“Dərsi azlar Ələsgərdən dərs alsın...”
Ədəbiyyat
2482
04 Jan 2024 | 13:45

“Dərsi azlar Ələsgərdən dərs alsın...”

Aşıq Ələsgərin vəfatından 90 ilə yaxın bir vaxt keçir. Göyçənin işğalından isə 27 il ötüb. Bu illəri elə-belə xatırlatmadım. Ələsgərin vəfatından min il də keçsə, aşıq sənəti və Azərbaycan xalqı yaşadıqca bu böyük el sənətkarı da xalqla birlikdə yaşayacaq, zəngin milli koloritli və tarixi-etnoqrafik cəhətdən misilsiz sənət inciləri Göyçəni Azərbaycan türklərinin məskəni və Azərbaycan saz-söz sənətinin tarixi mühiti kimi ölməz edəcəkdir. Aşığın indiyədək üzə çıxarılmış və çap olunmuş söz inciləri nəsildən-nəslə keçərək saz-söz sərraflarının ruhunu oxşayacaq, öz qüdrətli sehri ilə onları ovsunlayacaq, onun novator sənətkar yaradıcılığı folklor araşdırıcılarımızın daim diqqət mərkəzində olacaqdır. Yeni-yeni yanaşmalar bu sənət nəhəngi haqqında qiymətli fikirlərin meydana çıxmasına səbəb olacaqdır...
 
Bu yazımda illərdən bəri Aşıq Ələsgərin yaradıcılığındakı elmilik, savadlılıq haqqında düşüncələrimi bölüşmək fikrindəyəm.
 
Doğrudanmı, Aşıq Ələsgərin savadı olmayıb?
 
Məlumdur ki, şairin yaradıcılığı haqqında bu vaxtadək aparılmış bütün tədqiqatlar onun savadsız olması, “yazı-pozu bilməməsi” haqqında fikir formalaşdırmışdır. Lakin Aşıq Ələsgərin öz əsərləri həmin fikirləri təkzib etmək üçün ciddi fikirlər söyləməyə əsas verir və aşığın yaradıcılığından əlimizə gəlib çatmış nümunələr içərisində fikirlərimizi təsdiq edən kifayət qədər faktlar mövcuddur. Onun yaradıcılığından götürülmüş ayrı-ayrı misraları, beytləri və bəndləri təhlil etsək, deyilən mülahizələri isbat etməyə əlavə ehtiyac olmaz. Bizim üzərimizə düşən vəzifə odur ki, sənətkarın özünün söylədiyi həmin deyimləri ümumiləşdirməyə çalışaq və müəyyən qədər sistemləşdirərək folklor araşdırıcılarımıza təqdim edək. Yazını öhdəmə götürərkən məqsədim də məhz bu olmuşdur.
 
Əvvəlcə Ələsgərin dini savadı haqqında. Aşıq Ələsgərin doğulub böyüdüyü Göyçə mahalı və daha dəqiq desək, Ağkilsə kəndi o zamankı tipik türk -islam dindar mühiti olmuşdur. Azərbaycanda o zamanlar dünyəvi məktəblərin azlığı əksəriyyətə mollaxana təhsili səviyyəsində savadlanmağa imkan verirdi. Görünür, gələcək şair-aşıq da məhz ilkin mollaxana təhsili ilə kifayətlənməli olmuşdur. Aşığın həyatı haqqında məlumatlarda onun 14 yaşından Kərbəlayı Qurbana nökər durması haqqında fikir bütün mənbələrdə təsdiq olunur. Əsərlərindəki dərin dini fikirlər isə Ələsgərin məhz 7-14 yaşlarda dini biliklərə yiyələnməsini güman etməyə əsas verir. Bu əsərlərdə “Quran”dan götürülmüş ayrı-ayrı deyimlər, islam dininin müqəddəs şəxsiyyətlərinin həyat və fəaliyyəti haqqında mülahizələr və s. Aşıq Ələsgərin dini-ruhani savadının dərinliyini sübut edir. 
 
Fikirlərimizi təsdiq edən misra və bəndlər Aşıq Ələsgərin “Şərq-Qərb” nəşriyyatında 2004-cü ildə çap olunmuş “Əsərləri” adlı kitabından götürülmüşdür. Böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, həmin nəşrdə xeyli sayda təhriflərə də yol verilmişdir...
 
“Allahın adı ilə” adlı gəraylısında (Adı çəkilən kitabda bu şeirin janrı qoşma kimi göstərilmişdir!) ərəb əlifbasındakı 28 hərfin hər birinin maddi-mənasını, rəmzi-dini
məzmununu “Quran”a istinadən açıqlayır:
 
Ibtidada “Əlif”–Allah,
“Ve”– birliyə dəlalətdi,
“Te”–təkdi vahidi-yekta,
Arif bu elmə bələddi...
 
Bu yazıda nümunə gətirilmiş şeirləri axıradək yazıb hörmətli oxucularımızın vaxtını almaq istəmədik.Əgər məsləhətdirsə, qoy əlahəzrət oxucularımız özləri şeirlər haqqında söylədiklərimizlə birbaşa tanış olmaq üçün həmin şeirləri bir daha oxusunlar... “Peyğəmbərin meracı”, “Rənc ali-əba”, “İmamlar” kimi qoşmalarda da dərin dini fikirlər təsdiqini tapmışdır. Eyni zamanda burada onun öz elmi, biliyi, yazı-pozu savadı haqqında da müəyyən eyhamlar işlənmişdir:
 
Yazıq Ələsgərəm, azdı kamalım,
Vacibdi ki, bir ustaddan dərs alım,
Dərs aldım, öyrəndim, oldu öz malım,
Bizdən də ustada nəfi-rəhmətdi. (“Peyğəmbərin meracı”)
İbtida “əlif”dən dərsim almışam,
Ələst aləmində demişəm “bəli”.
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Məhəmməd, birisi Əli.
“Əlif”dən dərs aldım, eylədim əzbər,
Ərşin sütunudu, yerlərə ləngər,
Fatimeyi–Zəhra şafeyi-məşhər,
Onu seçdim gözəllərin gözəli.
Xaliqi-ləmyəzəl, vahid əl-yektay
Qüdrətindən kamal verib mənə pay.
Oxu “əlif”, “ğeyn”, eylə haqq-say,
Arif seçər əbcəd ilə cəm əli. ( “Rənc ali-əba”)
 
Altı bənddən ibarət “İmamlar” qoşmasında isə on iki imamın hər birinin adını çəkir və
islam aləmində xidmətlərini tərənnüm edir:
 
Bismillahir-rəhmanir-rəhim!”-deyib
Sidq ilə çağırram şahi-Heydəri.
Xişmə gəlib bir əlində götürdü
Səksən min batmanlıq dəri-Xeybəri.
Həsən əl-müctəba aləmə rəhbər,
Hüseyn şəhiddi şafeyi-məhşər,
İmam Zeynalabdın dilimdə əzbər,
Qoyma darda məni zəlilü müztər!..
 
Aşıq Ələsgər “Olmuşam” qoşmasına isə belə başlayır:
 
Ələstü birəbbiküm qalu bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına,
Elm tapıb, sinədəftər olmuşam.
 
Göründüyü kimi, aşıq dini elmə bələd olmasını və hətta “sinədəftər” olduğunu söyləyir,
bələd olduğu elmdən bəhs edir.
 
“Vardır” qoşmasında daha dərin mətləblərdən söz açır:
 
...Beş –Pənci-Ali-Əbadı, əzimü əziz,
On iki imam, çardəh məsum düzbədüz,
Yüz iyirmi dörd min peyğəmbərimiz,
Hər birinin ayrı məqamı vardır.
Altı min altı yüz altmış altı gül,
Yüz on dörd surədi “Quran”, yəqin bil,
Altmış nisbi, otuz cüzi müttəsil,
Doxsan min kəlmədə tamamı vardır...
 
Dini elmlər haqqında şeirlərdə ifadə olunmuş bu və ya digər fikirlərə də istinad edərək demək olar ki, aşıq sənətinin yeni, təkrarolunmaz nümunələrini yaradan Aşıq Ələsgərin şeirlərində islam dininin incəliklərinə qədər bələd olduğunu əks etdirən çoxlu qeydləri var. İslami istinadlar aşığın bütün yaradıcılığında öz təsdiqini tapmışdır. Onun müxtəlif janrlarda olan əsərlərində dinə dərindən bələd olan, iman nuruna bələnmiş bir haqq aşığının Tanrı sevgisi böyük coşqunluqla əks olunmuşdur.Bu kimi istinadlar çoxdur, burada yalnız bir qisminə toxunmaqla kifayətlənirik.Nəticə olaraq qətiyyətlə söyləmək olar ki, belə nümunələr aşığın ilkin ruhani təhsili olduğunu sübut edir.
 
Ələsgərin müəyyən səviyyədə təhsilli olması barədə ikinci fikrimiz də aşığın yaradıcılığında özünü göstərən şeirlərdən irəli gəlir. Onun elə şeirləri var ki, bunlarda
tərənnüm etdiyi qəhrəmanı, yaxud hadisəni təqdim edərkən bütövlükdə ad söyləmək və ya yazmaq əvəzinə, həmin adın bir neçə hərfini söyləyərək kimliyini bildirir. Gəlin diqqət edək:
 
Bir dili qurumuş “kaf”, “lam“, “sad” dedi,
Yandı, ürəyimin yağı töküldü.
Huş başımdan getdi, ağlım dağıldı,
Əlimdə istəkan sağı töküldü...(“Töküldü”, işarə olunmuş ad Gilasdır).
Qılma Ələsgəri məhrumi-didar,
Tərəhhüm et mənə bir busə, ey yar,
İsmin üç hərf ilə eylərəm aşkar:
Biri “kaf”dı, biri “lam“dı, biri “sad”. (“Bu dünyada üç şey başa bəladı”, işarə olunmuş ad
Gilasdır ).
İsmin üç hərflə eylərəm bəyan:
“Mim”di, “nun”du, “sin” yazılıb daldala...(“Daldala”, işarə olunmuş ad Sənəmdir).
İsmin üç hərifdi, ay çeşmi-xumar,
Biri “mim”di, biri “nun”du, biri “sin”,
Həsrətindən yüz min gizli dərdim var,
Kimsəm yoxdu, açam, deyəm birisin. (“Biri “sin””, işarə olunmuş ad Sənəmdir).
“Əlif”in hökmüylə, “cim” fərmanıyla,
Ara kəlmə-kəlmə, dağıt “əmmə”ni.
Vədəm tamamdırsa, gəl al canımı,
Qurtar bu düyündən, dağıdan məni.(“Dağıdan məni”, “əcəl” sözünə işarədir).
Ələsgərin xətti çıxdı çal indi,
“Hey”i “yey”ə, “dal”ı “rey”ə çal indi,
Hərcayının kəlləsindən çal indi,
Çal çəngəlin, çək ciyərin çataçat.(“ Çataçat”, “Heydər”(İmam Əlinin adlarından biri)
sözünə işarədir).
 
“Dörd kitab hər yana yolu göstərir” müstəzad-qoşmasında isə daha irəli gedərək yazır:
 
Qasım “qaf”nandı, Həsən “hey”nən,
Xeyir görməz ustadınan deyinən.
 
Əgər yazmaq-oxumaq bilmirdisə, İrəvanlı aşıq Xəstə Həsənin öz adına yazdırıb göndərdiyi qıfılbəndin müəllifinin Xəstə Qasım olduğunu necə müəyyənləşdirir və belə açıq-aydın düzəliş verirdi?
 
Belə misalların sayını xeyli artırmaq olar. Ancaq burada dayanırıq və ərəb əlifbasındakı bütün hərflərin aşığın yaradıcılığında işlənməsinə dair fikirlərimizi
Ələsgərin öz sözü ilə desək, “Vacibatda hürufatın sayı “lam” misrası ilə yekunlaşdırırıq (Əbcəd hesabı ilə hər bir hərfin maddi-mənasına uyğun olaraq “lam”-30 rəqəmini ifadə edir).
 
Bir qədər də Ələsgər yaradıcılığında “dərs” ifadəsinin işlənməsinə dair mülahizələrimizi təqdim edirik. “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars sözləri lüğəti”ndə göstərilir ki, dərs–ərəb sözü olub, təhsil, oxuma, öyrənmə mənalarını verir. Ümumən, Azərbaycan dilində bu söz həm yuxarıdakı mənada, həm də məcazlaşaraq “öyüd” mənasında işlənir. Aşığın yaradıcılığında da hər iki məna çalarında işlənməsinə rast gəlinir:
 
Kamil ovçu, ovun görcək sin, ayə,
Oxu dərsin əzəl başdan “sin” ayə...(“A yağa məni”)
...Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan verir.(“Verir”)
...Həqiqətdən dərs almışam,
Təriqətdən söz qanam,
Şahi-Mərdan sayəsində
Elm içində ümmanam... (“Endirir”)
Bir xoş günü əvəz min aya billəm,
Boyun nəqqaş çəkib minaya billəm,
Pirim dərsim verib, min ayə billəm,
Bir sözünə min söz deyim dəsbədəs,
Sən eylə həvəs (müstəzad-təcnis)
Kişi gərək zəhmət çəksin dər salsın,
Süfrə açsın ad qazansın, dər salsın,
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi (“A yəməndədi”)
Dərs almışam, oxumuşam hər ayə,
Bayram ayı demək olmaz hər aya...(“Daldala”)
Əlifdən dərs aldım, əbcəd oxudum,
Huş verdim, öyrəndim yazı “əmmə”ni...
 
Nəhayət, aşığın çoxsaylı əsərləri içərisində elə nümunələrə də rast gəlinir ki, bunlarda birbaşa yazmaq qabiliyyətindən söhbət gedir:
 
Ələsgərəm, cəm eylərəm dəftəri,
Mərdlərin adıdı dilim əzbəri...(“Ola bilməz”)
Oxudum, yetişdim mən bu hesaba,
Niyyəti ayrıdı, mənzili Kəbə...(“Olur”)
Xanım xələt bağışladı,
Ələsgər yazdı dəftərə...(“Pişik”)
Orucu çox bəyənmişəm,
Məhəbbətim var Qəfərə.
Qasımı mərdana gördüm,
Vəsfini yazdım dəftərə...(“Kimi”)
 
Aşığın “Olsun” rədifli qoşmasından aydın olur ki, Zod kəndinin mollası Molla Tağı Ələsgərin “Mollalar” rədifli şeirindən narazı qalıb aşığa məktub yazır. Ələsgər ona
doqquz bəndlik bir qoşma ilə cavab verir. Həmin şeirdən iki məqama toxunmağı vacib bilirəm. Əgər Ələsgər oxumaq bilmirdisə, yazının xoşagələn bir təəssürat doğurmasını nə ilə izah etmək olar? Qoşmanın iki bəndində “dərs almışam” və “dərs alan” bir adam kimi öz savadından, malik olduğu elmdən də fəxr hissi ilə bəhs edir:
 
Xoş xətt ilə xub yazıbsan yazını,
Haqq desən, eylərəm qəbul sözünü...
...Şirin ləhcə, xub yazıbsan kəlamı,
İnsaf məqamında “bəyənər” hamı...
 
Ustad Ələsgər haqqında yazımızı burada yekunlaşdırırıq. Lakin düşüncəmizi məşğul edən bir nigaranlığımızı da Ələsgərsevərlərlə bölüşürük: Kim bilir, Ələsgərin yazılı irsi, bəlkə, mənfur düşmənlərimizin əli ilə məhv edilib?! Bəlkə də, zamanın hansısa xoş saatında Aşıq Ələsgərin “cəm etdiyi dəftər” əlimizə keçdi və aşığa sovet ideologiyasının təpkisi ilə yapşıdırılmış “savadı olmayıb” hökmü tamamilə aradan qaldırıldı. Bu günsə “savadı olmayan” Aşıq Ələsgərin elə şeirləri və hətta misraları var ki, akademik səviyyə onun məna tutumunu tam açmağa qadir deyil...
 
Xülasə:
 
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığı həmişə folklorşünaslığımızın və aşıq sənəti pərəstişkarlarının diqqət mərkəzindədir. Bu
məqalədə ustad sənətkarın əsərlərinə istinad etməklə onun yaradıcılığının elmi əsasları haqqında fikirlərimizi ifadə etməyə çalışmışıq. Yazıda sənətkarın yaradıcılığından bəzi çıxarışlar edilməsi yolu ilə çalışmışıq ki, bu sahəyə digər tədqiqatçıların da diqqətini cəlb edək. Aşıq Ələsgərin irsinin tədqiqi, fikrimizcə, daim yeni fikirlər söyləməyə imkan verir. Ümid edirik ki, Ələsgərin yeni-yeni əsərləri tapılıb onu sevənlərə çatdırılacaqdır.
 
Hüseyn Şahbəndəyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər