“Hörmüz boğazı ətrafında yeganə qalib Çindir” – Tural Gəncəliyev
Ekskluziv
595
16:30, Bu gün

“Hörmüz boğazı ətrafında yeganə qalib Çindir” – Tural Gəncəliyev

Hörmüz boğazı ətrafında vəziyyət kritik olaraq qalır və problemin hərbi yolla tam həlli hələ də mümkün görünmür. Amerika və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar onların gözləntiləri baxımından nəticə vermədi və nəticədə regionda yeni geosiyasi vəziyyət formalaşdı.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.

Deputatın sözlərinə görə, bu prosesdə maraqları ən çox zərər görən ölkələrdən biri Çindir:

"Çin əvvəldən kəskin mövqe sərgiləməyərək Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalmasının vacibliyini vurğulayıb. Bu yanaşma təsadüfi deyil. Çin enerji daşıyıcılarının ən böyük idxalçılarından biridir və enerji təminatının təxminən 40 faizi məhz bu marşrut vasitəsilə həyata keçirilir.

Buna baxmayaraq Çin birbaşa hərbi müdaxiləyə getməyəcək. ABŞ Prezidenti Trampın boğazın blokadaya alınması ilə bağlı bəyanatlarına rəğmən, Çin tankerlərinin sərbəst hərəkəti davam edib. Bu da göstərir ki, tərəflər arasında açıq qarşıdurma mərhələsinə keçid baş verməyib".

Deputatın fikrincə, vəziyyətin eskalasiyası istisna olunmasa da, Çin ənənəvi olaraq ehtiyatlı siyasət yürüdür və hərbi gərginliyi birbaşa artırmaqdan çəkinir:

"Pekin daha çox öz maraqlarını üçüncü tərəflər vasitəsilə reallaşdırmağa üstünlük verir. Bu kontekstdə Pakistan və İran Çin üçün mühüm geosiyasi alətlər kimi çıxış edir. Bəzi iddialara əsasən, Çin İranla müxtəlif səviyyələrdə əməkdaşlıq edir, o cümlədən kəşfiyyat və texnoloji dəstək məsələləri də beynəlxalq mediada müzakirə olunur. Rəsmi təsdiq olmasa da, bu məlumatlar regiondakı güc balansının dəyişdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.

Çin bu xətti davam etdirəcək və həm Pakistan, həm də İran vasitəsilə öz təsir imkanlarını genişləndirəcək. İran–ABŞ arasında keçirilən, lakin nəticəsiz qalan İslamabad danışıqları da Pekinin diplomatik mövqeyinin gücləndiyini göstərir.

Mövcud gərginlik fonunda ən böyük strateji üstünlük əldə edən tərəf məhz Çindir. ABŞ hədəflərinə çatmayıb və İranda hakimiyyət dəyişikliyi baş verməyib. İran isə nə tam qalib, nə də məğlub tərəf kimi çıxış edib; əksinə, xarici təzyiqlər ölkədaxili konsolidasiyanı gücləndirib".

Deputat vurğulayıb ki, bu proseslər Tayvan məsələsi ilə də sıx bağlıdır:

"ABŞ-ın Çinə münasibətdə zəifləyən mövqeyi Pekinə əlavə manevr imkanları yaradır. Xüsusilə Tayvanın qlobal çip istehsalındakı rolu nəzərə alınarsa, bu məsələdə hər hansı kəskin dəyişiklik ABŞ–Çin qarşıdurmasını daha təhlükəli mərhələyə keçirə bilər.

Çin hazırda daha əlverişli geosiyasi məqamı gözləyir və ABŞ-ın regionda üzləşdiyi çətinliklər Pekinin maraqlarına uyğun şəkildə inkişaf edir. ABŞ və müttəfiqlərinin Yaxın Şərqdə həm hərbi-siyasi, həm də iqtisadi çətinliklərlə üzləşməsi region ölkələrinin də siyasətinə təsir göstərir.
Azərbaycanın mövqeyinə gəlincə, regional müharibələr ölkəni narahat etsə də, birbaşa təsirlər məhduddur".

Gəncəliyev qeyd edib ki, bununla belə, qlobal iqtisadi proseslərin bir hissəsi kimi müəyyən dolayı təsirlər hiss oluna bilər:

"Azərbaycan konstruktiv və balanslı siyasət yürüdür. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması və enerji ixrac imkanlarının genişlənməsi ölkənin strateji rolunu artırır. Mövcud geosiyasi gərginlik isə Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini daha da yüksəldib.

Azərbaycan böyük enerji resurslarına malik bəzi Körfəz ölkələri ilə müqayisədə fərqli olsa da, etibarlı və sabit enerji təchizatı sistemi formalaşdırıb. Bu, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan və digər strateji layihələr vasitəsilə təmin olunur.
Bütün bu amillər Azərbaycanın siyasi iradəsi və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir və ölkənin rolu yaxın dövrdə daha da artacaq".

Pərvin Şakirqızı

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər