Yer kürəsi ətrafında 33 mindən çox obyekt hərəkət edir
Dünya
199
01 Jun 2026 | 22:50

Yer kürəsi ətrafında 33 mindən çox obyekt hərəkət edir

Yer kürəsinin ətrafı antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer ətrafında izlənən 33 min 269 obyekt var. Onlardan 12 min 550-si kosmik tullantı kimi təsnif edilir.

Moderator.az Azərtac-a istinadən xəbər verir ki, orbitdəki süni obyektlərin ümumi kütləsi 15,8 min tonu ötür. Onların əksəriyyəti saatda 28 min kilometrədək sürətlə hərəkət etdiyindən, hətta kiçik fraqmentlər belə peyklərə ciddi ziyan vura və yeni qalıqların yaranmasına səbəb ola bilər.

May ayına olan vəziyyətə görə, fəaliyyət göstərən hər on peykə təxminən yeddi izlənən tullantı obyekti düşür. Obyektlərin ümumi sayının təxminən 17,7 mini peyklər və faydalı yüklərdən ibarətdir, qalan hissəni isə raket qalıqları, sıradan çıxmış aparatlar, həmçinin qəza və toqquşmalardan sonra yaranmış fraqmentlər təşkil edir.

Mütəxəssislər “Kessler sindromu” riski barədə də xəbərdarlıq edirlər. Bu halda toqquşmalar yeni qalıqlar yaradır və nəticədə orbitin çirklənməsi zəncirvari xarakter alır.

Ən böyük tullantı mənbələri 2007-ci ildə Çinin peykəleyhinə silahının sınağı və 2009-cu ildə “Iridium 33” peykinin Rusiyanın “Kosmos-2251” aparatı ilə toqquşması olaraq qalır.

Alimlər peyk rabitəsi, naviqasiya və kosmik uçuşlar üçün təhlükələrlə yanaşı, ekoloji nəticələrə də diqqət yetirirlər. Orbitdən çıxan obyektlər atmosferdə yanarkən alüminium, mis, litium və digər materiallar ayrılır. Onların hissəcikləri atmosferin yuxarı qatlarında kimyəvi proseslərə və ozon qatının vəziyyətinə təsir göstərə bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər