"KXDR-də 70 min xristian Kim Çen In rejimində öz inanclarına görə həbsə atılıb..."
"Bu, o qədər ağrılı olub ki, mən düşünürdüm: ölüm bundan yaxşıdır..."
"Məktəblilər xristian missionerlərinin "şər işlərilə" qorxudulur..."
Şimali Koreyada iki yaşlı körpə hərbi əsirlər üçün düşərgədə ömürlük həbsə məhkum edilib.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" qəzeti ABŞ Departamentinin xaricdə etiqad azadlığı haqqında məruzəsinə istinadən yazıb.
Körpə valideynləri evlərində İncil saxladıqlarına görə bütün həyatını həbsdə keçirməli olacaq.
"ABŞ Departamentinin hesabatında həmçinin Şimali Koreyanın bir neçə sakinlərinin xristian olduqlarına görə edam edilməsi halları yer alıb. O cümlədən 2011-ci ildə qadın və nəvəsinin güllələnməsi halı da məruzəyə daxil edilib", - jurnalistlər qeyd edib.
Bəzi məhbuslara yuxudan məhrum edilməklə işgəncə verilib. Belə ki, 2020-ci ildə dindar qadın həbsxana mühafizəçilərinin bir neçə sutka ərzində ona yatmağa imkan vermədiyinə görə intihar vəziyyətinə çatdırılıb.
KXDR-də digər inanclı insanlar da işgəncələrə məruz qalıb: onların əlləri kürəklərinə bağlanılıb ki, günlərlə əyləşə və hətta ayaqüstə dayana bilməsinlər.
"Bu, işgəncələrin hamısından ən ağrılısı olub", "Bu, o qədər ağrılı olub ki, mən düşünürdüm: ölmək bundan yaxşıdır", - bunu belə alçaldılmaya məruz qalmış məhbuslar bölüşüb.
Hesabatda deyilir ki, Şimali Koreya xristianları öz inanclarını övladlarından gizlətməyə məcburdur, çünki məktəblilər ailədə istənilən inanc əlamətləri barədə müəllimlərə danışmağa sövq edilir.
"Korea Future" qeyri-hökumət təşkilatının üzvləri danışıb ki, Şimali Koreya məktəblərində uşaqları xristian missionerlərinin "şər işlərilə" qorxudulur, onlar, guya, "zorlayır, qan sorur, orqanları çıxarır, öldürür və casusluq edirlər".
"Qaçaqlardan biri "Korea Future"-yə danışıb ki, hökumətin dərc etdiyi plakatlarda xristianların uşaqları kilsələrdən zirzəmiyə cəlb edərək qan aldıqları təsvir edilib", - hesabatda deyilir.
"Korea Future" tərəfindən sənədləşdırilən dini təqib halların əksəriyyətinin şamanlığa qarşı olmasına rəğmən, məhz xristianlar ən sərt təhqirlərə məruz qalıb.
"Bu, ona görə olub ki, onlar düşmən sinif və dövlətə loyallığa ciddi təhlükə kimi qəbul edilib", - amerikalı hüquq müdafiəçiləri bu nəticəyə gəlib.
Sənədə görə, KXDR-də təxminən 70 min xristian Kim Çen In rejimində öz inanclarına görə həbsə atılıb. Bu zaman bütün ölkədə 400 min nəfər xristianın yaşadığı güman edilir.
Yeri gəlmişkən, Şimali Koreya Konstitusiyası xalqın etiqad azadlığına zəmanət verir. Sübut üçün rejim tərəfindən Pxenyanda bir neçə kilsə tikilib. Lakin dövlət mətbuatında qeyd edilir ki, bu kilsələr "xaricilər üçün eksponatlar" kimi fəaliyyət göstərir.