Dünya
419
15:55, Bu gün

"Ağıllı insanların gizli problemi: niyə onlar tez-tez tək qalır?" - Psixoloqlar izah edir

"Yüksək zəka hər zaman xoşbəxtlik və uyğunlaşma demək deyil..."

Psixoloqlar hesab edir ki, yüksək intellektə sahib insanların ən yayılmış problemlərindən biri sosial təcrid hissidir. 

Moderator.az xəbər verir ki, bu barədə "Yourtango" nəşri yazıb.

Zəka və tənhalıq paradoksu

Nəşr yazır ki, adi insanlar üçün instinktiv olan bir çox davranış yüksək zəka sahibləri üçün çətinlik yaradır. Mütəxəssislər vurğulayır ki, yüksək IQ (intellekt əmsalı) uğur və xoşbəxtliyin zəmanəti deyil. Əksinə, çox yüksək intellekt bəzən insanın cəmiyyətə uyğunlaşmasını çətinləşdirir və onu ətrafdakılardan uzaq sala bilər.

Münasibətlərdə çətinlik və daxili boşluq

Klinik psixoloq Anjelika Şils qeyd edir ki, orta insanın IQ səviyyəsi təxminən 100 olur, "ağıllı" sayılan peşə sahiblərində isə bu göstərici adətən 120-dən çox olmur. Lakin bu həddi aşan insanlar tez-tez həyatın bir çox sahəsində kifayət qədər intellektual stimul tapa bilmirlər.

Onun sözlərinə görə, belə insanlar daha çox depressiyaya meylli olur, zərərli vərdişlərə yönələ və ya ümumiyyətlə münasibət qurmaqda çətinlik çəkə bilirlər. Onlar tez-tez başqaları tərəfindən başa düşülmədiklərini hiss edir və bu da tənhalıq hissini gücləndirir.

Psixoterapevt İmi Lo isə əlavə edir ki, yüksək zəka sahibləri dərin emosional bağ axtarsalar da, sağlam münasibətlər qurmaqda çətinlik çəkirlər. Bəzən onlar yeganə emosional və intellektual bağlantını itirməmək üçün toksik münasibətlərdə belə qala bilirlər.

Beyin üçün "qida" çatışmazlığı

Psixoloqlar bildirir ki, belə insanların daimi intellektual stimula ehtiyacı var. Araşdırmalar göstərir ki, zehni aktiv saxlayan fəaliyyətlər uzunmüddətli fayda verir. Əks halda isə həyat maraqsız görünə bilər və bu, həm psixoloji vəziyyətə, həm də zehni qabiliyyətlərə mənfi təsir göstərir. Nəticə olaraq, yüksək zəka üstünlük olmaqla yanaşı, insanın emosional və sosial həyatında ciddi çətinliklər də yarada bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər