Dünya
200
22:05, Bu gün

"Mərkəzi Asiyada dinə nəzarət güclənir: İslam dövlətlərin diqqət mərkəzindədir" - "Deutsche Welle"

"Qurban bayramı fonunda Mərkəzi Asiya ölkələrində dini siyasət daha sərt nəzarət mexanizmləri ilə müşayiət olunur..."

2026-cı ildə 27-29 may tarixlərində qeyd olunan Qurban bayramı Mərkəzi Asiya ölkələrində geniş şəkildə keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Qurban bayramı və dövlət nəzarəti

Nəşr qeyd edir ki, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda islam əsas din olaraq qalır. Lakin dini mərasimlərin geniş keçirilməsi ilə yanaşı, dövlətlərin dini sahəyə nəzarəti də güclənir.

Qırğızıstanda prezident Sadır Japarov bayram namazında iştirak edib, Türkmənistanda isə Qurban bayramı günləri rəsmi istirahət elan olunub. Özbəkistanda prezident Şavkat Mirziyoyev "Prezident hociləri" proqramı çərçivəsində 100 nəfərin həccə göndərildiyini açıqlayıb. Qazaxıstanda isə ilk dəfə qurban kəsmə prosesi onlayn sistem üzərindən həyata keçirilib.

Dini azadlıqlarla bağlı narahatlıqlar

ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2026-cı il hesabatında Qazaxıstan, Qırğızıstan və Özbəkistan xüsusi nəzarət siyahısına daxil edilib, Tacikistan və Türkmənistan isə "xüsusi narahatlıq doğuran ölkələr" adlandırılıb.

Tacikistanda "milli mədəniyyətə yad geyimlərə" qarşı kampaniyalar aparılır, hicab və ərəb üslublu geyimlərin satışına məhdudiyyətlər tətbiq olunur. Türkmənistanda isə imamların dövlət nəzarəti altında fəaliyyət göstərdiyi və "rəsmi islamdan kənar" dindarlar barədə məlumat toplandığı bildirilir. Hər iki ölkədə "ekstremizm" ittihamı ilə dindarların həbs edilməsi halları da qeyd olunur.

Din təhlükə kimi qəbul edilir

Qırğızıstanlı politoloq Narsis Şukuraliyevanın fikrincə, region hakimiyyətləri islamı potensial təhlükə və ictimai səfərbərlik vasitəsi kimi görür. Bu səbəbdən həm dini, həm də vətəndaş azadlıqlarının gələcəkdə daha da məhdudlaşdırılacağı ehtimal olunur. Ekspert qeyd edir ki, regionda ən sərt idarəçilik Türkmənistanda müşahidə olunur. 

Özbəkistanda isə əvvəlki yumşalmaya baxmayaraq, son illərdə dini məhdudiyyətlər yenidən güclənib. Üzü örtən geyimlər və şəxsin tanınmasına mane olan saqqal formaları qadağan edilib. Politoloq Əlişər İlhamov hesab edir ki, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi region dövlətlərinin dini siyasətinə ciddi təsir göstərib və nəzarətin sərtləşməsinə səbəb olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər