Aydın Mirzəzadə: “Azərbaycançılıq cəmiyyətimizi birləşdirən əsas ideoloji dayaqlardan biridir”
Ekskluziv
356
12:56, Bu gün

Aydın Mirzəzadə: “Azərbaycançılıq cəmiyyətimizi birləşdirən əsas ideoloji dayaqlardan biridir”

Müasir dövrdə cəmiyyətlərin inkişafı yalnız iqtisadi və siyasi faktorlarla deyil, eyni zamanda onları birləşdirən ideoloji dəyərlərlə də sıx bağlıdır. Xüsusilə çoxmillətli və çoxmədəniyyətli mühitlərdə ortaq kimlik və birlik anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, milli ideologiyalar həm tarixi köklərə bağlılığı qorumaq, həm də gələcəyə yönəlik inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi rol oynayır. Qloballaşma və müxtəlif ideoloji təsirlərin gücləndiyi müasir dövrdə Azərbaycançılıq ideyasının cəmiyyətdə davamlı və təsirli şəkildə təşviqi mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, bu istiqamətdə mövcud yanaşmalar hansı nəticələri verir və daha effektiv icra üçün hansı mexanizmlərin tətbiqi məqsədəuyğun ola bilər?

Məsələyə Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə münasibət bildirib.

Deputat qeyd edib ki, Azərbaycançılıq sağlam və heç bir digər xalqın mövcudluğuna təhlükə yaratmayan bir ideologiyadır:

"Bu ideologiya Azərbaycanda yaşayan, dili, dini və mədəniyyətindən asılı olmayaraq hər bir insanın Azərbaycan tarixinə, mədəniyyətinə və dövlətçiliyinə bağlılığını ifadə edir. Eyni zamanda, azərbaycançılıq bir tərəfdən köklərə bağlılığı, digər tərəfdən isə müasirliyə can atmağı özündə birləşdirən bir baxış sistemidir. Bu baxımdan, bu gün azərbaycançılıq cəmiyyətimizdə hər kəsi birləşdirən güclü ideologiyaya çevrilmişdir.
Şübhəsiz ki, zaman keçdikcə və yeniliklər baş verdikcə bu ideologiya da müəyyən inkişaf mərhələlərindən keçir.

Bu yeniliklər ilk növbədə müstəqilliyimizin möhkəmləndirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması, onların fəaliyyəti və inkişafı üçün əlverişli şəraitin yaradılması ilə bağlıdır. Azərbaycançılıq yalnız rəsmi səviyyədə formalaşan bir ideologiya deyil. O, cəmiyyətin içindən gəlir və hər bir fərdin maraqlarını əks etdirir. Biz bunu vətəndaşlarımızın gündəlik həyatında, dövlətçiliyimizin müxtəlif mərhələlərində aydın şəkildə müşahidə edirik.
Gələcəkdə də azərbaycançılıq cəmiyyətimizdə milyonlarla tərəfdar qazanan, prinsip və dəyərlər sistemi kimi yaşamaqda davam edəcəkdir".

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər