"Putin və Si Tszinpin çoxqütblü dünya modeli üçün əsas prinsipləri açıqlayıb..."
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tszinpin Pekində keçirilən görüş zamanı "yeni dünya nizamı"nın formalaşdırılması ilə bağlı birgə bəyannamə imzalayıblar.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Yeni dünya nizamı ilə bağlı birgə bəyanat
Kremlin yaydığı məlumata görə, Moskva və Pekin özlərini qlobal sabitliyə töhfə verən əsas qüvvələr kimi təqdim edib və daha "ədalətli beynəlxalq sistem" qurmaq niyyətlərini bəyan ediblər.
Sənəddə qeyd olunub ki, dünya artıq uzunmüddətli çoxqütblü mərhələyə daxil olub. Bəyannamədə Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinin beynəlxalq təsirinin artdığı vurğulanıb.
ABŞ-yə eyhamlar və "hegemonluq" tənqidi
Birgə bəyanatda bəzi dövlətlərin dünya siyasətinə təkbaşına nəzarət etmək cəhdlərinin uğursuzluğa düçar olduğu bildirilib. Ad çəkilməsə də, bu fikirlərin əsasən ABŞ-yə yönəldiyi qeyd olunur.
Moskva və Pekin "hegemonluq", "blok qarşıdurması", "hibrid müharibələr" və digər ölkələrin inkişaf imkanlarının məhdudlaşdırılması kimi meylləri tənqid ediblər. Tərəflər hərbi alyansların genişlənməsinə də qarşı olduqlarını bəyan ediblər.
Hansı prinsiplər vurğulanıb?
Rusiya və Çin yeni dünya nizamının hansı prinsiplər üzərində qurulmalı olduğu ilə bağlı da mövqelərini açıqlayıblar. Birgə bəyannamədə aşağıdakı məqamlar xüsusi vurğulanıb:
- bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi;
- ölkələr arasında bərabərhüquqlu, qarşılıqlı faydalı və hörmətə əsaslanan münasibətlərin qurulması;
- hər bir dövlətin öz inkişaf modelini və siyasi yolunu sərbəst seçmək hüququnun tanınması;
- beynəlxalq problemlərin həllində birtərəfli yanaşmalara, təzyiq siyasətinə və hegemonluğa yol verilməməsi;
- təhlükəsizlik məsələlərində bütün ölkələrin "qanuni narahatlıqlarının" nəzərə alınması;
- hərbi alyansların genişlənməsinə, "hibrid müharibələrə" və vasitəçi qüvvələr üzərindən aparılan münaqişələrə qarşı çıxılması;
- fikir ayrılıqları və mübahisələrin sülh yolu ilə həll olunması;
- dövlətlərin xarici tərəfdaşlarını və beynəlxalq əməkdaşlıq formatlarını sərbəst seçmək hüququnun qorunması.
Bəyannamədə həmçinin qeyd olunub ki, heç bir dövlət və ya dövlətlər qrupu beynəlxalq münasibətlər sisteminə nəzarət etməməli, digər ölkələrin taleyini müəyyənləşdirməməli və inkişaf imkanlarını monopoliyaya almamalıdır.
Ukrayna yox, Yaxın Şərq müzakirə edilib
Görüş zamanı Si Tszinpin Yaxın Şərqdə müharibənin dayandırılmasının "son dərəcə vacib" olduğunu bildirib. Çin lideri regionda vəziyyətin tədricən müharibədən sülh mərhələsinə keçdiyini qeyd edib və Pekinin daha əvvəl təqdim etdiyi dörd bəndlik sülh təşəbbüsünü xatırladıb. Bununla belə, görüşdə Ukraynadakı müharibə ilə bağlı açıq çağırışlar səsləndirilməyib. Tərəflər Ukraynanın suverenliyi və ya beynəlxalq hüququn pozulması barədə ayrıca bəyanat verməyiblər.
"Sibirin gücü - 2" layihəsində razılıq yoxdur
Danışıqlar zamanı Rusiyanın uzun müddətdir irəli sürdüyü "Sibirin gücü - 2" qaz kəməri layihəsi də müzakirə olunub. Lakin tərəflər layihə üzrə yekun razılığa gələ bilməyiblər. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, əsas parametrlərlə bağlı ümumi anlaşma əldə olunsa da, marşrut, tikinti müddəti və digər texniki detallarla bağlı iş davam edir.
Layihənin ildə 50 milyard kubmetr qaz nəql etməsi nəzərdə tutulur. Boru kəmərinin Qərbi Sibirdən Monqolustan üzərindən Çinə uzanması planlaşdırılır. Moskva üçün layihə xüsusi strateji əhəmiyyət daşıyır. Çünki söhbət əvvəllər Avropaya qaz ixrac edən yataqlardan Çinə tədarükün yönləndirilməsindən gedir. Bununla yanaşı, Pekinin layihəyə marağının hələ də ehtiyatlı olduğu qeyd edilir.
Hərbi əməkdaşlıq genişlənəcək
Sammitin yekununda Rusiya və Çin ümumilikdə 40-a yaxın sənəd imzalayıb. Bunlar arasında strateji tərəfdaşlığın gücləndirilməsi, enerji əməkdaşlığı və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması da var.
Tərəflər birgə hərbi təlimlərin miqyasını genişləndirmək barədə də razılığa gəliblər. Birgə bəyanatda bildirilib ki, Moskva və Pekin hava və dəniz patrullarını davam etdirəcək, silahlı qüvvələr arasında qarşılıqlı etimadı gücləndirəcək və regional təhlükəsizlik məsələlərində koordinasiyanı artıracaqlar.