"Braziliya hökuməti bütün dövlət liderlərinə xaricə səfərləri zamanı məhkəmə təqibindən immunitet verilməsi üçün BMT ilə danışıqlar aparır..."
"Braziya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır və formal olaraq Rusiya diktatorunu həbs etməyə borcludur..."
Braziliya hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin axtarışında olan Rusiya diktatoru Vladimir Putinin ölkəyə gəlişini təşkil etmək üçün səylər göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Braziliyanın "Folha de S.Paulo" qəzeti məlumat verib. Məlumatı "world.comments.ua" nəşri yayıb.
Məlumata görə, Braziliya prezidenti Luis İnasio Lula da Silva administrasiyası Putini noyabr ayında Rio-de-Janeyroda keçiriləcək G20 sammitində görmək istəyir.
Belə səfərə əsas maneə Putinin həbsinə verilən orderdir, çünki Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır və formal olaraq Rusiya diktatorunu həbs etməyə borcludur.
Jurnalistlər müəyyən edib ki, Braziliya hökuməti hazırda bütün dövlət liderlərinə xaricə səfərləri zamanı məhkəmə təqibindən immunitet verilməsi üçün BMT ilə danışıqlar aparır.
Qəzet qeyd edir ki, Braziliya hökumətinin BMT-yə göndərdiyi təklifdə Putin birbaşa xatırlanmır, lakin "Rusiya liderinin indiki vəziyyətinə uyğun olan" ssenariyə istinad edilir.
Putinin həbsinə verilən order
Xəbər verildiyi kimi, ötən ilin mart ayında Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın Ukraynadan uşaqların kütləvi surətdə deportasiya edilməsi ittihamı ilə həbslərinə order verib.
Nəzəri cəhətdən Roma Nizamnaməsini imzalamış (Braziliya da bu sıradadır) bütün ölkələr fiqurantların öz ərazilərində peyda olduğu zaman bu orderi icra etməyə borcludur.
Ötən ilin avqust ayında Vladimir Putin BRİKS-in Roma Nizamnaməsini imzalamış Cənubi Afrikadakı sammitinə getməmək qərarı verib. Putinin Braziliyada G20 sammitinə getmək planları barədə hələlik məlumat verilməyib.