ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
Dünya
197
28 May 2026 | 23:27

ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır

ABŞ Keniyada Ebola virusuna yoluxma şübhəsi olan amerikalı vətəndaşlar üçün xüsusi karantin mərkəzi yaradır.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, xəstəlik əlamətləri üzə çıxan şəxslər ABŞ-yə aparılmayacaq. Zərurət yarandıqda onların üçüncü ölkələrə təxliyəsi təşkil ediləcək.

Keniyadakı obyekt virusla təmasda olmuş, lakin hələ əlamətləri olmayan yüksək riskli qrupa daxil amerikalılar üçün nəzərdə tutulub. Mərkəz cümə günü fəaliyyətə başlayacaq və ilk mərhələdə 50 nəfərlik olacaq. Gələcəkdə orada biokonteyner və təcrid bloklarının qurulması planlaşdırılır.

Qərar hələlik təsdiqlənmiş peyvəndi və spesifik müalicəsi olmayan "Bundibugyo" ştammının yayılması fonunda qəbul edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. İlkin məlumatlara görə, 900-dən çox şübhəli yoluxma halı və 200-dən çox ehtimal olunan ölüm qeydə alınıb.

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Ebola hadisələrinin ABŞ ərazisinə daxil olmasına imkan verməyəcəyini bəyan edib. Keçən həftə Amerikada son 21 gün ərzində Konqo, Uqanda və ya Cənubi Sudanı ziyarət etmiş şəxslər üçün giriş məhdudiyyətləri tətbiq olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər