Bizi sosial şəbəkələrdən izləyin:
"İranla ABŞ arasında yekun sülh sazişinin imzalanmasına hələ çox vaxt qalsa da, tərəflər əksər məsələlər üzrə ortaq məxrəcə gələ biliblər".
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqainin açıqlamasına istinadən məlumat yayıb.
"Müzakirə olunan məsələlərin böyük qismində razılığın əldə edilməsi həqiqətdir, lakin heç kim bunun yaxın zamanda atəşkəsin imzalanacağı mənasına gəldiyini iddia edə bilməz", - deyə o bildirib.
Bəqainin sözlərinə görə, Birləşmiş Ştatların mövqeyini tez-tez dəyişməsi danışıqların gedişatına maneə yaradır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.