"Bu, nəyin baş verdiyindən xəbərsiz olan diktatorlar üçün böyük rüsvayçılıqdır..."
"Baydenin bəyanatı faktlarla ziddiyyət təşkil edir, diplomatik protokolu kobud şəkildə pozur və Çinin siyasi ləyaqətinə ciddi zərər vurur..."
ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə barışdırıcı səfərindən cəmi bir gün sonra ABŞ prezidenti Co Bayden Çin liderini diktator adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Dünən Kaliforniyada çıxış edərkən Amerika prezidenti ilin əvvəlində Çinin ABŞ üzərində kəşfiyyat zondunun vurulmasına Sinin münasibətindən danışıb. Bayden qeyd edib ki, ÇXR sədri bu zond ətrafında qalmaqalın necə inkişaf etməsindən narazı qalıb.
"Mən iki vaqon casus aparatı olan hava balonunu vurandan sonra Si Tszinpinin narazı olmasının səbəbi ondadır ki, onun bu balon haqqında məlumatı olmayıb, - Bayden deyib. - Bu, nəyin baş verdiyindən xəbəri olmayan diktatorlar üçün böyük rüsvayçılıqdır".
Bazar günü və bazar ertəsi ABŞ-ın Dövlət katibi Entoni Blinken Pekində səfərdə olub. Səfərin məqsədi son zamanlar ÇXR və ABŞ arasında münasibətlərdə xeyli artan gərginliyin azaldılması olub. Bazar ertəsi Blinken Si Tszinpinlə görüşüb.
Çin lideri əmin edib ki, görüşdə müəyyən irəliləyiş əldə olunub, Blinken isə anladıb ki, hər iki tərəf danışıqların davam etdirilməsinə hazırdır. Eyni zamanda, Dövlət katibi deyib ki, Pekin və Vaşinqton arasında ciddi ixtilaflar qalmaqdadır.
Pekin öz növbəsində Baydenə qətiyyətli və kəskin cavab verib və onun Çin liderini diktator adlandırmasını "fövqəladə cəfəng və məsuliyyətsiz" adlandırıb. Bu barədə "Associated Press" beynəlxalq xəbər agentliyi məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin bəyan edib ki, Baydenin sözləri "faktlarla tamamilə ziddiyyət təşkil edir, diplomatik protokolu kobud şəkildə pozur və Çinin siyasi ləyaqətinə ciddi şəkildə zərər vurur".
"Bu, açıq-aydın siyasi təxribatdır. Çin özünün kəskin narazılığını və etirazını bildirir", - Mao Nin gündəlik brifinqdə deyib.
O, meteoroloji tədqiqatlar üçün nəzərdə tutulan və yolunu azan hava balonunun ABŞ tərəfindən bu ilin əvvəlində vurulması barədə Pekinin iddialarını təkrarlayıb.
"ABŞ bu məsələni sakitcə və peşəkarcasına qapatmalı idi. Lakin ABŞ faktları təhrif edib və münaqişəni inadla qızışdırıb, özünün qorxutma və hegemonluq təbiətinin tamamilə üstünü açıb", - Çin diplomatı vurğulayıb.