Taleyin görünməz ipi: böyüyən övladlarla əlaqəni necə qorumaq olar? - Ailə psixoloqu izah edir 
Ekskluziv
274
15:48, Bu gün

Taleyin görünməz ipi: böyüyən övladlarla əlaqəni necə qorumaq olar? - Ailə psixoloqu izah edir 

 
Nəsillərarası bağın zəifləməsinin səbəbləri və həlli yolları...
 
Övladların böyüyüb evdən ayrılması bir çox ailədə emosional boşluq yaradan ən çətin mərhələlərdən biridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "sb.by" nəşrinə müsahibəsində ailə psixoloqu Svetlana Jukovskaya deyib.
 
Ailədə boşluq və nəsillərarası ayrılma
 
O, qeyd edir ki, xüsusilə uzun illər həyatını yalnız valideyn roluna həsr etmiş insanlar üçün bu vəziyyət ciddi psixoloji sarsıntıya çevrilə bilər. Ən arzuolunmaz ssenari isə zamanla ailə bağlarının zəifləməsi və ünsiyyətin yalnız formal mesajlarla məhdudlaşmasıdır.
 
Belə hallarda övladların valideynləri nadir hallarda ziyarət etməsi tədricən "normal vəziyyətə" çevrilir. Mütəxəssis vurğulayır ki, gənclərin müstəqillik, mobillik və fərqli şəhərlərdə yaşamaq seçimi təbii sosial prosesdir.
 
Lakin burada əsas fərq emosional ayrılma ilə sağlam müstəqillik arasındadır. Əsl yetkinləşmə əlaqənin qırılması deyil, münasibətin "valideyn-uşaq" modelindən "yetkin-yetkin" modelinə keçməsidir.
 
Uzaqlaşmanın səbəbləri və ünsiyyətin qorunması
 
Əgər böyümüş övlad uzun müddət evə gəlmir və ya qısa, formal görüşlərlə kifayətlənirsə, bu, çox vaxt daxili emosional müdafiənin göstəricisidir. Psixoloqun fikrincə, belə vəziyyətlər adətən sərt ailə sistemlərində yaranır. 
 
Şəxsi sərhədlərin pozulması, daim tənqid, məcburi məsləhətlər və günahlandırma insanın psixikasında "uzaqlaşmaq ehtiyacı" yaradır. Nəticədə ünsiyyət ya minimuma enir, ya da yalnız mesajlaşma ilə məhdudlaşır, bu isə münasibəti tam qoparmaq yox, sadəcə onu "təhlükəsiz məsafədə" saxlamaq cəhdidir.
 
Mütəxəssis qeyd edir ki, əlaqəni qorumağın əsas yolu borc və günah hissi deyil, səmimi maraqdır. Ailə ritualları vacibdir, lakin onlar məcburi olmamalıdır. Məcburiyyət münasibətləri gücləndirmir, əksinə zəiflədir.
 
Yeni ailə modeli və sağlam münasibətlərin qurulması
 
Psixoloqun sözlərinə görə, ailədə sağlam münasibətlərin əsası nəzarətdən tərəfdaşlığa keçiddir. Valideynlər böyümüş övladları üzərində sahiblik hissini, övladlar isə valideynləri yalnız "yardım funksiyası: kimi görmək yanaşmasını buraxmalıdır.
 
Əlaqəni qorumaq üçün yeni formatlar vacibdir: birgə səyahətlər, mədəni tədbirlər, təbiət gəzintiləri və ya sadə gündəlik paylaşım formaları. Texnologiya da burada mühüm rol oynayır - ailə çatları, videozənglər və gündəlik kiçik paylaşımlar emosional yaxınlığı saxlayır.
 
Ən vacib amil isə ailə tarixinin və dəyərlərinin qorunmasıdır. Fotoarxivlər, xatirələr, nəsil hekayələri və ailə ənənələri nəsillər arasında mənəvi körpü yaradır. Bu, gənclərə öz köklətinə bağlılıq hissi, yaşlılara isə dəyər verildiyi hissini qazandırır.
 
Nəticə olaraq psixoloq vurğulayır ki, ailəni bir-birinə bağlayan "taleyin görünməz ipi" borc hissi ilə deyil, sevgi və qarşılıqlı qəbul ilə möhkəmlənir. Belə münasibətdə ailə təkcə öhdəlik deyil, həm də emosional dayaq mənbəyinə çevrilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər