Xalq şairi Sabir Rüstəmxanlıya AÇIQ MƏKTUB
Ədəbiyyat
390
11:22, Bu gün

Xalq şairi Sabir Rüstəmxanlıya AÇIQ MƏKTUB

Polyak və rus əsilli İvan Aleksandroviç Boduen de Kurteneyin (Kazan və Peterburq dilçilik məktəblərinin yaradıcısı) fikrincə, dil fərdi ifadədən çox, kollektiv duyğuların və sosial münasibətlərin ifadə vasitəsidir. O, dilin yalnız strukturunu deyil, onun ictimai funksiyasını, insan düşüncəsi və cəmiyyətlə qarşılıqlı əlaqəsini ön plana çəkir, dili statik deyil, dinamik və funksional bir sistem kimi qəbul edirdi.  Diçiliyə dair Kurteney nəzəriyyəsində dil – daşıyıcısı olduğu sosial reallıqların ifadəsidir.
 
“Sabir Rüstəmxanlıya açıq məktub” şeirində də dil – təkcə poetik vasitə deyil, milli yaddaşın, tarixi travmaların və kollektiv kimliyin daşıyıcısıdır. Məsələn,  “Təbrizə gedən yollar ağarmır ki, ağarmır” misrasında dil, yalnız coğrafi deyil, siyasi və mədəni parçalanmanı ifadə edir,  “Xətai bütövlüyü” – tarixi simvol vasitəsilə ideoloji və mədəni miras çağırılır.
 
Kurteneyə görə, dil bu cür kontekstlərdə sosial kod funksiyasını daşıyır – burada hər söz tarixlə, kimliklə yüklənmiş sosial siqnaldır. Kurteneyin fikrincə, dil fərdi ifadədən çox, kollektiv duyğuların və sosial münasibətlərin ifadə vasitəsidir. Şeirdə “Onsuz da az-az görüşürük...” misrasının təkrarı kollektivi birləşdirən emosional sarsıntını vurğulayır. Bu təkrar forması Kurteneyin “dilin sosial refleksi” anlayışına uyğundur – dil burada ictimai uzaqlaşma hissinin formalaşdırıcısıdır.
 
Həmin nəzəriyyəyə görə, dil bir millətin mədəni müqavimət alətidir. “Babalarımızın keçdiyi yolları belə yadırğayırıq” misrası şeirdə dilin yadlaşması, milli şüurun unudulması  kimi təsvir olunur. Şeir boyunca bu kimi sözlər, ifadələr sosial yaddaşı diriltmək üçün funksionallaşır.
 
Kurteney struktur yanaşmada da dilin dinamikliyini vurğulayır. Bu şeirdə sintaktik quruluşlar — "birtəhər", "Onsuz da", "təkrar-təkrar" kimi təkrar formaları — həm stilistik, həm də psixoloji və sosial gərginliyin daşıyıcısıdır.
 
Sözümün canı odur ki, “Xalq şairi Sabir Rüstəmxanlıya açıq məktub” şeiri Kurteneyin dil nəzəriyyəsinin əsas müddəalarına cavab verir: Dil sosial travmaların və ictimai kimliyin ifadə vasitəsidir.  Şeirdə dil – milli yaddaş, emosional birlik və müqavimət vasitəsi kimi funksionaldır. Şeirin leksik, sintaktik və poetik quruluşu Kurteneyin funksional-dinamik yanaşmasına tam uyğun gəlir. Xalq şairinə həsr olunan bu şeir sadəcə poetik nümunə deyil, dilin sosial gücünü təcəssüm etdirən mətn kimi də Kurteney nəzəriyyəsi çərçivəsində oxucuya nəsə deyir.
 
Şeir, həm də bütövlük axtarışı və milli kimlik duyğusu kontekstində çağdaş Azərbaycan poeziyasında milli dərd və ədəbi vicdanın birləşdiyi poetik etiraf nümunəsidir. O, zamanın axarında unudulan dəyərləri, unudulan görüşləri, işğal olunan torpaqları (şükürlər olsun ki, torpaqlarımız qaytarıldı) və şairlərarası mənəvi parçalanmanı dilləndirir. Məncə bu, həm bir poetik məktub, həm də milli özünüdərkin arzuolunmaz təzahürüdür.
 
Şeirin əsas mövzusu – milli yaddaşın zəifləməsi, bütövlük ideyasının kölgədə qalması, şairlərin məsuliyyətindən yayınması və Güney Azərbaycanla ruhən uzaqlaşmadır.
 
Əsas ideya – xalqın və xüsusilə yaradıcı insanların öz tarixi kimliyinə, milli ağrılarına, torpaq itkisinə və parçalanmaya qarşı biganəliyininin tənqididir. Şeir, milli ruhlu şairlərimizin poeziyası ilə paralellik daşıyır. Şeirdəki üsyankar mövqe unudulmuş şüurun sarsıdılması cəhdidir.
 
Şeir post-sovet Azərbaycanının ədəbi və ictimai reallığına bir güzgüdür. Yaradıcı ziyalıların xalqla arasında uzaqlaşma, “tədbir adamı”na çevrilmə, əsl ədəbiyyatın ictimai gücünü itirməsi – şeirin əsas tənqid hədəfidir.
 
Bütövlük ideyası yalnız torpaq yox, daxili və mənəvi bütövlüyün də bərpasını tələb edir.
 
“Sabir Rüstəmxanlıya açıq məktub” – təkcə bir ünvanlı əsər deyil, ədəbi mühitə, bütövlük arzusuna, milli şüura çağırışdır. Çalışmışam ki, əsərdə şairin sadəcə söz adamı deyil, xalqın vicdanı, yaddaşı, tarix qarşısında məsul şəxs olduğunu xatırladım. İnanıram ki, illər əvvəl yazılan və  bir çoxlarının tanış olmadığı bu şeir həm forma, həm məzmun baxımından çağdaş poeziyada öz yerini tutacaq və ədəbiyyatşünaslıq baxımından sosial və milli kimlik problemlərinin poetik diskursda ifadəsi kimi dəyərləndiriləcəkdir. Fürsətdən istifadə edib əziz Sabir Rüstəmxanlını yubileyi münasibətilə təbrik edir və şeiri diqqətinizə çatdırıram:
 
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Təzələmək istəmirik
köhnə ağrı-acıları,
Təzələmək istəmirik
qaysaqlanmamış yaraları.
Yaralarımız da bitmir ki, bitmir.
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Göyərir Araz boyu həsrətimiz,
Göyərir Araz boyu dərdlərimiz, 
Sözümüzdən söz də göyərir,
Arzularımız göyərmir ki, göyərmir.
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Ağarır saç-saqqalımız,
Ağarır açdığımız cığır, iz.
Və günlərin bir günü
gözlərimiz də ağarır.
Təbrizə gedən yollar
ağarmır ki, ağarmır.
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Vaxtımız, macalımız hardaydı;
Başımızı elə qatıblar ki,
birtəhər yola veririk
illəri, ayları, günləri.
Birtəhər yola veririk xeyir, şəri.
Kefimiz birtəhər, halımız birtəhər.
Gülməyimiz birtəhər, ağlamağımız  birtəhər.
Birtəhər adamlarıq, birtəhər.
Elə bil  bir vaxtlar
         dünyaya meydan oxuyan
kişilərin övladları deyilik?
Nəticə çıxarmırıq 
zaman-zaman başımıza gələnlərdən.
Təkrar-təkrar yağışdan çıxıb yağmura düşürük.
Təkrar-təkrar palçığa batırıq.
Təkrar-təkrar torpaqlarımız bölünür.
O qədər unutqanlıyıq ki, 
get-gedə at belində Gündoğandan Günbatana 
vurub çıxan babalarımızın 
keçdiyi yolları belə yadırğayırıq.
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Hərəmiz öz hayımızda…
Şair dostlar inciməsin
Heç birimizdə  Xətai bütövlüyü çatışmır!
Onsuz da az-az görüşürük,
Onsuz da az-az hal-əhval tuturuq.
Qalmaq istəyirik dərdlərimizlə təkbaşına,
Dönmək istəyirik
uşaqlıq çağlarına.
Könlümüzdən Arazın suyunda
çimmək də keçir.
Ancaq hələ uzaq-uzaq şəhərlərə gedirik,
Ancaq hələ uzaq-uzaq ölkələri gəzirik.
Övladlarımıza birin ikiyə 
necə bölünməsindən danışırıq.
Çox zaman qürbətdə görüşürük
Cənublu bacı qardaşlarımızla...
 
Süleyman Əlisa
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər