“Ömründə bir dəfə doğum gününü hospialda qeyd etdi, uşaqlarını tək böyütdü” - şəhid Arəstənin anası - FOTO+ÖZƏL
Ekskluziv
224
20:40, Bu gün

“Ömründə bir dəfə doğum gününü hospialda qeyd etdi, uşaqlarını tək böyütdü” - şəhid Arəstənin anası - FOTO+ÖZƏL

Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür. Moderator.az xəbər verir ki, Arəstə Kərim qızı Baxışova 1989-cu ildə Xaçmaz şəhərində doğulub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib. Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb. 

1506849

Şəhidin anası Məktubə Baxışova Moderator.az-a açıqlamasında bildirib ki, Arəstə ömründə bir dəfə özünə doğum günü qeyd edib:

1506851

“Arəstə heç vaxt evdə tapılmırdı. Ömründə bir dəfə doğum gününü işdə-hospitalda qeyd etdi. Bu onun 30 yaşı idi. İlk və son qeyd etdiyi doğum günü oldu. Heç vaxt ad gününü qeyd etməyi sevmirdi. Mənə də deyirdi ki, “ana, əziyyət çəkmə”. Bu gün Biləcəri qəsəbəsində Şəhidlər xiyabanında onun məzarı üstünə getmişdik. İcra başçısı da, Bələdiyyə sədri də, kənd əhalisi də ziyarətinə gəlmişdilər. 1 ay olar ki, yuxularıma gəlmir. O vaxta qədər həmişə yuxularımda idi. Yuxuda da ancaq balalarını mənə tapşırıb, əmanət edirdi. Qızı Zəhranın 15, Mərdanın isə 17 yaşı tamam oldu. Mərdanın arzusu xaricdə təhsil almaqdır. Bu istiqamətdə hazırlaşır” deyə o bildirib.

Məktubə Baxışova qızının yarım qalan arzularından da danışıb:
1506852

“Arəstənin arzuları balaları ilə bağlı idi. İstəyirdi ki, onları böyütsün, təhsil versin, toylarını görsün. O iki balanı atasız böyütmüşdü. Uşaqlıqdan mənimlə qalırdılar. Hər valideynin borcudur ki, övladının bəhrəsini görsün. Təəssüflər olsun ki, bu qızıma qismət olmadı. Arəstənin atası hərbçi idi. O Çernobıl qəzasında xəsarət alıb. 1993-cü ildə dünyasını dəyişəndə Arəstənin 4 yaşı var idi. Həmişə istəyirdi ki, atası kimi igid, qoçaq olsun, tarix yazsın. Arzuladığı kimi də oldu. Mənə də deyirdi ki, “ana, şəhid olub sənin başını uca edəcəm”. Telefonla danışanda da həmişə böyük ruh yüksəkliyi ilə söhbət edirdi. Hiss etmirdik ki, orada vəziyyət ciddidir. Deyirdi ki, tezliklə qələbə bizim olacaq. Arəstə haqda keçmişdə danışmaq mənə çox ağırdır. İllər ötsə də 44 günlük vətən müharibəsinin şəhidləri heç vaxt yaddan çıxmayacaq. Onların hər biri canını vətən, torpaq üçün qurban verdi” deyə o bildirib.

Məktubə Baxışova qızı üçün yazılan mahnıdan da danışıb:

1506853

“Arəstə haqda sənədli filmlər, verilişlər hazırlanıb. Şair Qabil Ədalət şeir yazdı, Elmir Mədətoğlu onu bəstələdi, Firuzə İbadova isə oxudu. Oradakı misralar mənə çox təsir edir.. “Doğuldu torpaqdan ötrü, torpağa dönən Arəstə, bürünüb bayrağa döndü, bayrağa dönən Arəstə”.. Gözyaşlarımı saxlaya bilmirəm. Bəzən düşünürəm ki, onun haqda film çəkilsə obrazını oynamağa aktrisa tapılmayacaq. Çünki onun bənzəri yoxdur. Ağlımda belə bir aktrisa yoxdur” deyə şəhid anası bildirib.

1506854

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər