ABŞ və İrandan olan danışıqçılar 60 günlük atəşkəs və nüvə proqramı üzrə danışıqların başladılması haqqında memorandum barədə razılığa gəliblər, lakin ABŞ Prezidenti Donald Tramp hələlik bunu yekun olaraq təsdiqləməyib.
Moderator.az bu barədə "Axios" portalına istinadən xəbər verir.
Amerikalı məmurların sözlərinə görə, memorandum Hörmüz boğazından "məhdudiyyətsiz" keçidi - İran qüvvələri tərəfindən gəmilərin saxlanılmaması və rüsum tətbiq edilməməsini nəzərdə tutur. Həmçinin Tehran 30 gün ərzində boğazdakı bütün minaları təmizləməli olacaq. ABŞ isə, öz tərəfindən, boğazın hərbi-dəniz blokadasını ləğv edəcək və bu proses "kommersiya gəmiçiliyinin bərpasına mütənasib şəkildə" baş verəcək.
"Axios"un məlumatına görə, sənəd İranın nüvə silahı hazırlamamaq öhdəliyini də əhatə edəcək. Mənbələr bildiriblər ki, yüksək səviyyədə zənginləşdirilmiş uranın utilizasiyası danışıqların ilk mövzularından biri olacaq.
Portal yazır ki, ABŞ İrana qarşı sanksiyaların yumşaldılmasını, dondurulmuş vəsaitlərin blokdan çıxarılmasını, eləcə də iranlıların mal və humanitar yardım almağa başlamasına imkan verəcək mexanizmi müzakirə etməyə razıdır.
"Prezident vasitəçilərə bu barədə düşünmək üçün bir neçə günə ehtiyacı olduğunu çatdırıb", - deyə amerikalı məmur bildirib.
Məlumata görə, saziş layihəsi mayın 26-da razılaşdırılıb, lakin hər iki tərəf ali rəhbərliyin razılığını almalı olub.
"Amerikalı rəsmilər iddia edirdilər ki, İran təmsilçiləri daha sonra razılıq aldıqlarını və imzalanmaya hazır olduqlarını bəyan ediblər. İran isə bunu təsdiqləmir", - deyə "Axios" yazır.