“Bu gerçəkliklərə göz yumub ABŞ və İsraili, yaxud əksinə, İranı müdafiə edənlər tamamilə yanlış mövqedədirlər...”
Ekskluziv
595
13:13, Bu gün

“Bu gerçəkliklərə göz yumub ABŞ və İsraili, yaxud əksinə, İranı müdafiə edənlər tamamilə yanlış mövqedədirlər...”

“Müharibə o qədər ciddi bir işdir ki, onu həm generallara, həmçinin nadan siyasətbazlara, politikanlara da etibar etmək olmaz...”
 
“Nə Tramp kimi siyasətbaza təkqütblü bir dünya yaradaraq bəşəriyyətə ağalıq etməsinə imkan vermək olar, istərsə də İranda formalaşmış və dindən öz maraqları üçün yararlanmağa çalışan bir qruplaşmanın qələbəsi ilə razılaşmaq olar...”  
 
“Hələlik tam həllini tapmamış ABŞ+İsrail-İran münaqişəsi fonunda Azərbaycan cəmiyyətində bir süni, lüzumsuz cəbhələşmə yaşanır. Bir hissə radikal və ifrat şəkildə İranı müdafiə edir və son atəşkəsdən sonra bu dövləti qalib hesab edir. Digər hissə isə eyni aşırı qaydada İsraili və onunla yanaşı ABŞ-ı müdafiə edir və onları qalib sayır. Siz necə yanaşırsız bu məsələyə?”
 
Bu sualı ünvanladığımız AzVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri səsləndirib:
“Son aylar Azərbaycan cəmiyyətində yaranmış belə bir anormallıq aradan qaldırılmalıdır. Bunun üçün normal düşüncəli hər kəs; istər din adamı olsun, ibadət əhli olsun, yaxud qərbpərəst olsun, cəmiyyətə düzgün, obyektiv düşüncələr aşılamalıdır.  Əlbəttə, hər kəsin öz düşüncəsi var və biz heç kəsi nəyəsə məcbur edə bilmərik. Bununla belə, özünü Azərbaycan vətəndaşı bilən hər kəs öncə Azərbaycan dövlətinin maraqlarından çıxış etməlidir. Yol budur, yanaşma budur. Heç kəs burada İranın, yaxud ABŞ-ın və ya İsrailin mövqeyindən çıxış etməli deyil. Azərbaycanın dövlət maraqları var, onlar ortadadır və aydındır- hər kəs bunu özü üçün əsas, orientasiya götürməlidir... 
 
Mən də bu məsələyə Azərbaycanın dövlət maraqlarından yanaşıram. Azərbaycan çalışmalıdır ki, bu münaqişə onun milli maraqlarına, həmçinin Zəngəzur dəhlizi və digər məsələlərə toxunmasın, dünya dövlətləri ilə əlaqələrimizə zərər verməsin, buna görə heç kəslə aramızda qarşıdurma yaratmasın. İranla və yaxud İsraillə qarşıdurmaya getməyək. Yəni Azərbaycan dövlət maraqlarının tələbi bunlardır ki, onlar təmin olunsun və ölkə firavan şəkildə həyat və fəaliyyətini davam etdirə bilsin...
 
Eyni zamanda bu gün kimlərsə ABŞ+İsrai-İran-müharibəsində hansısa tərəfin qələbəsindən danışıb o tərəfin gücünü şişirdirlərsə, onlar da yanılırlar.  Əslində burada qalib yoxdur... 
 
I Dünya müharibəsindən sonra müəllifi mübahisəli olan belə bir  məşhur kəlam səsləndirilirdi: “Müharibə o qədər ciddi işdir ki, onu generallara etibar etmək olmaz...” 20-ci əsrdə iki dünya savaşının acı nəticələrindən sonra italiyalı mütəfəkkir və yazıçı Umberto Eko isə bu fikrə əlavə edərək bildirirdi: “Müharibə o qədər ciddi bir işdir ki, onu həm generallara, həmçinin nadan siyasətbazlara, politikanlara da etibar etmək olmaz...”
 
İndiki müharibəni də gözümüzün qarşısında həm ABŞ, həm İran tərəfdən generallar və siyasətbazlar aparırlar. Özünü, normal hərəkət, yaşam fəaliyyətini, düşüncəsini və dilinə gətirdiyi kəlmələri düzgün idarə edə bilməyən Donald Tramp kimi politikanların apardığı savaşın  nəticəsində bu cür fəlakətlərin meydana çıxacağı labüd idi... 
 
Bir daha tarixə qayıdaq. İkinci Dünya müharibəsində Stalinlə Hitler qarşı-qarşıya gəldilər.  Stalin 27 milyon insanı həmin müharibədə qurban verdi- əvəzində nə qazandı? Dünyanın bir hissəsini zəbt etdi, sosializm düşərgəsi yaratdı. Amma  8 il sonra Stalin özü canını tapşırdı. 3 il keçməmiş isə həmin sosializm düşərgəsinin içərisində macarlar ayağa qalxdı ki, biz  rus əsgərlərinin təpikləri altında yaşamaq istəmirik. O üsyanı qan içində boğdular. Təxminən 10 il sonra çexlər Praqada qalxdı və “Praqa baharı” deyilən məşhur etirazlar baş verdi.  Onları da qan içində boğdular. Daha 10-12 il sonra Avropanın digər hissələri, o cümlədən Polşa üsyan etdi və nəticədə həmin sosializm düşərgəsi, ardınca da Sovet-rus imperiyası özü yoxa çıxdı...
 
Yaxud qəddarlığı ilə Stalinə bərabər qoyulmalı olan digər faşist siyasətbaz Hitler öz xalqının, Avropanın on milyonlarla qurbanı hesabına bütün dünyanı fəth edib “ nəhəng bir Almaniya imperiyası” qurmaq istəyirdi. Həddindən artıq çox böyük iddialarla yaşayırdı... 
 
Məhəmməd Əmin Rəsulzadə adamlarından biri vasitəsilə Hitlerdən soruşmuşdu ki, Azərbaycanın müstəqilliyi sizin siyasətinizdə hansı yerdədir. Cavab təxminən belə olmuşdu: “Azərbaycan və ya digər ölkələrin müstəqilliyi bizim üçün əhəmiyyət daşımır. Sadəcə bir  Türküstan əyaləti olacaq, Azərbaycan da onun daxilində yer alacaq...” Belə iddialarla milyonlarla insanı qurban verən fürer sonda nə əldə etdi? Hətta o, xəyalını qurduğu dünya boyda Almaniyanı yarada bilsəydi belə, həmin imperiya bir neçə il duruş gətirə bilərdimi?.. 
 
Bir sözlə, dünya, xüsusən aparıcı dövlətlər və onların liderləri aparmaq istədikləri hər bir savaşa bu cür tarixi dərslərdən, təcrübələrdən  yanaşmalıdırlar.  Bu qədər insanın həyatını, ölkələri və əraziləri məhv etməklə nəyə, hansı yeni ədalətə, nizama, dəyərlərə nail olunur? Göründüyü kimi, heç nəyə? Belə mənasız müharibələr yalnız ayrı-ayrı xalqların, insanların faciəsi, bütövlükdə dünyanın rufahının, onun iqtisadi, siyasi, ekoloji nizamının pozulmasıyla və s. qlobal zərbələrlə nəticələnir. Odur ki, bir daha təkrar edirəm ki, kimlərsə bu gerçəkliklərə göz yumub ABŞ-ı və İsraili, yaxud əksinə, İranı müdafiə edirsə, tamamilə yanlış mövqedədir...
 
Bir daha xatırladıram ki, mənim mövqeyim Azərbaycanın yalnız öz milli, dövləti maraqlarından qaynaqlanır. Biz o maraqları düşünməli və mümkün qədər qonşuluğumuzdakı hərbi əməliyyatların tamamilə dayanmasına çalışmalıyıq.. Biz həm ölkə daxilində, həm də dünya səhnəsində belə bir düşüncəyə üstünlük verməliyik: nə Tramp kimi siyasətbaza təkqütblü bir dünya yaradaraq bəşəriyyətə ağalıq etməsinə imkan vermək olaq, nə də İranda formalaşmış və dindən öz maraqları üçün yararlanmağa çalışan bir qruplaşmanın qələbəsi ilə razılaşmaq olar.  İranda dediyimiz xəttin tərfədarları qalib olacağı təqdirdə onlar Azərbaycanda və digər müsəlman ölkələrində öz yanlış ideologiyalarını yaymağa və çirkin niyyətlərini zor gücünü də olsa, həyata keçirməyə çalışacaqlar... Hesab edirəm ki, sözügedən bu iki təhlükəni hər kəs görməli və onların aradan qaldırılması üçün əlindən gələni etməlidir...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər