"TikTok" və "YouTube" platformalarının əsaslı dəyişikliklər etməkdən boyun qaçırması səbəbindən oradakı kontent uşaqlar üçün təhlükəsiz hesab edilmir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Ofcom" rabitə tənzimləyicisinin hesabatında bildirilib.
Qeyd olunub ki, daha əvvəl "Ofcom" dünyanın beş aparıcı sosial şəbəkəsinə - "Meta" ("Facebook", "Instagram"), "Roblox", "Snap" ("Snapchat"), "TikTok" və "YouTube"a müraciət edərək, aprel ayınadək uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atmağı tələb etmişdi.
Alqoritmlərinin uşaqlara hələ də zərərli məzmun təklif etməsi səbəbindən "TikTok" və "YouTube" tam təhlükəsiz sayılmayıb. Bununla yanaşı, "Meta", "Roblox" və "Snap" platformaları yeni mühafizə alətlərini tətbiq etməyə razılıq veriblər.
Hesabatda yer alan sorğunun nəticələrinə görə, 11-17 yaş qrupunda olan hər 10 yeniyetmədən 7-si potensial təhlükəli və ya qorxuducu materiallarla rastlaşdığını qeyd edir. Bu cür kontentlə üzləşən uşaqların sadəcə 15 faizi gördükləri barədə böyüklərə məlumat verir.
Sorğu iştirakçılarının 51 faizi yaşın təsdiqlənməsi üçün fotoşəkil, şəxsiyyət vəsiqəsi və ya pasport tələb edən proseslərlə qarşılaşdıqlarını bildirib.