız və yalnız Cənubi Qafqazdakı sülh prosesinə mane olmağa, regionda yeni qarşıdurmalara rəvac verməyə xidmət edir.
Buna görə də Ermənistan, eləcə də Avropa İttifaqı Azərbaycanın sülhpərvər mövqeyini, İlham Əliyevin İrəvan Zirvə toplantısına qatılmaqla nümayiş etdirdiyi tarixi jesti düzgün qiymətləndirməli, sülh prosesinin davamlı olması və məntiqi sonluğuna çatması üçün qarşılıqlı təşəbbüs göstərməlidir. Unutmamalıdırlar ki, bunsuz sülhə qovuşmaq mümkün olmayacaq.
Seymur ƏLİYEV