"Kolumbiyalı model Vanessa Pulqarin ilk dəfə keçirilən "Miss Grand International All Stars" müsabiqəsində rəqiblərini geridə qoyaraq tac qazanıb..."
Dünya gözəllik müsabiqələri tarixində yeni səhifə açan "Miss Grand International All Stars 2026" yarışmasının qalibi müəyyənləşib.
Moderator.az xəbər verir ki, bu barədə "vietnam.vn" nəşri yazıb.
Yeni formatda keçirilən yarışma
Təcrübəli gözəllik kraliçalarının və beynəlxalq müsabiqələrdə uğur qazanmış iştirakçıların qatıldığı yarışmada Kolumbiyanı təmsil edən Vanessa Pulqarin birinci olub. Bu il ilk dəfə təşkil olunan "Miss Grand International All Stars" müsabiqəsi əvvəlki gözəllik yarışmalarından fərqlənir. Burada yalnız beynəlxalq səviyyədə təcrübə qazanmış keçmiş qaliblər və finalçılar iştirak edə bilirdilər.
Final mərhələsində 58 iştirakçı mübarizə aparıb. Müsabiqə bir neçə mərhələdən ibarət olub və iştirakçılar münsiflərin qiymətləri ilə yanaşı, tamaşaçıların səsverməsi əsasında da qiymətləndiriliblər. Nəticələrin şəffaflığı üçün hər mərhələdən sonra ballar ictimaiyyətə açıqlanıb.
"Mən bunun üçün doğulmuşam"
Finalda verilən suallardan birinə cavab verən Vanessa Pulqarin öz çıxışı ilə diqqət çəkib. O bildirib ki, uğurun əsas sirri insanın özünə inanmasıdır. Pulqarin vurğulayıb ki, qarşıya çıxan maneələrdən asılı olmayaraq insan məqsədindən əl çəkməməlidir.
Onun sözlərinə görə, iradə və intizam arzuları gerçəyə çevirməyin əsas şərtləridir. Münsiflər və izləyicilər xüsusilə onun səhnə davranışını, ünsiyyət bacarığını və özünəinamını yüksək qiymətləndiriblər.
Uzun illərin təcrübəsi nəticə verdi
34 yaşlı Vanessa Pulqarin Kolumbiyada tanınmış model və televiziya aparıcısı kimi fəaliyyət göstərir. Boyu 1,78 metr olan gözəllik kraliçası daha əvvəl də bir sıra nüfuzlu yarışmalarda iştirak edib.
O, 2017-ci ildə keçirilən Miss International müsabiqəsində çıxış edib, 2025-ci ildə isə "Miss Universe" yarışmasının ilk 12 iştirakçısı sırasına düşüb. "All Stars" müsabiqəsinin yarımfinal mərhələsində ən yüksək nəticə göstərən iştirakçı da məhz Pulqarin olmuşdu.
Gözəllik müsabiqələrini izləyən bir çox ekspertlər onun hələ finaldan əvvəl əsas favoritlərdən biri olduğunu bildirirdilər. Final gecəsində isə kolumbiyalı model bu proqnozları doğruldaraq ilk "Miss Grand International All Stars" titulunun sahibi olub.