Mayın 4-də İrəvandakı Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində "Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" şüarı altında Avropa Siyasi Birliyinin səkkizinci zirvə görüşü başlayır.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan saytları məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan tədbirin keçiriləcəyi Karen Dəmirçyan adına İdman və Konsert Kompleksinə gəlib.
Zirvə toplantısında Avropa ölkələrinin liderləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri də iştirak edəcək. Ümumilikdə, Avropa siyasi icması təxminən 50 ölkənin liderini birləşdirir.
Tədbirdə Avropa Şurasının prezidenti António Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də iştirak edəcək. Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada baş tutub.
Avropa Siyasi Birliyi Zirvə Toplantısından əlavə, 4-5 may 2026-cı il tarixlərində İrəvanda Aİ-Ermənistan Zirvə Toplantısı da keçirilir və bu Zirvə Toplantısında, əvvəllər elan edildiyi kimi, tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, regional təhlükəsizlik və əsas beynəlxalq çağırışları müzakirə edəcəklər.
Görüşün Aİ-Ermənistan münasibətlərinin inkişafında mühüm bir mərhələ olacağı və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də Cənubi Qafqaz regionunda sülhün, əlaqənin və iqtisadi inkişafın gücləndirilməsinə yönələcəyi açıqlanıb.
Danışıqlar zamanı liderlər enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və infrastruktur bağlantısı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə Ukrayna ətrafındakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri də daxil olmaqla, mövcud qlobal çağırışlara diqqət yetiriləcək.
Zirvə görüşünün yekunları üzrə birgə bəyanatın qəbul edilməsi, eləcə də Aİ-Ermənistan tərəfdaşlığının daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron Ermənistana üç günlük dövlət səfəri ilə gəlib və orada Avropa Siyasi Birliyinin sammitində də iştirak edəcək.
Qeyd edək ki, tədbirə Ukrayna Prezidenti Vladimir Zelenski, Böyük Britaniya Baş naziri Kir Starmer, Modlova Prezidenti xanım Maya Sandu da qatılıb. Türkiyəni isə sammitdə vitse-prezident Cövdət Yılmaz təmsil edəcək.