"Müharibə memlərə çevrildikcə, real hadisələri anlamaq əvəzinə onların sadəcə "görünüşü" qalır..."
Sosial şəbəkələr müharibəni sürətlə yayılmış əyləncə məzmununa çevirir, amma bu proses dərin anlayışı əvəz etmir.
Moderator.az xəbər verir ki, bu barədə "Wired Magazine" nəşri yazıb.
"Bilik illüziyası" təhlükəsi
Nəşr yazır ki, istifadəçilər baş verənləri kontekstə varmadan, saniyələr içində memlərə çevirib yayırlar. Mütəxəssislərin xəbərdarlığına görə, bu proses "bilik illüziyası" yaradır və ciddi risk daşıyır. Son həftələrdə ABŞ-İran və İsrail-Livan gərginliyi fonunda müharibənin internetdə yayılma forması yenidən gündəmə gəlib.
Səbəb isə yenə də memlərdir. İnsanlar çağırışla bağlı zarafatlar edir, şəkillərə belə yazılar əlavə edirdilər: "Əsgərliyə apardılar, amma indi "Bluetooth"-lu telefonum var". "Bazuka" adlı musiqi trendə çevrilib. Daha sonra hərbi geyim filtrləri və müxtəlif viral postlar yayılıb.
Qara yumor və qlobal alqoritmlər
Körfəz regionunda da eyni dinamika müşahidə olunur, sadəcə ton fərqlidir. Memlərdə belə zarafatlar yayılır: İran İsrailə sənin indi düşündüyün adamdan daha tez cavab verir. Kuryerlərin raketlərdən yayınması, bayram obrazlarının hərbi simvollarla əvəz olunması kimi vizual zarafatlar yayılır.
Qara yumor burada əsas emosional mexanizm - qorxuya qarşı psixoloji müdafiə formasıdır. Bu, Freydin "gərginliyin boşalması" ideyası ilə izah olunur. Amma sosial şəbəkələr bu mexanizmi sürətləndirib və qloballaşdırır: bir zarafat bir neçə dəqiqəyə dünya miqyasında yayılır.
Memlər artıq sadəcə zarafat deyil
Yaxın Şərq üzrə tədqiqatçı Adil İsgəndər satiranın tarixini qədim dövrlərdən müasir müharibə yumoruna qədər izləyir: "Əzab olan yerdə satira da var. Ümid yoxdursa, komediya yenə qalır". İnternetdə bu ənənə davam edir, amma indi alqoritmlərlə birləşib - istifadəçini fasiləsiz kontent axınında saxlayır.
"Mem" anlayışı 1976-cı ildə Riçard Dokins tərəfindən ideyaların yayılma modeli kimi izah olunmuşdu. Bu gün isə memlərin yaşaması həqiqətdən yox, tanışlıq və emosiyadan asılıdır. Sadə format, güclü emosional kod və asan paylaşılma - bu kifayətdir. İsgəndərin sözləri ilə desək, "mem virus kimidir - işləməsə, yox olur".
Sosial şəbəkələrdə müharibəni "tanımaq", amma anlamamaq
Uzaqda olanlar üçün müharibə kontentdir, yaxın olanlar üçün isə real həyat. Eyni mem bir yerdə əyləncə, başqa yerdə qorxuya cavabdır. Araşdırmalar göstərir ki, sosial şəbəkələr insanlarda "özünü məlumatlı hiss etmə" yaradır, amma real anlayış formalaşdırmır. İsgəndərin yekun fikri daha sərtdir: "İnsanlar memləri analiz etmir, sadəcə paylaşır". Nəticədə dünya fraqmentlərə bölünür - insanlar müharibəni görür, amma onu anlamır.