"Allah qorusun, canı hülquma gəlmiş, yenə də “maşını qarajda saxlayın, açarı bura gətirin” deyəndən, “filankəsdə mənim sələm pulum qalıb” deyənə kimi hər cür insan obrazını görmək mümkündür..."
Müsəlman olaraq ölə bilmək...
"Bu dünyada necə yaşamışıqsa, şüuraltımız da ona görə formalaşır..."
Sual:
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır?
Cavab:
Ən əvvəl bunu yaxşı dərk etməliyik ki, bir şəxsin müsəlman kimi yaşaması və müsəlman olaraq ölməsi önəmli məsələdir. Allah Rəsuluna (s.ə.s) aid edilən bir sözdə belə buyurulur: “Necə yaşayarsınız elə də ölərsiniz, necə ölərsiniz elə də həşr olunarsınız.”[1]. O biri dünya, möminin ölüm halındakı vəziyyətinə görə şəkil alacaq. Ölüm anında, can bədəndən çıxarkən, hadisələr insanın yaşadığı həyat cizgisində seyr edəcəkdir.
Əgər bir insan yaşadığı həyatı çox nəzih, təmiz və üst səviyyədə yaşamış; hər daim Rəbbi ilə münasibətini qorumuş; ruhu, qəlbi, zehni Allahın rizasını qazanmaq üfüqündə olmuşsa, Allah bilir, onun bu dünyadan köçməsi də həmin istiqamətdə olacaqdır. İmanı mövzularda dərinlik qazanmayıbsa, Allah qorusun, boşluq içərisində bu dünyadan köçüb gedəcəkdir. Elə isə, insan ömrünü iman cizgisində yaşamalıdır ki, imanlı ölə bilsin. İmanla ölməlidir ki, imanlı dirilə bilsin...
İslam alimləri, ölüm anında imanlı və imansız gedən şəxslərin necə hallara düçar olduqları ilə bağlı müşahidələrini rəqaiq növündən kitablarda qeyd etmişlər. Rəqaiq kitabları əsasən insanın mənəvi-ruhani yönünü inkişaf etdirən, qəlbinin sarı siminə toxunan, insanın diqqətini axirət həyatına və hesab yurduna yönəldən mövzuları əhatə edir. İmam Qurtubinin “Ət-təzkirə fi əhvalil-məvta və umuril-əxira (ölülər və onların axirət əhvalı haqqında risalə)”adlı əsəri bu qəbil kitablardandır. Həmin əsərdə qeyd olunur ki: “Dövrümüzdə biz elə kimsələrə şahid olduq ki, onlar necə bir həyat yaşamışdılarsa, vəfat edərkən gözlərini həyata həmin mülahizələrlə bağlamışdılar. İnsan ömrünü nə ilə keçirirsə, gedərkən də onunla gedir. Buna görə insan ruhunu və düşüncəsini gözəl şeylərlə bəsləməlidir.” Bu gün bizə xəyal, uydurma kimi gələ bilər, ancaq mənəvi inkişafı yüksək olan şəxslər, Allahın izni ilə, bizim görmədiklərimizi görə bilirlər. Bu qəbil əsərlərə nəzər saldığımız zaman görürük ki, keçmiş dövrlərdə elə şəxslər olub ki, ölüm əsnasında, vəfat edərkən sanki qanadlanıb quş olub, uçmuşlar. Həmin şəxslərin həyatını ələ alsaq görərik ki, hər daim Quranla məşğul olmuş, ona könül vermiş, avazı çıxdığı qədər Quran oxumuş və dili-ağzı ancaq Haqq və həqiqəti anlatmaq olmuşdur. Bu mövzuda o qədər məşğul olmuşlar ki, şüuraltıları o şəkildə formalaşmış, hər şeyi o arşına vurmuşlar. Gündəlik həyatında namazın böyük əhəmiyyəti olan müsəlman üçün ölüm anında ən gözəl şey, Rəbbinin hüzurunda başını yerə qoyub səcdə halını almasıdır. Hədisdə də bildirildiyi kimi, insanın, Rəbbinə ən yaxın olduğu an səcdə anıdır.[2] Belə bir şəxs səcdə halında ruhunu Rəbbinə təslim eləməyi arzu edər...
Əks qütbdə də elə insanlar vardır ki, ölüm anında belə günahdan, günaha xatırladan şeylərdən əl çəkə bilmir. Allah qorusun, canı hülquma gəlmiş, yenə də “maşını qarajda saxlayın, açarı bura gətirin” deyəndən, “filankəsdə mənim sələm pulum qalıb” deyənə kimi hər cür insan obrazını görmək mümkündür. Bu qəbil sözləri deyə-deyə dəyişik ruh haləti içərində gözü, ağzı açıq ölən çox insan var. Bu dünyada necə yaşamışsa şüuraltı da ona görə formalaşır. Fərqində olmadan şüuraltı ilə həqiqətlər gün üzünə çıxar, bir nisbətdə insan onun təzyiqi altına qalar, istəməsə də həqiqətləri dilə gətirər. Allah bilir, bəlkə bu hal qəbirdə belə davam edər. İnkir-Minkirin suallarına belə düzgün cavabı verə bilməz. Tək arzu-diləyimiz var, Allah axırımızı xeyirli eləsin...
Uca kitabımız Quran, “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!”[3], buyurur. İnsanın ağlına bir sual gəlir: “Görən, müsəlman olaraq ölmək əlimizdədir?” Mömin, sahib olduğu imkanları, ələ düşən fürsətləri müsbət yöndə istifadə etmək məcburiyyətindədir. Bir savab başqa bir savabı nəticə verir. Hədisin ifadəsi ilə “xeyir xeyri gətirər.”[4] Məsələn, Allah, sədəqə verən möminin qəlbini yumşaldar və ona ibadət sevgisi verər. Ona verilən bu ibadət sevgisi, yeni xeyirli əməllər görmə sevgisini, arzusunu oyandırar. Fikrimizi belə bir metaforla ilə izah edə bilərik. Labirintin içinə düşən insan, çıxışı axtararkən dönüb-dolaşıb hər zaman ilk başdakı yerə gəldiyini düşünək. Atdığı hər bir addım boşuna atılmış olar. Başqa bir misal verək, həlqənin içərisində dönən və hər dəfə təkrar başa qayıdan insanı düşünək. Kənara çıxa bilmədiyi üçün eyni xətt üzrə boş-boşuna dolaşıb durar. Əldə edilən nəticə sıfır olar. Buna məntiqdə mənasız təkrarlanma, qısır döngü, fasid dairə deyilir. Şeytanın içərisinə düşüb, çıxa bilmədiyi girdab da belə bir şeydir. Buna qarşılıq bir dairə düşünün ki, yenə onda da dairəvi hərəkət edirsiniz, ancaq hər dəfəsində bir addım irəli keçmisiniz. Buna da saleh dairə deyə bilərik. Əslində mömin yürüdüyü bu yol zahirən dairəyə oxşayır. Ancaq 3d formatında nəzər salsaq, görərik ki, onun təqib etdiyi dairə spiral şəklindədir. Hər dəfə başlanğıcla paralel nöqtəyə gəldiyi zaman bir pillə yüksəlmiş olur. Bir pillə yüksəldiyi üçün atdığı addımı şövqlə, istəyərək atar. Bilir ki, onun irəliləyişi ona yeni-yeni uğurlar, qazanclar nəsib edəcəkdir...
Möminlərin anası Həzrət Aişə (r.anha) belə rəvayət edir: Allah Rəsulu (s.ə.s):
“Hər kim Allaha qovuşmaq istəyərsə, Allah da ona qovuşmaq istəyər. Hər kim Allaha qovuşmaq istəməzsə, Allah da ona qovuşmağı arzu eləməz”- buyurdu.
Bunun üzərinə mən: “Ey Allahın Rəsulu! Ölmək istəmədiyi üçünmü (qovuşmaq istəmir)? Elə olsa, heç birimiz ölmək istəmirik, – dedim.”
-“Xeyr, elə deyil. Möminə (ölüm ayağında) Allahın rəhməti, rizası və Cənnəti müjdə verildiyi vaxt, Allah-Təalaya qovuşmaq üçün can atar. Bax o zaman Allah da ona qovuşmaq istəyər. Kafirə isə Allahın əzabı, qəzəbi xəbər verildiyi an Allahla qarşılaşmaqdan yaxasını qurtarmaq üçün can atar; Allah da ona qovuşmaqdan xoşlanmaz” buyurdu.” (Müslim, Zikir 14-17)
Yaşanmış hadisədir. Həyatının bütün anlarını namazla bəzəyən, “namaz dəlisi” 25-30 yaşlarında bir gənc vardı. Yenə bir gün “Allahu əkbər” deyərək namaza başlayır. Birdən əli üstə yıxılır. Yatağa uzadırlar və dəqiqələr sonrası vəfat edir. Bu, onun son namazı idi. Nəfəsini səcdəyə getdikdən sonra nöqtələyən nə qədər insan var. Bəli, insan həyatı boyunca nəyi arzulayır, nəyi axtarar, nəyin arxasınca qaçarsa, həyatı o şəkildə sona çatar. Allah xeyirli bir işin ardınca gedərkən canımızı alsın...
(Davamı var)
Mənbələr:
[1] Əliyyul-Qari, Mirqatul-məfatih 1/332, 7/375, 8/431.
[2] Müslim, Səlat 215; Əbu Davud, Səlat 148; Nəsəi, Tətbiq 78.
[3] Ali İmran, 3/102
[4] Buxari, Cihad 37; Riqaq 7; Müslim, Zəkat 121-123.
Meneviyyat.az