"Qiyamət günü" ("UVB-76") radiostansiyası bir aydan sonra ilk dəfə yeni mesaj yayımlayaraq efirə çıxıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, mayın 4-də, Bakı vaxtı ilə saat 13:47-də "Qiyamət günü" radiostansiyası "üzən baza" sözünü ehtiva edən şifrəli mesaj ötürüb. Bu, stansiyanın belə məzmunda mesaj göndərdiyi ilk haldır. Əvvəlki mesaj aprelin 30-da qeydə alınıb.
Qeyd edək ki, "UVB-76" daimi şəkildə monoton "vızıltı" səsi yayımlaması ilə tanınır və bəzən bu, anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə müşayiət olunur. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil.
Belə bir fikir də var ki, bu stansiya SSRİ-də soyuq müharibə illərində hazırlanmış "Perimetr" sistemi ilə əlaqəlidir. Bu sistemi ABŞ-də isə "Ölü əl" adlandırırlar. O, kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.
Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.
Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.
Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı qərar verən şəxslərin ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi üçün nəzərdə tutulub.
Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürüldüyü və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.